PDF Oxu

Əsas

  • 24

YAP qaliblər və qələbələr partiyasıdır

YAP qaliblər və qələbələr partiyasıdır
7 noyabr 2010-cu il parlament seçkiləri ilə əlaqədar regionlarda, o cümlədən, Neftçalada da Yeni Azərbaycan Partiyası namizədinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Namizəd hər gün yaşayış məntəqələrində geniş tərkibli görüşlər keçirir, öz seçki platformalarını yerli sakinlərin diqqətinə çatdırır. Seçicilər bu görüşlərə böyük maraq göstərir, namizədin keçirdiyi tədbirlərə fəal şəkildə qatılırlar.
Bu baxımdan, Yeni Azərbaycan Partiyasının seçki siyahısı ilə 61 saylı Neftçala seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd verilmiş Arif Qafar oğlu Rəhimzadənin seçicilərlə görüşləri müvəffəqiyyətlə keçir. Dünən rayonun Aşağı Qaraymanlı, Astanlı, Kürqarabucaq kəndlərində keçirilən bu görüşlərə 3 min nəfərdən çox seçici qatılıb. Namizəd seçicilər tərəfindən çox səmimi, gülərüzlə qarşılanıb.
Görüşdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov bildirib ki, qanunverici orqan məhz, xalqın səsverməsi ilə formalaşır. A.Cəfərov onu da vurğulayıb ki, 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası ilk gündən gözlənildiyi kimi, çox uğurlu başlayıb. Rayon təşkilatının sədri 61 saylı Neftçala seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə namizədliyi irəli sürülən Arif Qafar oğlu Rəhimzadə haqqında geniş məlumat verib və millət vəkili seçiləcəyi təqdirdə, Arif Rəhimzadə göstərilən etimadı yüksək səviyyədə doğruldacağına əmin olduğunu söyləyib.
Yeni Azərbaycan Partiyasının 61 saylı Neftçala seçki dairəsindən namizədi Arif Rəhimzadənin vəkilləri Telman Zahidov və Ənvər Əliyev görüşdə çıxış edərək, namizədin tərcümeyi-halı və platforması ilə seçiciləri tanış ediblər. Bildiriblər ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə "Güclü dövlət, yüksək rifah" şüarı ilə qatılıb: "Məlum həqiqətdir ki, ölkə Prezidentimiz Azərbaycanın güclü və qüdrətli dövlət olması, insanların rifah halının yüksəlməsi, firavan, xoşbəxt həyat sürməsi naminə yorulmaq bilmədən çalışır. Yeganə məqsədimiz ölkə başçısının fəaliyyətini yekdilliklə dəstəkləmək və YAP-ın qələbəsinə nail olmaqdır. Ona görə də, sizlərin hər birinizi YAP-ın layiqli namizədi Arif Qafar oğlu Rəhimzadəyə səs verməyə çağırırıq".
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədi Arif Qafar oğlu Rəhimzadə seçicilərə belə mütəşəkkilliklə iştirak etdiklərinə görə minnətdarlığını bildirib və öz platforması barədə ətraflı məlumat verib. O, qeyd edib ki, Milli Məclisə, ölkənin ali qanunvericilik orqanına seçkilər Azərbaycanın ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biridir. Bu seçkilər ölkədə həyata keçirilən siyasi strategiyaya xalqın münasibətini əks etdirərək, gələcək inkişaf xəttinin formalaşmasına istiqamət verəcək".
A.Rəhimzadə qısa vaxtda yüz minlərlə yeni iş yerlərinin açıldığını, əmək haqlarının, təqaüd və müavinətlərin dəfələrlə artırıldığını, ölkəmizdə ildən-ilə geniş vüsət alan quruculuq-abadlıq işlərinin və infrastruktur layihələrinin hər bir vətəndaşın həyat səviyyəsinin yüksəldilməsinə müsbət təsir etdiyini söyləyib.
Kənd sakinlərindən Zeynəb Həsənova, Rizvan Kazımov və başqaları çıxış edərək bildiriblər ki, Neftçala seçiciləri Azərbaycanın xoşbəxt gələcəyi naminə seçkilərdə fəal olacaq, dövlətimizin daha da qüdrətlənməsi, hər bir Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasını təmin edən hakim partiyanın namizədini dəstəkləyəcəklər
Görüşün sonunda seçicilərlə namizəd arasında səmimi fikir mübadiləsi aparılıb.

Digər xəbərlər