Seçkidə seçici iradəsinin qalib gəlməsi önəmlidir
"MSK-nın seçki təbliğatı ilə bağlı son qərarını - bütün namizədlərə pulsuz efir vaxtı ayrılması qərarını təqdirəlayiq hal hesab edirik. Blok şəklində qeydiyyatdan keçib-keçməməsindən asılı olmayaraq bütün namizədlərə İctimai Televiziyada pulsuz, həm də bərabər efir vaxtının ayrılması, o cümlədən "Azərbaycan" qəzetində təşviqat materiallarının çapı seçicilərlə namizədlər arasındakı münasibətləri bir az da yaxşılaşdırdı".
SİA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov müsahibəsində bildirib. Onun sözlərinə görə, canlı görüşlərlə bağlı ciddi problem müşahidə olunmayıb və namizədlər yerlərdə - həm açıq, həm də qapalı şəraitdə öz seçiciləri ilə görüşlər keçirir. O həmçinin qeyd edib ki, beynəlxalq müşahidəçilərin sərbəst fəaliyyət göstərməsi də həmçinin yüksək səviyyədə təmin olunub. Prezident Administrasiyası rəsmisinin fikrincə, seçki sakit şəraitdə keçiriləcək, xalqın, seçicilərin etimadını qazanan namizədlər qalıb gələcəklər.
Əli Həsənov həmçinin namizədlərin sayı ilə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, 2005-ci ildə keçirilən Parlament seçkilərində 2 mindən artıq namizədin, bu ilki seçkilərdə isə 700-ə qədər namizədin qeydə alınması onunla əlaqədardır ki, o zaman seçki prosesində deposit sistemi mövcud idi: "İmza toplaya bilməyən istənilən şəxs müəyyən miqdarda depozit qoymaqla qeydiyyatdan keçə bilərdi. Bu səbəbdən də 2005-ci il seçkisində namizədlərin sayı çox olmuşdu. Bu il 450 imza şərti qəti qoyulduğundan məsuliyyət daha çox olub. 450 sağlam imza toplayan namizəd qeydiyyatdan keçdi. 125 yerlik parlament seçkisində 600-dən artıq namizədin qeydiyyata alınması alternativ seçkinin keçirilməsi üçün normal haldır". Əli Həsənov qeyd edib ki, qanuna görə 60-dan artıq namizədi qeydiyyata alındığı üçün YAP pulsuz efir vaxtından istifadə edə bilərdi, lakin partiya qərara gəlib ki, qanunun ona imkan yaratdığı pulsuz efir vaxtından istifadə eləməsin. Onun sözlərinə görə, bu birtərəfli təbliğat mühiti formalaşdıra bilərdi: "Hər bir namizədin tanınması baxımından indiki sistem daha yaxşıdır, nəinki hansısa partiya liderinin hər dəfə televizora çıxıb bütün namizədlər adından, bütün partiya adından danışması. Burada konkret olaraq hər bir seçici namizədləri, onların təmsil olunduğu partiya və blokları tanıyır, deputat mandatı almaq istəyən şəxsin hansı işləri görəcəyi haqqında məlumat alır".
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri həmçinin seçkilərdə majoritar sistemin tətbiqinin üstünlükləri barədə də danışıb. Onun sözlərinə görə, dünyada siyasətşunasların böyük əksəriyyəti hesab edir ki, hansı ölkənin cəmiyyətləri daha çox vətəndaş institutlarına, vətəndaş cəmiyyəti prinsiplərinə əsaslanırsa, onlarda majoritar sistem daha effektlidir. Əli Həsənov əlavə edib ki, bütövlükdə majoritar sistem daha çox vətəndaş ehtiyaclarının üzərində qurulan bir seçki sistemidir və ən demokratik, ən effekli seçki sistemi hesab olunur.
Aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış yerlər barədə danışan dövlət rəsmisi əlavə edib ki, onların adları "Azərbaycan" qəzetində dərc olunub. O AXCP-Müsavat blokunun aksiya keçirmək istəyinə icazə verilməməsi barədə məlumatının olmadığını qeyd edib. "Düşünmürəm ki, adları rəsmi elan olunan yerlərdə kiminsə aksiya keçirməsinə kimsə icazə verməsin". Ümumilikdə seçkilərin necə nəticələnəcəyi sualına cavab verən Əli Həsənov heç bir proqnoz vermək istəmədiyini bildirib: "Hər bir düşərgə, hər bir partiya, hər bir namizəd hesab edir ki, onun şansı hamıdan çoxdur. Hər birinin də özlərinə məxsus meyarları var. Bizim üçün bu seçkidə kimlərin qalib gəlməsi önəmli deyil, bizim üçün bu seçkidə bütövlükdə seçici iradəsinin qalib gəlməsi önəmlidir. Kim qalib gələcək, biz onunla işləməyə hazırıq. Ölkədə azad, ədalətli və demokratik seçkinin keçirilməsi üçün şərait mövcuddur".