PDF Oxu

Əsas

  • 22

Xalq öz firavanlığına səs verəcək

Xalq öz firavanlığına səs verəcək
Dünən parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Qulam oğlu Abiyevlə Əmircan qəsəbəsinin sakinlərinin görüşü keçirildi.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov parlament seçkiləri ilə bağlı ümumi məlumat verdi. Azərbaycanda növbəti parlament seçkilərinin də şəffaf və demokratik keçiriləcəyini vurğulayan V.Seyidov bildirdi ki, YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb: "YAP ötən il "Xalqa xidmət naminə" şüarı ilə bələdiyyə seçkilərində iştirak edib. Bu gün də qarşıdakı parlament seçkilərinə "Güclü dövlət, yüksək rifah" devizi ilə gedən Yeni Azərbaycan Partiyası seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq. Əsası Ümummilli Lider tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların rifahının yaxşılaşmasına xidmət edir və bu gün də bu proses davam edir. Bu gün parlament seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də, məhz bu siyasətin daha yüksək səviyyəli uğurlarla nəticələnməsinə çalışacaq".
V.Seyidov YAP Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, quruculuq və abadlıq işləri, ölkənin dünya dövlətlərinə inteqrasiyası Azərbaycanın güclənməsinə, sivil dövlətlər sırasında yüksək imicə malik olmasına gətirib çıxardığını vurğuladı: "Bu reallıqlar, dövlət başçısına olan inam hissi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Sədri olduğu Yeni Azərbaycan Partiyasına qarşı birmənalı münasibət formalaşdırmışdır. Bunun bariz nümunəsinə ötən seçkilərdə şahid olmuşuq. Odur ki, həmişə olduğu kimi, yaxın günlərdə keçiriləcək parlament seçkilərində seçicilər seçki məntəqələrinə gedərək, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə tam əminik. Çünki YAP ölkədə həyata keçirilən siyasətin ən fəal təbliğatçısı və iştirakçısıdır".
YAP Suraxanı rayon təşkilatının sədri V.Seyidov, həmçinin,  32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi irəli sürülən Ağacan Qulam oğlu Abiyev haqqında seçicilərə qısa məlumat verdi. Rayon təşkilatının sədri, bir daha dövlətin müstəqilliyinin insanlara bəxş etdiyi demokratiyanı, siyasi sabitliyin daha da güclənməsi yolunda seçiciləri parlament  seçkilərində fəal olmağa və seçimdə məntiqə söykənməyə səslədi.
Görüşdə YAP Suraxanı rayon təşkilatı aparatının rəhbəri Fərman Rəsulov da seçkilərin Azərbaycanın ictimai-siyasi həyatında önəmli dövr olduğunu söylədi və bütün Suraxanı seçicilərini ən layiqli namizədlərə - Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.
Namizədin parlament seçkiləri üzrə vəkilləri Almaz Əhmədova və Sona Əliyağa qızı çıxış edərək, ölkəmizdə təmin olunmuş möhkəm sabitlik və əmin-amanlıq şəraitində həyata keçirilən uzunmüddətli davamlı inkişaf proqramlarının mühüm nəticələrindən bəhs etdilər. Çıxış edənlər bildirdilər ki, Yeni Azərbaycan Partiyası hər zaman böyük xalq dəstəyinə güvənərək, bütün seçkilərdə inamlı qələbə qazanıb. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb. Xalqın sosial rifahının yüksəldilməsi həmişə YAP-ın ali məqsədlərindən biri olub. Ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə, bölgələrdə daha çox hiss olunur. Bu gün rayonlarda yeni yolların çəkilməsi, kommunal infrastrukturların yaradılması, kommunikasiya sistemlərinin yenidən qurulması, sosial obyektlərin bərpası insanların rahatlığına və yaxşı yaşamasına imkan verib. Xalqımızın sosial vəziyyətinin yaxşılaşması onların indiki hakimiyyətə inamını gücləndirir. Xalq çoxlu vədlər verən, amma bunu əməli və işi ilə yerinə yetirməyənlərə inanmır. Artıq bu cür dövr çoxdan arxada qalıb. İndi ölkəmizdə tamamilə başqa bir mənzərə hökm sürür, YAP-ın namizədləri indiyə kimi keçirilən bütün seçkilərdə verdiyi vədlərə əməl etdiyinə görə, xalq tərəfindən sevilir. Onlara böyük inam və etibar var. Ona görə də, Suraxanı seçiciləri indidən öz qərarlarını dəqiqləşdiriblər, onlar birmənalı olaraq, YAP-ın namizədinə səs verəcəklər. İnanırıq ki, Ağacan Abiyev noyabrın 7-də böyük səs çoxluğu ilə qalib gələcək.
YAP tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Qulam oğlu Abiyev rayonunun Əmircan qəsəbəsinin sakinləri ilə keçirilən görüşdə geniş çıxış etdi. Ağacan Abiyev Yeni Azərbaycan Partiyasının namizədi kimi seçki platforması və ikinci dəfə millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə dolğun, ətraflı məlumat verdi. Namizəd, həmçinin, Milli Məclis üzvlüyünə namizəd kimi ona yenidən etimad göstərdiyinə görə, Yeni Azərbaycan Partiyasına minnətdarlıq edərək, bu dəfə də seçicilərin ona etimad göstərdiyinə və onların etimadını qazanacağına inandığını bildirdi. Qeyd etdi ki, Azərbaycanın dünyaya inteqrasiyası prosesində fəallıq nümayiş etdirəcək, seçicilərinə problemlərinin həllində yardımçı olacaq və əməli fəaliyyətini daha geniş dairədə davam etdirəcəkdir. 
Tədbirdə çıxış edən seçicilərdən Eldar Rüstəmov, Həbib Həsənov, Şövkət Xanməmmədova və başqaları, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də bir yumruq kimi birləşəcəklərini söylədilər. Seçicilər millət vəkili kimi Ağacan Abiyevin beşillik fəaliyyətindən razı olduqlarını vurğulayaraq, millət vəkili kimi, uğurlu fəaliyyətinə görə namizədə təşəkkür etdilər. Çıxış edənlər 7 noyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi yenidən məhz Ağacan Abiyevi  dəstəkləyəcəklərini bildirdilər.
Görüşün sonunda namizədlə seçicilər arasında geniş fikir mübadiləsi aparıldı.

Digər xəbərlər