MSK parlament seçkilərində "exit-poll" keçirəcək ilk qurumu qeydə alıb
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda noyabrın 7-nə təyin edilmiş Azərbaycan Milli Məclisinə seçkilərdə "exit-poll" keçirmək niyyətində olan qurumun müraciətinə baxılıb. MSK katibi Natiq Məmmədov məlumat verərək bildirib ki, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi MSK-ya müraciət edərək 7 noyabr parlament seçkiləri günü 118 dairədə hər birində 10 məntəqə olmaqla ümumilikdə 1180 məntəqədə "exit-poll" tədqiqatı həyata keçirmək niyyətində olduğunu bildirib. N. Məmmədovun sözlərinə görə, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi zəruri sənədlər paketini hazırlayaraq MSK-ya təqdim edib. O, Mərkəzin qeydə alınması üçün əsasların olduğunu deyib. Beləliklə, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 7 noyabr parlament seçkilərində "exit-poll" keçirməsi ilə bağlı MSK-da qeydə alınıb.
"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin keçirəcəyi "exit-poll" Naxçıvan Muxtar Respublikasındakı 7 seçki dairəsi istisna olmaqla, bütün ölkə ərazisini əhatə edəcək. Qeyd edək ki, mərkəz 2008-ci il prezident seçkilərində və 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində "exit-poll" tədqiqatı həyata keçirib.