Üçüncü çağırış Milli Məclisin son iclası keçirildi
Dünən üçüncü çağırış Milli Məclisin son iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra deputatlar gündəliyə çıxarılan məsələlərə münasibət bildirdilər.
Gündəlik təsdiq edildikdən sonra Milli Məclisin əvvəlki iclaslarında aparılan müzakirələrdən sonra "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinə edilmiş dəyişikliklərlə bağlı maliyyə naziri Samir Şərifov məlumat verdi: "Büdcənin əsas göstəriciləri Milli Məclisin komitələrində və bir neçə plenar iclasında ətraflı müzakirə edilmişdir. Deputatlar tərəfindən bir sıra sual, təklif və tövsiyələr irəli sürülmüşdür. Eyni zamanda, müzakirələrin gedişində bilavasitə büdcə prosesinə aid olmayan bir sıra məsələlər və onlar üzrə təklif, suallar qaldırılmışdır. Bütövlükdə, qaldırılan məsələ və suallara Maliyyə Nazirliyi ilə yanaşı, digər müvafiq strukturlar tərəfindən ətraflı cavab verilmişdir. Təkliflərdə qaldırılan məsələlərin həlli üçün maliyyə təminatının yaradılması vəzifəsinə 2011-ci ildən makroiqtisadi sabitliyin qorunub saxlanması və büdcə dayanıqlığının təyin edilməsi prizmasından baxılmışdır".
"Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi ilə bağlı Milli Məclisdə əvvəl aparılmış müzakirələrdən sonra edilən düzəlişlər barədə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov qeyd etdi ki, büdcə layihəsinin müzakirəsi zamanı deputatlar tərəfindən qaldırılan məsələlər nəzərə alınaraq, təhlil olunmuşdur: "Büdcə layihəsinin əvvəlki müzakirəsi zamanı deputatlar tərəfindən bir sıra müxtəlif tövsiyələr də verilmişdir. Büdcə layihəsində qaldırılan məsələlərə uyğun olaraq müəyyən dəyişikliklərin həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir".
Bundan sonra "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun, "Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası Qanununun layihələri qəbul olundu. Həmçinin, "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi də səsvermədən sonra qəbul edildi.
Bunun ardınca Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il üçün xərclər smetası, Azərbaycan Respublikası Hesablama Palatasının 2011-ci il üçün xərclər smetası təsdiq olundu. Gündəliyin digər məsələsi olan "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun layihəsi haqqında Hüquq Siyasəti Komitəsinin sədri Əli Hüseynov məlumat verdi. Üçüncü oxunuşa təqdim edilən "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının qanunun layihəsi barədə məlumat verən İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, əvvəlki oxunuşda qanun layihəsində redaktə xarakterli müəyyən dəyişikliklərin edilməsi barədə təkliflər səslənib.
Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında (Pretoriya şəhərində) səfirliyinin, Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında (Braziliya şəhərində) səfirliyinin, Azərbaycan Respublikasının İraq Respublikasında (Bağdad şəhərində) səfirliyinin, Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında (Hanoy şəhərində) səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanunlarının layihələri haqqında Beynəlxalq Əlaqələr və Parlamentlərarası Münasibətlər Komitəsinin sədri Səməd Seyidov məlumat verdi.
Azərbaycan Respublikası Prezidentinin və Mavritaniya İslam Respublikası prezidentinin birgə bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə Səməd Seyidov məlumat verərək bildirdi ki, sözügedən bəyannamə cari il iyunun 15-də Bakıda imzalanıb.
"Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi haqqında Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov məlumat verdi: "Saziş iki dövlət və onların hökumətləri, özəl qurumları arasında energetika sahəsində əməkdaşlığın təməlini qoyur, əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirir".
"Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun, "Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələri haqqında Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov məlumat verdi.
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi"ndə, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verdi: " Prezident İlham Əliyev tərəfindən belə qəbul edilmişdir ki, konkret hərbi hissə ərazisində hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərin istintaqını həmin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş peşəkar hüquqşünaslar aparsın. Bu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində hüquq idarəsinə tabe olan beş regional istintaq idarəsinin yaradılması nəzərdə tutulur".
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)" Azərbaycan Respublikasının yubiley medalını, "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə", "Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə Hüquq Siyasəti Komitəsinin sədri Əli Hüseynov məlumat verdi.
"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanunununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının qanun layihələri haqqında Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi.
Layihələr səsə qoyularaq qəbul edildi. Bununla da Azərbaycan Respublikası üçüncü çağırış Milli Məclisinin son iclası başa çatdı.