Şəmkirdə seçici fəallığı yüksəkdir
Dünən Şəmkir rayonunun Kür qəsəbəsinin seçiciləri ilə Yeni Azərbaycan Partiyası tərəfindən parlamentə namizədliyi 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən irəli sürülmüş YAP İcra katibinin müavini Mübariz Qurbanlının görüşü keçirilib. Görüşdə giriş sözü ilə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri F.Vəliyev ölkəmizin ictimai-siyasi həyatında 7 noyabrda keçirilən parlamentə növbəti seçkilərin mühüm əhəmiyyət daşıdığını söylədi və taleyüklü tədbirdə seçicilərin üzərinə düşən vəzifələrdən bəhs etdi.
Bildirdi ki, parlament seçkilərində, ölkəmizin hər bir bölgəsində olduğu kimi, Şəmkir rayon Kür qəsəbəsində də seçicilərin böyük fəallıq nümayiş etdirməsi heç kəsdə şübhə doğurmur. Bu baxımdan da, şəmkirlilərin birmənalı olaraq Yeni Azərbaycan Partiyasının irəli sürmüş olduğu namizədə dəstək olacağını əminliklə söyləmək olar.
Çıxışının sonunda təşkilat sədri bir daha seçiciləri fəal olmağa və daim yeniləşən və inkişaf edən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə səs verməyə çağırdı.
Yeni Azərbaycan Partiyası tərəfindən 100 saylı Şəmkir- Daşkəsən seçki dairəsindən namizədliyi irəli sürülmüş, YAP İcra katibinin müavini Mübariz Qurbanlı seçkilərin, ölkəmizin gələcək inkişaf strategiyası baxımından, xüsüsi əhəmiyyətə malik olduğunu söylədi. Buna görə də, hər bir vətəndaşımız seçkilərdə fəal şəkildə iştirak etməyi özləri üçün mühüm vəzifə hesab etməlidir: "Yeni Azərbaycan Partiyasının seçki proqramı bütövlükdə partiyanın ümumi proqram vəzifələrini müəyyən edir. Hər bir partiyanın seçki proqramı həmin partiyanın söykəndiyi və bütövlükdə onun müəyyən etdiyi strategiyanı özündə əks etdirir."
YAP İcra katibinin müavini, onu da qeyd etdi ki, partiyanın seçki proqramında dövlətimizin daha da gücləndirilməsi əksini tapıb. Eyni zamanda, seçki proqramında əhalinin sosial-rifah halının yüksəlməsi də Azərbaycan hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının başlıca istiqamətlərindən birini təşkil edir: "Ona görə də, partiyanın şüarı "güclü dövlət, yüksək rifah" fikrindən ibarətdir. Seçkiyə populist şüarlarla qatılan digər partiyalar isə, əvvəlki illərdə olduğu kimi, ənənələrini davam etdirməkdədirlər. Partiyaların nümayəndələrinin seçki kampaniyası zamanı səsləndirilən fikirlərində populizmə xüsusi yer verilir. Respublikamızın qarşısında duran vəzifələri Azərbaycan iqtidarı yerinə yetirməyə qadirdir və yerinə yetirməkdədir."
M.Qurbanlı ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramı" çərçivəsində, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Şəmkir rayonunda da uğurlu nailiyyətlərə imza atıldığını bildirdi. Qeyd etdi ki, ölkəmizdə xalqın sosial vəziyyətinin yaxşılaşdırılması və rifah halının yüksəldilməsi istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz mühüm sosial tədbirlər həyata keçirməkdədir.
M.Qurbanlı Şəmkir ictimaiyyətinin ölkədə həyata keçirilən mütərəqqi ideyalara hər zaman dəstək verdiyini və ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləməklə hər zaman Onun yanında olduğunu nümayiş etdirib. Bütün bunlara əsaslanaraq, demək olar ki, şəmkirlilər bu dəfə də düzgün qərar qəbul etməklə, 7 noyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasına dəstək verəcəklər.
Millət vəkili Məlahət İbrahimqızı da çıxışında Şəmkir seçiciləri ilə görüşdən məmnun olduğunu bildirdi. Qeyd etdi ki, ölkə sənayesinin hər bir sahəsində baş verən uğurlar Şəmkirdə də öz təzahürlərini tapmışdır. Rayonun kənd və qəsəbələrində geniş quruculuq və abadlıq işlərinin aparıldığını söyləyən M.İbrahimqızı bu uğurların davamlı olmasında Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri olduğunu söylədi. Onu da bildirdi ki, bütün seçkilərdə Şəmkir ictimaiyyəti Yeni Azərbaycan Partiyasına böyük dəstək verir. Əminliklə demək olar ki, bu dəfə də Şəmkir seçiciləri ənənələrinə sadiq qalaraq, Yeni Azərbaycan Partiyası tərəfindən 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən namizədliyi irəli sürülən M.Qurbanlıya səs verəcəklər.
Görüşdə Bakı Slavyan Unveristetinin professoru, YAP tərəfinidən 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədliyi irəli sürülmüş Sahibə Qafarova da çıxış edərək, Yeni Azərbaycan Partiyasının ümumxalq partiya olduğunu, daim dövlətçiliyimizin möhkəmlənməsinə və xalqın rifah halının yaxşılaşdırılmasına çalışdığını bildirdi. Onu da qeyd etdi ki, xalqın firəvan həyatının təmin olunması YAP-a olan inamı daha da artırıb.
S.Qafarova seçiciləri 7 noyabr seçkilərində fəal olmağa və Mübariz Qurbanlıya səs verməyə çağırdı.
Kür qəsəbə sakinləri adından çıxış edən Misir Yusibov, Məmməd İsgəndərov, Pirverdi Dağlaroğlu və digərləri noyabrın 7-də keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən parlament üzvlüyünə namizədliyi irəli sürülmüş Mübariz Qurbanlıya dəstək olacaqlarına bildirdilər.