PDF Oxu

Əsas

  • 20

Azad və demokratik seçkilərə doğru

Azad və demokratik seçkilərə doğru

(Əvvəli ötən saylarımızda)

Əvvəlcədən xəbər verildiyi kimi, "Səs" qəzeti 7 noyabr parlament seçkiləri ilə əlaqədar olaraq, deputatlığa namizədlər arasında ödənişli dəyirmi masalar keçirir. Ötən gün belə dəyirmi masalardan biri qəzetin konfrans zalında baş tutub.
Dəyirmi masada Yeni Azərbaycan Partiyası tərəfindən 17 saylı Yasamal seçki dairəsindən namizədliyi irəli sürülmüş Samirə Quliyeva, Vəhdət Partiyası tərəfindən 85 saylı Şamaxı seçki dairəsindən namizədliyi irəli sürülmüş Tahir Kərimli, "İslahat" seçki blokunun 34 saylı Xətai 2-ci seçki dairəsindən namizədliyi irəli sürülmüş Teyyub Əliyev, "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimov, müstəqil olaraq 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən namizədliyi irəli sürülmüş Vüqar Bayramov iştirak edirdi.
Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin şöbə müdiri İlham Əliyev ölkəmizdə demokratik və şəffaf seçki prinsiplərindən bəhs etdi. Bildirdi ki, artıq noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat və təşviqat kampaniyası böyük uğurla davam etdirilir. Bu dəyirmi masa da namizədliyi irəli sürülən şəxslərin öz seçki platformalarını açıqlamaları baxımından "Səs" qəzetinin yaratdığı növbəti imkanlardandır. Şöbə müdiri parlament seçkilərində namizədliyi irəli sürülmüş şəxslərin seçki ilə bağlı müzakirələr qurmasının vacibliyini diqqətə çatdırdı.

Vüqar Bayramov:

- Təhsilim imkan verir ki, ölkə daxilində və xaricində seçicilərimin problemlərini düzgün qiymətləndirim, dairəmizdə olan iqtisadi və sosial problemlərin həllinə yardım edim və ölkədə aparılan iqtisadi siyasətə dəstək verim. Parlament seçkilərinə qatılmağımın əsas məqsədi iqtisadi islahatlara dəstək vermək istəyi ilə bağlıdır. Konkret platforma ilə seçicilərin görüşünə gedirəm və çox sevindirici haldır ki, məmnuniyyətlə seçicilər görüşlərə gəlirlər və öz problemlərini mənimlə bölüşməyə çalışırlar. Platformam iqtisadi platformadı və əsas məğzi iqtisadi islahatlara dəstək verməkdir. Platformamda, bütövlükdə, Azərbaycanda keçirilən iqtisadi inkişafa dəstək vermək və ölkəmizin daha da inkişaf etməsini təmin etmək üçün konkret təklif və mexanizm irəli sürülübdür. Həmçinin, platformamda ünvanlı sosial yardım proqramının təkmilləşməsi və yeni mexanizmlərin tətbiqi ilə bağlı təkliflər paketləri də yer alıb və orada qeyd olunur ki, müəyyən seçicilər mənə etimad göstərərlərsə və parlamentdə təmsil olunaramsa, ünvanlı sosial yardım proqramının təkmilləşməsi istiqamətində konkret mexanizmlər təklif edəcəm. Ünvanlı sosial yardım proqramı Azərbaycanda həyata keçirilən böyük sosial proqramdır. Amma təəssüf ki, ünvanlı sosial proqramın həyata keçirilməsi ilə bağlı xüsusən yerli, aşağı səviyyədə xeyli qüsurlar var və ünvanlı sosial yardımın verilməsi mexanizminin təkmilləşməsinə ehtiyac var. Bu baxımdan parlamentdə seçiləcəyim halda, ünvanlı sosial yardım proqramının təkmilləşməsi, ünvanlı sosial yardımın verilməsi, şəffaflığın artırılması məsələlərini müzakirəyə gətirəcəm. Namizədi olduğum dairə Ağcabədi-Füzuli dairəsidir və bu dairədə olan seçicilərin təxminən 50%-i Ağcabədi rayonunda yaşayır, digərləri isə Füzuli rayonundan olan Bakı şəhərində məskunlaşan məcburi köçkünlərdir. Bu seçicilərin problemləri fərqlidir. Bu baxımdan platformamda həm Füzulidən, həm də Ağcabədidən olan seçicilərimin iqtisadi və sosial problemlərinin həlli istiqamətində konkret təkliflər irəli sürülür. Bakıda keçirdiyim görüşlərdə məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmış seçicilərlə apardığım görüşlərdə əsas problem mənzil problemidir. Həmin insanların əksəriyyəti Bakıda yataqxanalarda və ictimai binalarda məskunlaşıblar. Abşeron rayonunda yeni yaradılacaq şəhərciyin salınması və Füzulidən olan Bakı şəhərində məskunlaşmış məcburi köçkünlərin həmin şəhərciyə köçməsi ilə bağlı xüsusi bir plan var. Parlamentə seçiləcəyim təqdirdə, məhz həmin şəhərciyin salınmasının iqtisadi və maliyyə əsaslandırmasını aparacam və həmin şəhərciyin salınmasını layihələşdirərək parlament vasitəsilə ölkə başçısına təqdim edəcəm ki, layihənin reallaşması mümkün olsun. Apardığım tədqiqatlar və hesabatlar göstərir ki, məcburi köçkünlər üçün həmin şəhərciyin salınması iqtisadi baxımdan da çox əlverişlidir. Çünki artıq yataqxanalar sökülməyə başlayır və yerində böyük binaların tikilməsinə başlanılacaq. Dünyanın müxtəlif ölkələrində keçirilən konfranslarda və simpoziumlarda spiker kimi iştirak etmişəm. Bütün bunlar mənə imkan verir ki, əgər şəhərciyin salınması mümkün olursa, həmin şəhərciyin yalnız dövlət büdcəsi hesabına maliyyələşdirilməsini həyata keçirəm. Məhz ölkədən, eləcə də, dövlət büdcəsindən kənarda olan maliyyə mənbələrini , o cümlədən, qrantlar, yardımlar cəlb edərək şəhərciyin salınmasını həyata keçirmək lazımdır. Bu isə məcburi köçkünlərin mənzil probleminin həll olunmasına gətirib çıxara bilər. Digər məqam sovet banklarında olan əmanətlərin qaytarılması ilə bağlı məhz mexanizm və layihələrin hazırlanması platformamda öz əksini tapıb. Artıq hökumətə sovet banklarında olan əmanətlərin elektronlaşması ilə bağlı təkliflər paketi ünvanlamışam və nəzərə alsaq ki, əmanətlərin qaytarılmamasının əsas problemlərindən biri əmanət kitabçalarının təhlükəsizlik kodlarının olmaması ilə bağlıdır ki, saxta əmanət kitabçalarının hazırlanması ehtimalları və riski böyükdür.

