Ölkəmizin həyatında olduqca mühüm əhəmiyyətə malik olan bu ilin noyabr ayının 7-də keçiriləcək parlament seçkiləri ictimai fəallığı ən yüksək səviyyədə olacağı şübhəsizdir. İnsanların gündəlik ictimai və sosial həyatında baş verən müsbət dəyişikliklər hər bir vətəndaşın dövlətin diqqət və qayğısı ilə əhatə olunması cəmiyyətin vacib proseslərə böyük diqqətini də özündə ehtiva etmiş olur.
Çünki istənilən halda vətəndaşın sosial problemlərinin və ictimai müstəvidə digər zəruri dəyərlərinin qarşılanması onun ətrafda baş verən digər məsələlərlə də xüsusi maraqla qoşulmasına səbəb olur. Bu baxımdan da, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli müstəqilliyimizin inkişafı və qorunub saxlanması, eyni zamanda, bugünümüzün inkişaf təzahürlərini özündə əks etdirmiş olub. Çünki Ümummilli Liderimiz Heydər Əliyev həmişə insanların sosial rifah halının yüksəldilməsi, onların digər zəruri problemlərinin həllində olduqca vacib addımlar atmışdır. Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən də daima vətəndaşlarımıza böyük diqqət və qayğı göstərilir. Məhz bunun nəticəsidir ki, xalqımızın bütün təbəqələri birmənalı şəkildə Prezident İlham Əliyevin həyata keçirmiş olduğu uğurlu siyasəti dəstəkləyir. Ölkəmizin istənilən sahəsində aparılan geniş quruculuq-abadlıq işləri, yeni-yeni iş yerlərinin açılması ictimaiyyətimiz tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlarla yanaşı, hər bir ölkənin ictimai-siyasi həyatında böyük önəm kəsb edən seçki prosesinin tam demokratik və şəffaf prinsiplər əsasında keçirilməsi də vacib amillər sırasındadır. Dövlətimiz tərəfindən seçkilərin demokratik prinsiplər əsasında keçirilməsi vətəndaşların sərbəst şəkildə iradələrini ifadə etməsi üçün münbib şərait yaradılıb və eyni zamanda, bu məsələdə beynəlxalq təcrübənin tətbiqi də əsas istiqamətlərdən biri hesab olunur.
1993-cü ildən bu günə qədər ölkəmizdə keçirilmiş seçki proseslərinin hər biri vətəndaş mövqeyinə, demokratik dəyərlərə söykənib. Bu proseslərdə isə, böyük güc mərkəzi kimi çıxış edən ölkənin və regionun yeganə monolit təşkilatı olan Yeni Azərbaycan Partiyası qatılmış olduğu bütün seçki proseslərində vətəndaşlarımızın tam dəstəyi ilə əhatə olunmuşdur. Birbaşa xalqın iradəsinə uyğun şəkildə siyasət həyata keçirən Yeni Azərbaycan Partiyasının ictimaiyyət tərəfindən dəstəklənməsi də təbiidir. Çünki böyük gücə malik olan bu siyasi təşkilatın əsas qayəsi insanların rifahını daha da yaxşılaşdırmaq, dövlətimizin öz gücünü və qüdrətini artırması üçün ən zəruri prinsipləri həyata keçirməkdən ibarətdir.
Bu ilin noyabrın 7-də keçiriləcək növbəti parlament seçkilərində də böyük güc və geniş resurslarla seçkiyə qatılan Yeni Azərbaycan Partiyası öz monolitliyini nümayiş etdirməkdədir. Xalqımızın, birmənalı olaraq, dəstək verdiyi YAP-ın irəli sürdüyü namizədlərin dəstəklənməsi də görülən işlərin məntiqi nəticəsi hesab olunur. "Səs" qəzeti olaraq, noyabrın 7-də keçiriləcək parlament seçkilərinin ictimai əhəmiyyətini nəzərə alıb paytaxt Bakı şəhər sakinləri arasında sorğu keçirdik. Bizimlə həmsöhbət olan paytaxt sakinləri keçiriləcək parlament seçkilərində Konstitusiyamızın onlara verdiyi huquqlardan istifadə edərək, iştirak edəcəklərini vurğuladılar.
Bakı şəhər sakini Rəcəb Baxşiyev parlament seçkilərində ailə üzvləri ilə birlikdə səsverməyə qatılacağını və arzuladıqları namizədə dəstək olacaqlarını bildirdi. Qeyd etdi ki, seçkilərlə bağlı lazımi informasiyaları və məlumatları gündəlik əldə edərək, öz bilgilərini daha da artırmaqla prosesdə fəal iştirak etməyə çalışır. "Mən bir vətəndaş kimi seçkilərdə iştirak edib öz gələcəyimiz naminə səsvermə prosesinə həmişə qatılmışam. Eyni zamanda, öz ətrafımda olan insanlara da verilmiş hüquqdan lazımınca istifadə etməyi tövsiyə etmişəm".
