PDF Oxu

Əsas

  • 21

YAP vəd vermir, real iş görür

YAP vəd vermir, real iş görür
Dünən 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Qalib Aslan oğlu Salahzadə ilə Ə.Məmmədəliyev küçəsi 2 ünvanda yerləşən "Abşeron Yüksək Gərginlik Elektrik Şəbəkəsi" MMC-nin akt zalında görüş keçirildi. 200 nəfərə qədər seçicinin iştirakı ilə təşkil olunmuş görüşdə çıxış edən namizədin vəkili, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Azərbaycanın qısa bir zaman məsafəsində qazandığı nailiyyətlərdən, əldə olunan uğurlardan danışaraq, həyata keçirilən layihələrin müsbət nəticəsi ətrafında fikirlərini bildirdi.
M.Abasquliyeva, həmçinin, ölkəmizin ictimai-siyasi həyatında 7 noyabr parlamentə növbəti seçkilərin mühüm əhəmiyyət daşıdığını söylədi və taleyüklü tədbirdə seçicilərin üzərinə düşən vəzifələrdən bəhs etdi. Bildirdi ki, parlament seçkilərində, respublikamızın hər yerində, o cümlədən, Sabunçu qəsəbəsində də seçicilərin böyük fəallıq nümayiş etdirməsi heç kəsdə şübhə doğurmur. Bu baxımdan da, sabunçuluların birmənalı olaraq Yeni Azərbaycan Partiyasının irəli sürmüş olduğu namizədə dəstək olacağını əminliklə söyləmək olar. M.Abasquliyeva Milli Məclisin üzvlüyünə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş insanlara seçicilərin dəstək olmasını diqqətə çatdırdı. Namizədin vəkili, həmçinin, Qalib Salahzadənin həyat və fəaliyyəti haqqında seçicilərə məlumat verdi. M.Abasquliyeva Qalib Salahzadənin işgüzar, böyük dünyagörüşlü ziyalı olduğunu, sadə insanların qayğılarını çox yaxşı bildiyini, insanlara hər zaman böyük diqqətlə yanaşdığını və bu səbəbdən millət vəkili seçilməyə layiq olduğunu bildirdi.
Görüşdə çıxış edən seçicilər də Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə namizədliyi irəli sürülmüş Qalib Aslan oğlu Salahzadəyə böyük ümid bəslədiklərini, 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərində onu dəstəkləyəcəklərini bildirdilər.
Yeni Azərbaycan Partiyasının seçki siyahısı ilə 27 saylı Sabunçu ikinci seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd verilmiş Qalib Aslan oğlu Salahzadə çıxışında Sabunçu seçiciləri ilə görüşdən məmnun olduğunu bildirdi. Qeyd etdi ki, ölkənin hər bir sahəsində baş verən uğurlar Sabunçuda da öz təzahürlərini tapır. Rayonun kənd və qəsəbələrində geniş quruculuq və abadlıq işlərinin aparıldığını söyləyən Q.Salahzadə bu uğurların davamlı olmasında Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri olduğunu bildirdi. Namizəd onu da vurğuladı ki, bütün seçkilərdə Sabunçu ictimaiyyəti ölkədə həyata keçirilən mütərəqqi ideyalara hər zaman dəstək verib və ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləməklə hər zaman Onun yanında olduğunu nümayiş etdirib. Bütün bunlara əsaslanaraq, demək olar ki, sabunçulular bu dəfə də düzgün qərar qəbul etməklə, 7 noyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasına dəstək verəcəklər.
Görüşün sonunda 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Qalib Aslan oğlu Salahzadə seçicilərin təklifləri, problemləri ilə bağlı fikirlərini dinlədi. Q.Salahzadə YAP-ın bu seçkilərə hansı iqtisadi-siyasi platforma ilə getdiyindən ətraflı danışaraq bildirdi ki, Yeni Azərbaycan Partiyası vəd vermir, YAP real iş görür: "Bunu yüksək qiymətləndirən xalq həmişə YAP-a dəstək olub. Bu baxımdan da, əgər millət vəkili seçilərəmsə, öz səlahiyyətim çərçivəsində qarşıya çıxan problemlərin həll olunmasına çalışacağam".

Digər xəbərlər