"Səs" qəzetinin əməkdaşı:
- Samirə xanım, burada seçki prosesi ilə bağlı səslənən fikirlərə münasibətiniz necədir?

Samirə Quliyeva:

- Mən, ilk növbədə, qeyd etmək istəyirəm ki, YAP-ın namizədlərinin qeydə alınması ilə bağlı fikirlər səsləndi ki, YAP namizədləri çoxluq təşkil edir. Demək istəyirəm ki, regionda elə bir partiya göstərin ki, onun yarım milyon üzvü olsun, irəli sürdüyü namizədlərin hər birini insanlar tanısın, hörmət etsin və dəstəkləsin, partiya öz namizədlərini cəmiyyətə təqdim olunmasında maraqlı olsun. YAP-ın namizədi kimi təbliğat-təşviqat prosesində məhələ-məhələ hər bir ailəni gəzirəm ki, insanlar məni tanısınlar və tanıdıqlarına görə ya səs versinlər, ya da başqa birini dəstəkləsinlər, amma yaxşı olardı ki, dəstəklədikləri namizədin cəmiyyətdə böyük nüfuzu və hörməti olsun. Təhsil işçisiyəm və təhsillə bağlı bir məsələni qeyd etmək istəyirəm ki, təhsildə gedən islahatların birbaşa iştirakçısıyam. XXI əsr təhsil əsri elan olunub. Bu gün dünyada Azərbaycan informasiya və telekommunikasiya texnologiyalarının tətbiqinə görə ən qabaqcıl ölkədir. Bu, Azərbaycan təhsilinin gələcəyindən, gənclərin savadlı, təhsilli yetişəcəklərindən xəbər verir. Bu gün Azərbaycan təhsilində distanq təhsilə keçid var. Bu layihə tədricən tətbiq olunmağa başladı. Çünki hər bir yeni layihəni tətbiq edərkən, müəyyən çətinliklər yaranır və bu çətinlikləri, ortaya çıxan nöqsanları aradan qaldırmaq üçün işlər həyata keçirilir. Çox qiymətləndirirəm ki, gənclərin bilikləri elektron vasitəsilə dəyərləndirilir. Azərbaycan gənclərini ən çox düşündürən təhsildə olan şəffaflıqdır. Digər tərəfdən iş yerlərinin açılması ilə bağlı münasibətimi bildirmək istəyirəm. Son 7 ildə 900 mindən artıq yeni iş yerləri açılıb. Bunların da, 600 mini regionların payına düşür.
Ümumiyyətlə, ölkəmizdə iqtisadiyyatın gücləndirilməsi və yeni tikinti layihələrinin həyata keçirilməsi, bir neçə zavodun tikintisinin başlanması və gələcəkdə bu cür müəssisələrin tikintisinin çoxaldılması davam etdiriləcək. YAP-ın yeganə platforması var: "Güclü dövlət, yüksək rifah". Ölkəmizdə aparılan siyasət, yeni- yeni layihələr Azərbaycan iqtisadiyyatının neft potensialından insan potensialına keçirilməsindən xəbər verir. hər bir dövlətin güclü olması üçün güclü iqtisadiyyatı və güclü təhsili olmalıdır. YAP-ın bu şüarı hər zaman özünü doğruldacaq və hər bir insanın həyatında öz əksini tapacaq.

