YAP bütün fəaliyyətini xalqın firavanlığına və Azərbaycan dövlətçiliyinin inkişafına həsr edir
Dünən Suraxanı rayonu Əmircan qəsəbəsinin Səttar Bəhlulzadə küçəsində yerləşən "Halal" şadlıq evində YAP tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Qulam oğlu Abıyevlə sakinlərin görüşü keçirilib. Namizədin vəkillərinin də iştirak etdiyi görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov parlament seçkiləri ilə bağlı ümumi məlumat verib.
Azərbaycanda növbəti parlament seçkilərinin də şəffaf və demokrattik keçiriləcəyini vurğulayan V.Seyidov bildirib ki, YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb: "YAP ötən il "Xalqa xidmət naminə" şüarı ilə bələdiyyə seçkilərində iştirak edib. Bu gün də qarşıdakı parlament seçkilərinə "Güclü dövlət, yüksək rifah" devizi ilə gedən Yeni Azərbaycan Partiyası seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq".
Hazırda ölkəmizin sürətlə inkişaf etdiyini deyən rayon təşkilatının sədri bu inkişafın heç də təsadüfi olmadığını əlavə edib: "Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən kompleks və sistemli islahatlar həyata keçirilib. Dövlətimizin başçısının mahir və çevik idarəetmə qabiliyyəti, Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən strateji qərarları, eyni zamanda, mükəmməl iqtisadi strategiyası nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikası qeydə alınmaqdadır".
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun vətəndaşların rifahının yaxşılaşmasına xidmət etdiyini vurğulayan V.Seyidov bu gün də bu prosesin davam etdiyini söyləyib. Bildirib ki, bu gün parlament seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də, məhz bu siyasətin daha yüksək səviyyəli uğurlarla nəticələnməsinə çalışır və seçiciləri parlament seçkilərində fəal olmağa, seçimdə məntiqə söykənməyə səsləyib.
Görüşdə çıxış edən YAP Suraxanı rayon təşkilatı aparatının rəhbəri Fərman Rəsulov seçkilərin Azərbaycanın ictimai-siyasi həyatında önəmli dövr olduğunu söyləyib. F.Rəsulov YAP Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, quruculuq və abadlıq işləri, ölkənin dünya dövlətlərinə inteqrasiyası Azərbaycanın güclənməsinə, sivil dövlətlər sırasında yüksək imicə malik olmasına gətirib çıxardığını vurğulayıb. Qeyd edib ki, bu reallıqlar, dövlət başçısına olan inam hissi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Sədri olduğu Yeni Azərbaycan Partiyasına qarşı birmənalı münasibət formalaşdırmışdır. Azərbaycanda noyabrın 7-də növbəti parlament seçkilərinin keçiriləcəyini deyən Fərman Rəsulov hakim Yeni Azərbaycan Partiyasının bu seçkilərə mütəşəkkil şəkildə qatıldığını və YAP-ın namizədlərinin təbliğat-təşviqatının yüksək səviyyədə keçdiyini söyləyib. F.Rəsulov, həmçinin, 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Qulam oğlu Abıyevin həyat və fəaliyyəti barədə məlumat verərək, seçiciləri ona səs verməyə çağırıb.
YAP tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Qulam oğlu Abıyev rayonun Əmircan qəsbəsinin sakinləri ilə keçirilən görüşdə geniş çıxış edib. Ağacan Abıyev Yeni Azərbaycan Partiyasının namizədi kimi seçki platforması və ikinci dəfə millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə məlumat verib. Namizəd, xüsusi olaraq, vurğulayıb ki, ölkəmizin belə yüksək inkişaf tempi ilə irəliləməsində hakim Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Ulu Öndər Heydər Əliyevin yaratdığı və inkişaf istiqamətlərini müəyyənləşdirdiyi YAP bütün fəaliyyətini yalnız və yalnız xalqımızın maraqlarına uyğun şəkildə qurur və Azərbaycan dövlətçiliyinin inkişafına həsr edir. Ona görə də, bu gün YAP Azərbaycanın hər yerində sevilən və dəstəklənən bir siyasi təşkilatdır. Xalqımız YAP-ın bütün qərar və addımlarını öz iradəsi ilə dəstəkləyir, onların həyata keçirilməsində fəal rol oynayır: "Beləliklə də, xalqımızın ölkə Prezidentinə olan inamı və rəğbəti onu deməyə əsas verir ki, bu seçkilərdə də YAP namizədlərinin qalib gələcəyi şübhəsizdir".
Tədbirdə çıxış edən namizədin vəkilləri Yusif Babanlı, Almaz Əhmədova, Tünzalə Süleymanova, Mövsümov Cavid, Qalib Abıyev, Nazim Zairov seçkilərdə seçicilərin fəallığının şahidi olduqlarını bildirərək, parlament seçkilərində də yüksək fəallıq nümayiş etdirəcəklərini söyləyiblər.
Görüşdə çıxış edən seçicilər də noyabrın 7-də keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Qulam oğlu Abıyeva dəstək olacaqlarını vurğulayıblar.