Paytaxt sakini Asəf Abbasov da seçkilərdə həmişə fəal olmağı ilə seçildiyini bildirdi. Söylədi ki, hər bir vətəndaşın seçkidə iştirak etməsi çox vacibdir. "Ona görə də, dostlarımıza və bizimlə ünsiyyətdə olan insanların hər birinə seçkidə iştirak etməyin vacibliyini bildirmişəm" deyən A.Abbasov parlament seçkilərində də qohum-əqrəba ilə birlikdə səsvermə məntəqəsinə gedəcəyini vurğuladı.
Bakı şəhər sakini Ariz Ağamalıyev seçkidə iştirak etməyin hər bir vətəndaşın borcu olduğunu bildirdi. Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəyini bildirən A.Ağamalıyev prosesə ailə üzvləri ilə birlikdə qatılacağını söylədi.
Seçkilərin ölkəmiz və vətəndaşlarımızın həyatı üçün önəmindən danışan Bakı şəhər sakini Zərifə Məmmədova da, hər seçkidə olduğu kimi, bu seçki prosesində də fəal şəkildə iştirak edəcəyini diqqətimizə çatdırdı.
Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da seçkilərdə vətəndaşların həmrəylik nümayiş etdirdiyini bildirən
Bakı şəhər sakini Mübariz Həsənov cəmiyyətin seçki əhval-ruhiyyəsində olduğunu bildirdi. Qeyd etdi ki, insanlar artıq öz iradələrini sərbəst şəkildə ifadə etməyi bacarırlar. "Çünki ölkəmizdə azad və ədalətli seçki mühiti formalaşıb" deyən M.Həsənov noyabrın 7-də də insanların axın-axın seçki məntəqələrinə gələcəyinə əmin olduğunu ifadə etdi.
"İnsanların sosial problemlərinin və digər sosial qayğılarının həll edilməsi və eyni zamanda, ölkədə aparılan düzgün siyasət seçkiyə inamın artırır" deyən paytaxt sakini Samir Əhmədov vətəndaşlarımızı parlament seçkilərində daha aktiv olmağa səslədi.
Parlament seçkilərində də vətəndaşlarımızın aktiv olacağına ümid etdiyini bildirən paytaxt sakini Nahil Məmmədov bu prosesdə YAP-ın nümayəndəsinə dəstək olacağını da diqqətə çatdırdı.
Hər seçkidə olduğu kimi, bu seçkidə də fəal iştirak edəcəyini bildirən Bakı şəhər sakini Tural İsgəndərov müxalifət nümayəndələrinin onların yaşadığı ərazidə fəaliyyət göstərən seçki dairəsində hay-küy qaldırmasından narahatlığını ifadə etdi. Bildirdi ki, bu cür insanlar hələ də, deyəsən, XXI əsrdə yaşadıqlarını unudublar. Qaragüruhçuluqla və səs-küy salmaqla vətəndaşlardan dəstək almağın artıq mümkünsüzlüyünü müxalifətçilər də anlamalıdırlar.
Bakı şəhər sakini Türkan Sadıqova, bir vətəndaş kimi, seçikdə fəal olmağa həmişə can atdığını və ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu məntəqədə səs verdiklərini bildirdi. "Biz ailəlikcə Yeni Azərbaycan Partiyasının namizədinə səs vermək üçün noyabrın 7-də seçki məntəqəsinə gedəcəyik".
Paytaxt sakini Selcan Novruzova da səsvermə hüququna malik olan bir şəxs kimi noyabrın 7-də keçiriləcək parlament seçkilərində iştirak edəcəyini diqqətimizə çatdırdı. Qeyd etdi ki, səsvermə yaşı çatan bir gündən seçkidə aktiv şəkildə iştirak etməyə can atıb. Bu seçkidə də, birmənalı olaraq, fəallıq eləcəyini və ailə üzvləri ilə birlikdə prosesə qatılacağını bildirdi.
Seçkilərin ölkəmizin və insanların həyatında xüsusi əhəmiyyətindən danışan Bakı şəhər sakini Mehriban Maqsudova seçicilərin hər birinin seçki məntəqəsinə gələrək, öz mövqelərini ifadə etməsinin başlıca şərt olduğunu bildirdi.
Bakı şəhər sakini Tünzalə Əliyeva da noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı ətraflı bilgiyə malik olduğunu bildirdi. Qeyd etdi ki, qeydiyyatda olduqları ərazidə fəaliyyət göstərən dairə və məntəqə üzvləri onlara bu proseslə bağlı dolğun məlumatlar çatdırıblar.
Noyabrın 7-də keçiriləcək parlament seçkilərində səsvermə məntəqəsinə gələrək, öz iradəsini ifadə edəcəyini bildirən Lamiyə Əhmədova da proseslə bağlı tam məlumatlı olduğunu söylədi.
Parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən irəliyə sürülmüş namizədə dəstək olacağını bildirən paytaxt sakini İradə Bilalova da seçkilərin insanların fəallığı ilə keçiriləcəyini söylədi.
Paytaxt sakini Vüqar Babayev də parlament seçkiləri ilə bağlı hərtərəfli məlumatlara malik olduğunu diqqətə çatdırdı. Bildirdi ki, seçkilər ölkəmiz üçün çox böyük əhəmiyyətə malikdir. Bu baxımdan da, hər bir vətəndaş kimi, o da noyabrın 7-də keçiriləcək parlament seçkilərində fəal iştirak edəcəyini söylədi.