"Səs" qəzetinin əməkdaşı:

- Sizcə, populist çıxışlarla, yalan vədlərlə seçici diqqətini cəlb etmək mümkündür?

Nuhəli Kərimov:

- Təbii ki, hər kəsin düşüncəsi müxalifətin düşüncəsi ilə eyni ola bilməz. Cənab Prezidentimiz İlham Əliyev qeyd edir ki, ən böyük siyasətimiz gördüyümüz işlərdir. Yeni Azərbaycan Partiyasının Sədri cənab Prezident İlham Əliyev və partiyanın üzvlərinin hər biri ayrı-ayrılıqda çalışır ki, dövlətimizin, partiyamızın siyasətinin imicini qaldırmaq üçün bütün imkanlarından var gücü ilə istifadə etsin. Dövlətə rəhbərlik etmək istəyən bir çox insanlar heç öz ailəsinə rəhbərlik edə bilmir. Ölkə başçımız cinayətkarlarla, rüşvətxorlarla, korrupsiyaya meyil edən, vətənə, dövlətə qarşı çıxan insanlarla mübarizə aparır. Hər bir azərbaycanlı, öz növbəsində, bu mübarizəni qiymətləndirməlidir. Real fikirlə razılaşan bir insanam. Sabitlik olan yerdə inkişaf var. Ulu Öndər Heydər Əliyev hər zaman çıxışlarında qeyd edib ki, hər birimiz istər müxalifət, istər iqtidar olsun, böyük nailiyyətləri görməliyik və kiçik qüsurların, maneələrin üzərində söhbətimizi qurmalıyıq ki, bu nöqsanlar aradan götürülsün. Bu gün dövlətimiz dünya səviyyəsində sivil dövlətlər sırasında gedir.
"Azadlıq" qəzetinin əməkdaşı heç öz kəndində kifayət qədər səs toplaya bilmədi. Belə olan halda isə, bu cür insanlar öz imkanlarını, səlahiyyətlərini, cəmiyyətdə olan nüfuzlarını itirirlər və cəmiyyətə boş-boş vədlər söz, verirlər. Akademik Cəlal Əliyevə ona görə müraciət edirik ki, nüfuzlu insan, böyük şəxsiyyət, siyasi xadim və cəmiyyətdə söz sahibidir. Bütün bu uğurlarına görə, hər birimiz akademik Cəlal Əliyevi dəstəkləməliyik. Bununla yanaşı, dövlət başçımızın verdiyi fərmanlardan, qərarlardan, düzgün mövqeyindən hər birimiz yararlanırıq. Cənab Prezidentimiz nə edibsə, hamısı ümumxalq marağına xidmət edibdir. Bunun müqabilində cənab Prezidentimizin bizlərdən istədiyi tək şey Ona qarşı ədalətli mövqeyimizin olmasıdır. Əgər bir çox insanlar görülən işləri qiymətləndirməyi bacarmırsa, artıq bu paxıllıqdan, hakimiyyətə olan qərəzlilikdən xəbər verir.

