PDF Oxu

Əsas

  • 21

Yeni Azərbaycan Partiyasının qələbəsi labüddür

Yeni Azərbaycan Partiyasının qələbəsi labüddür
Dünən 7 noyabr parlament seçkiləri ilə bağlı keçirilən təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Binəqədi rayon təşkilatında Yeni Azərbaycan partiyası tərəfindən 8 saylı Binəqədi birinci seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Oqtay Əsədovun vəkillərinin seçicilərlə görüşü keçirildi.
Tədbiri giriş sözü ilə deputatlığa namizədin vəkili Vaqif Abbasov açaraq respublikanın ictimai-siyasi həyatında önəmli hadisələrdən biri olan parlament seçkiləri ərəfəsində olduğumuzu bildirdi. O, qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Azərbaycan bu gün çox etibarlı və xalq tərəfindən birmənalı olaraq, qəbul olunan, eləcə də, Ulu Öndərin ideyalarını davam etdirən ölkə Prezident İlham Əliyev cənabları tərəfindən idarə olunur. Azərbaycanın yaxın keçmişinə diqqət yetirən vəkil ötən əsrin sonlarında yaşanılan tarixi diqqətə çəkərək, məhz məqsədyönlü siyasət nəticəsində ölkənin dinamik inkişaf yoluna qədəm qoyduğunu bildirdi: "Bu gün Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Oqtay Əsədov Azərbaycanın dünya məkanında tanınmasında və siyasi arenasında nüfuz qazanmasında rola malik olan ictimai xadimlərdən biridir. Belə ki, xalqın elçisi olmaq, elin səsinə səs vermək hər bir şəxsə məxsus olan dəyər deyil. Oqtay Əsədovun yüksək potensialı, idarəçilik üsulubu, eləcə də, istedad və bacarığı dövlətin qanunvericilik orqanının fəaliyyətinə əsas olan amillərdəndir. Milli Məclisin qəbul etdiyi qanunvericilik aktları ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna, demokratiyanın genişlənməsinə, insan hüquqlarının qorunmasına, iqtisadiyyatın iknişafına, əhalinin sosial müdafiəsinə xidmət edir. O, bir amala, Azərbaycan parlamentinin qabaqcıl dünya parlamentləri sırasında yer almasına xidmət edirdi ki, buna da müvəffəq olmuşdur. 26 yaşından etibarən, məsul vəzifələrdə çalışan Oqtay Əsədov Binəqədi rayonuna deputatlığa irəli sürülməsi nəticəsində ölkənin ictimai siyasi həyatında yaxından iştirak edəcək".
V.Abbasov çıxışında onu da bildirdi ki, O.Əsədova yenidən etimad göstərilərsə, əhalinin yardıma ehtiyaca olan insanların problemlərinin diqqətdə saxlanılması, eləcə də, Binəqədi rayonu ərazisində əhalinin yaşayış şəraiti, sağlamlığı və istirahəti ilə bağlı mövcud problemlərin həll edilməsi daim diqqət mərkəzində olacaq. Vəkil onu da qeyd etdi ki, namizədin təşəbbüsü ilə Azərbaycanda, ilk dəfə olaraq, bu ərazidə istedadlar məktəbi yaradılacaqdır. Seçicilərin bizim çağırışımıza qoşularaq, seçki günündə ona səs verməsi öz gələcəkləri üçün bir təminatdır. Vəkil çıxışının sonunda bir daha seçiciləri 7 noyabr tarixində Oqtay Əsədova səs verməyə çağırdı.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov YAP tərəfindən Oqtay Əsədovun bu dairədən Milli Məclisə deputatlığa namizədliyinin irəli sürüldüyünü bildirdi. Qeyd etdi ki, bu günə qədər təbliğat-təşviqat kampaniyası çərçivəsində bir neçə məhəllələrarası görüşlər keçirilmişdir: "Binəqədi ərazisindən, ilk dəfə olaraq, O.Əsədov kimi Milli Məclisin sədri olan nüfuzlu bir insanın namizədliyi irəli sürülüb. Rayonun ərazisində çoxsaylı işlərin həyata keçirilməsi nəzərdə tutulur. Bütün seçicilər istəyir ki, bizim ərazidən belə bir nüfuzlu bir şəxs seçilsin. Təbii ki, seçicilər onun nüfuzunu, ictimai vəzifəsini, eləcə də, fəaliyyətini nəzərə alaraq, 7 noyabr tarixində YAP-ın namizədinə səs verəcəklər. Seçicilərin qayğıları ilə yaxından tanış olmaq, millət vəkillərinin gündəlik iş prinsipinə çevrilməlidir. Ölkənin bugünkü əmin-amanlığı, dövlətin inkişafı, dünyaya inteqrasiya olunması mühüm və iri layihələrin həyata keçirilməsi, bir sıra dövlət proqramları və s. Azərbaycanın dinamik inkişafına təsirini göstərir. Təbii ki, bütün bunlar dövlətin məqsədyönlü siyasətini və onun təməlinin sütunlarının möhkəm olması ilə əlaqədardır".
N.Xəlilov, onu da qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının seçki platforması üzərində qurulmuş Seçki Proqramı reallığa əsaslanır. N.Xəlilov bir daha görüş iştirakçılarına 7 noyabr tarixində Azərbaycandakı demokratiyanın və müstəqilliyin bizə verdiyi azadlığın və azad seçimi nəzərə alaraq, hər kəsin öz iradəsi və ağlı ilə məntəqələrə gələrək, seçimində düzgün və obyektiv olmağı tövsiyə etdi.
Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü Həsən Mirzəyev belə bir səlahiyyətli nümayəndənin Binəqədi ərazisindən namizədliyini irəli sürməsini böyük sevinc hissi ilə qarşılandığını bildirdi. O, qeyd etdi ki, O.Əsədov böyük potensiala malik olan bir ailədə böyümüş, milli təfəkkürü, Azərbaycançılıq meyillərini yaşadan hisslərlə əhatə olunmuşdur. Onun bugünkü fəaliyyəti, eləcə də, yaşadığı illər bundan sonrakı ictimai-siyasi fəaliyyətinə artıq bir təməldir. O, bütün seçiciləri 7 noyabr tarixində Oqtay Əsədova səs verməyə çağırdı.
Tədbirin sonunda seçiciləri maraqlandıran suallara cavab verildi və onlar bildirdilər ki, məhz O.Əsədova səs verəcəklər.

Digər xəbərlər