YENİ AZƏRBAYCAN PARTİYASI CƏMİYYƏTİN APARICI QÜVVƏSİDİR
Dünən Yeni Azərbaycan Partiyasının seçki siyahısı üzrə 106 saylı Tovuz- Qazax -Ağstafa seçki dairəsindən parlamentə namizədliyi irəli sürülən Validə Hüseynovanın Tovuzun Aşağı Öysüzlü kəndində seçicilərlə görüşü keçirilib.
100-ə yaxın kənd sakininin iştirakı ilə keçirilən görüşdə çıxış edən YAP-ın Tovuz rayon təşkilatının səlahiyyətli nümayəndəsi Eldəniz Vəliyev noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilər barədə görüş iştirakçılarını məlumatlandırdı. Bildirdi ki, Yeni Azərbaycan Partiyası 106 saylı Tovuz- Qazax-Ağstafa seçki dairəsindən partiya fəalı Validə Hüseynovanın namizədliyini irəli sürüb. Validə Hüseynovanın Tovuz şəhər Puşkin adına orta məktəbin direktoru kimi bu vaxta qədər olan fəaliyyətinin hər kəsə məlum olduğunu bildirən E.Vəliyev YAP-ın Azərbaycanda yeganə aparıcı siyasi partiya olduğunu diqqətə çatdırıb. Rayon təşkilatının sədri seçicilərin noyabrın 7-də keçiriləcək parlament seçkilərində də YAP-ın deputatlığa namizədi olan Validə Hüseynovanı dəstəkləyəcəyinə əmin olduğunu bildirərək, seçiciləri seçkilərdə aktiv olmağa çağırdı.
Tədbirdə çıxış edən YAP-ın 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatlığa namizədi Validə Hüseynova Yeni Azərbaycan Partiyasının Azərbaycanda xalq tərəfindən dəstəklənən və böyük potensiala malik ən güclü partiya olduğunu bildirdi. YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan quruculuq-abadlıq işlərindən, ölkəmizin iqtisadi inkişafı sahəsində əldə olunan uğurlardan danışan deputatlığa namizəd YAP-ın 106 saylı Tovuz- Qazax -Ağstafa seçki dairəsindən deputatlığa namizədi kimi onun namizədliyini irəli sürdüyünə görə YAP rəhbərliyinə minnətdarlığını bildirdi. V.Hüseynova noyabrın 7-də keçiriləcək parlament seçkilərində seçiciləri aktiv olmağa və ən layiqli namizədə səs verməyə çağırıb.
Daha sonra kənd sakinləri çıxış edərək, noyabrın 7-də keçiriləcək parlament seçkilərində YAP-ın namizədi Validə Hüseynovanı dəstəkləyəcəklərini bildiriblər.