Teyyub Əliyev:

- Hansı bir millət vəkili deyə bilər ki, bəzi istisnalar olmaqla, seçicisinin tələblərini müxtəlif səviyyələrə çatdırır və həmin səviyyədə seçicinin tələbləri həll olunur. İcra strukturları millət vəkillərinin sorğusuna ona görə cavab vermirlər ki, millət vəkilindən asılı deyildir. Hər zaman seçicilərlə görüşlərimdə millət vəkilini yol çəkən , körpü salan olmadığını bildirirəm. Ona görə də, hesab edirəm ki, millət vəkillərinin səlahiyyətlərinin artırılması istiqamətində ciddi düşünmək lazımdır. Seçki platformamızın əsas qayəsi budur: Milli Məclisin və millət vəkillərinin səlahiyyətləri artırılsın. Ən çox diqqət yetirdiyim məqam informasiya islahatları sahəsindədir. Azərbaycanda informasiya islahatları sahəsində çox böyük və ciddi problemlər var. Obyektiv informasiya olmayan yerdə real obyektivə söykənən qərar qəbul etmək mümkün deyil. Əgər informasiya yalandırsa, onun əsasında qəbul edilən qərar da yalandan ibarət olacaq. Təəssüflə qeyd etmək istəyirəm ki, bu gün dövlət başçısına çatdırılan informasiyanın çox hissəsində böyük yanlışlıqlar var. Misal üçün Azərbaycan iqtisadiyyatının rəqəmlərini ikili təyin edəndə, əks proseslərin nəzərə çarpdığı hiss olunur. Regionların iqtisadi-sosial inkişafı haqqında Dövlət Proqramı qəbul olunub. Amma gəlin görək bu proqramların qəbulu regionlarda inkişafa səbəb olubmu? Məşğulluq sahəsində ciddi problemlər var. Bakı Şəhər Baş Məşğulluq İdarəsi Bakı şəhərinin hər il inkişaf planlarını təqdim edir. Məlumatlarına görə, hazırda paytaxtda əmək qabiliyyətli əhalinin 56%-i işsizdir. Büdcədə vəsaitin bölünməsi prosesində yanlışlığa yol verilir. Aparılan iqtisadi-sosial islahatların real iqtisadiyyata təsiri o qədər də böyük deyil. Büdcənin çox hissəsi infrastruktur layihələrin həyata keçirilməsinə yönəlir. Bundan əlavə, vergi sahəsində islahatlar aparılmalıdır. Bu gün Vergilər Nazirliyi qeyri-qanuni yığınlar həyata keçirir. Bütün olanlardan orta, kiçik sahibkarlar narazıdırlar və bunun əziyyətini çəkirlər. Bu ölkə iqtisadiyyatının inkişafına zərbə vuran ciddi amildir. Bunun qarşısını almaq lazımdır. Pensiya və əmək haqqı sahəsində də dəyişikliklər olmalıdır. Son illər pensiyanın və əmək haqqının artırılması barədə söhbətlər gedir. Bunlar reallıqdır, amma artırılan pensiya normal yaşayışı təmin edirmi? Müəllimin, həkimin aldığı əmək haqqı onların normal yaşayışını təmin edirmi? Azərbaycanın xaricdə 28 milyard dollar valyuta ehtiyatı var. Bu valyutalar xarici banklarda saxlanılır və xarici dövlətlərin iqtisadi inkişafına yönəldilir. Bu sahədə də ciddi islahatlar aparılmalıdır.

Tahir Kərimli:

- Birmənalı şəkildə cənab Prezidentimiz İlham Əliyevi dəstəkləyirəm. Cənab Prezidentə informasiyanın düzgün çatdırılmaması fikri ilə razıyam. Şamaxıda heç bir nüfuza malik olmayan şəxsin millət vəkili olmasını istəyənlər var. 1993-cü ildə parlamentdə məhkəmə-hüquq islahatının qanunlarını qəbul etdirmişəm. Təəssüf ki, o qanunların heç biri indi mövcud deyil. Həmin qanunlar hakim statusu, məhkəmə quruluşu haqqında, cinayət-prosessual və mülki-prosessual qanunvericiliyi idi ki, icra hakimiyyətinin məhkəmə hakimiyyətinə müdaxiləsinə yol vermirdi. Parlamentə millət vəkili seçilsəydim, xalqım üçün, dövlətim üçün çox böyük işlər görəcəm. Heç zaman rüşvət almamışam və qanunu pozmamışam. Amma nədənsə seçicilərlə görüşmək imkanım yoxdur və qarşısı alınır. MSK-dan mənə zəng olunub və bildirilib ki, bu cür hallar aradan qaldırılacaq və ümidlə belə halların aradan qaldırılmasını gözləyirəm. Millət vəkili seçilsəm də, seçilməsəm də, sözümü bir dəfə deyirəm. Cənab Prezidentimizi dəstəkləyirəm və dəstəkləyəcəyəm. Başa düşürük ki, ölkəmizə sabitlik lazımdır, vuruşmaqla heç nə əldə etmək olmaz.

Ödənişli əsaslarla keçirilən təbliğat-təşviqat xarakterli dəyirmi masada səslənən fikirlərə görə, "Səs" qəzeti məsuliyyət daşımır.

Digər xəbərlər