"İnteqrə edilmiş sərhəd idarəçiliyi"
Dünən "Hyatt Reycens" otelində Avropa Birliyinin maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının icra etdiyi "Cənubi Qafqaz ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək" layihəsi Azərbaycan hökuməti ilə birgə cari ilin sentyabr ayından rəsmi fəaliyyətə başlamış yeni proqramının təqdimat mərasimi keçirildi.
Tədbirdə "Cənubi Qafqaz ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək" proqramının Azərbaycan üzrə meneceri Məzahir Əfəndiyev çıxış edərək, ölkə sərhədlərinin daha şəffaf və daha aydın bir formada qorunduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan hökuməti öz sərhədlərinin təhlükəsizliyini təmin etmə prinsipində beynəlxalq təcrübədən də yararlanaraq, daha vacib metodlardan istifadə edir. Ölkəmizdə sərhəd idarəçiliyi sahəsində görülən işlərdən bəhs edən M.Əfəndiyev sərhədlərimizin, tam təhlükəsiz şəraitdə qorunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Məhz bu layihənin də əsas prinsipini beynəlxalq təcrübə ilə yerli təcrübənin qarşılıqlı şəkildə sintezini yaratmaqdan ibarət olduğunu bildirən M.Əfəndiyev dövlət sərhəd xidmətinin Azərbaycanın sərhəd təhlükəsizliyinə dair həyata keçirdiyi işlərdən də bəhs etdi.
BMT-nin Azərbaycanda rezident əlaqələndiricisinin müavini Bahadur Ehsan da çıxış edərək, həyata keçiriləcək bu layihənin və bu prosesdə iştirak edəcək hər bir ölkənin qazanacağı böyük təcrübədən bəhs etdi. Bildirdi ki, "İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi" konsepsiyasının öyrənilməsində bu layihədə iştirak edən dövlətlər böyük fəallıq göstərərək, bu cür layihələrin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.
Dövlət Sərhəd Xidmətinin rəis müavini general-mayor Fərhad Tağızadə də reallaşacaq bu layihənin əhəmiyyətindən onun ölkəmiz üçün yeni-yeni təcrübələr açacağından bəhs etdi. Bildirdi ki, Azərbaycanın lİpək Yolu" tranziti dəhlizindəki strateji mövqeyi və regiondakı hərtərəfli liderliyi, habelə, Avropa Birliyinə inteqrasiyası sərhədlərin idarə olunmasını önəmli məsələyə çevirib. lSon 10 ildə Azərbaycan sərhədlərinin səmərəli və etibarlı şəkildə idarə edilməsi, təhlükəsizlik və müstəqillik kimi sahələri də daha da möhkəmləndirmişdir" deyən F.Tağızadə Azərbaycan hökuməti Avropa Birliyi və digər nüfuzlu beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edərək, Avropa Birliyinin üzv olan dövlətlərindən "İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi" konsepsiyasının ölkəmizdə də öyrənilməsinin xüsusi əhəmiyyətə malik olduğunu bildirdi. Qeyd etdi ki, bu layihənin həyata keçirilməsində əsas məqsəd sərhədlərin idarə olunması sahəsində milli qurumlararası əməkdaşlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir. F.Tağızadə qonşu sərhəd ölkələri ilə, (Ermənistan istisna olmaqla) habelə, Avropa Birliyinə üzv olan dövlətlər və digər beynəlxalq müvafiq təşkilatlarla ikitərəfli və regional əməkdaşlıq səviyyəsinin artırılmasının da vacibliyini də söylədi. "Sərhədlərin təhlükəsizliyinin təmin edilməsi və strateji potensialın inkişaf etdirilməsi sərhədlərdə "İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi" konsepsiyası əsasında pilot proqramların həyata keçirilməsi və üstünlüklərin nümayiş etdirilməsi də vacib prinsiplərə əsaslanır. "Cənubi Qafqaz da İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək" layihəsinin 2012-ci ilə qədər davam edəcəyi də layihədə əksini tapmışdır."
Tədbirdə iştirak edən digər xarici və yerli qonaqlar da layihənin əhəmiyyətindən bəhs edərək, Qafqaz ölkələri üçün bu cür konsepsiyaların xüsusi əhəmiyyətindən bəhs etdilər.