Əli Əhmədov: "İnsanlar bəzən şeytanla da anlaşa bilirlər"
"Müxalifətdə hər seçkilər öncəsi ermənilərlə görüşmək kimi bir ənənə yaranıb". SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov partiyanın qərargahında keçirilən mətbuat konfransında deyib. Müsavat başqanı İsa Qəmbərin Almaniyada Erməni Milli Hərəkatı ilə qarşılıqlı əməkdaşlıq haqqında müqaviləni imzalamasına münasibət bildirən Ə.Əhmədov qeyd edib ki, bu dövlət maraqlarına xəyanət, eyni zamanda işğal olunmuş torpaqlardan didərgin düşən vətəndaşlarımıza hörmətsizlikdir: "2005-ci il parlament seçkiləri öncəsi AXCP-nin üzvü Ruslan Bəşirli ermənilərlə görüşdü. İndi də İsa Qəmbər. Hesab edirəm ki, bu bir ənənə halını alıb. Azərbaycan torpaqlarının işğal edilməsi üçün ideologiya hazırlayan 4-5 mərkəz olubsa, onlardan biri də Erməni Milli Hərəkatı olub. Belə çıxır ki, Müsavatın Azərbaycan xalqına gümanı gəlmir, Azərbaycan xalqından dəstək gözləmir. Erməni Milli Hərəkatı Azərbaycan torpaqlarının işğalı zamanı erməni rəhbərliyində olub. Ortada bir əməkdaşlıq müqaviləsi varsa, bu əməkdaşlığın kiməsə yönəldiyi şübhəsizdir. Bu əməkdaşlıq ermənilərə qarşı yönəlməyib, ermənilər buna imza atmazlar, çox güman ki, bu əməkdaşlıq Azərbaycanın maraqlarına qarşı yönəlib. Bu həmçinin Müsavat partiyasının məramına da ziddir. Bəzən insanlar şeytanla da anlaşma imzalaya bilirlər. Hansı məqsədlə İsa Qəmbər belə bir anlaşmaya imza atıb? Bu sualı onun özünə ünvanlamaq lazımdır". İ.Qəmbərin müxalifət və YAP namizədlərinin topladığı imzaları yoxlamaq məqsədilə komissiyanın yaradılması təklifinə də cavab verən Ə.Əhmədov buna razı olduğunu bildirib. Müsavat başqanı açıqlamasında həmçinin qeyd edib ki, YAP-ın 113 namizədindən 13-nün topladığı imzalar belə doğru çıxarsa, siyasətdən gedər. Ə.Əhmədov bu fikrə də cavab verib: "İsa Qəmbər bir vaxtlar da münəccimliklə məşğul olub. Hər 6 aydan bir deyirdi ki, gəlirəm. İndi də deyir ki, siyasətdən gedərəm. Heç bir yerə gedən deyil. Azərbaycan xalqı bu cür bəyanatları çox eşidib və ona görə də buna biganə yanaşır". YAP-ın əldə etdiklərinin qarşılığında müxalifətin özlərini YAP-a rəqib hesab etdiklərini deyən partiyanın icra katibi bildirib ki, müxalifət namizədləri arasında 10-15 ildən bəri işləməyənlər var və belə olan halda onların 40 min seçicini təmsil etmək istəyi gülüncdür: "AXCP-Müsavat" blokunun irəli sürdüyü namizədlərin xarakteriskasına diqqət yetirək. Onların xarakteriskasını lazımı qədər araşdıra bilməsək də bəzi məqamları deyə bilərik. Görün, Yeni Azərbaycan Partiyasının ictimai etimad qazanan namizədlərinə qarşı müxalifət kimləri çıxarır. Özünə 10-15 ildir ki, iş tapa bilməyənlər indi 40 min seçicini neçə təmsil edəcəklər. Belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının rəqibi olmaq iddiasına düşmək nə qədər məntiqlidir. Deputat seçilməklə işsizlik problemini aradan qaldırmaq heç də yaxşı üsul deyil. Bizim partiyanın da qəzeti var, "Yeni Azərbaycan", "Səs" qəzeti. Onlarda ümumilikdə 40-50 nəfər işləyir. Gərək biz də onların namizədliyini irəli sürərdik. Halbuki, müxalifət qəzetlərinin bütün işçiləri namizədliyini irəli sürüb". YAP-ın irəli sürdüyü namizədlərin imza toplamasına icra strukturlarının kömək etməsi ilə bağlı müxalifət düşərgəsində səslənən fikirlərə münasibət bildirən Ə.Əhmədov bu fikirlərlə razılaşmadığını vurğulayıb. YAP-ın icra katibi partiyanın yalnız üzvlərinin köməyi ilə namizədlərə lazım olandan 10 dəfə artıq imza toplamağın mümkün olduğunu söyləyib. O, eyni zamanda YAP namizədlərinin imzatoplama kampaniyasını tez yekunlaşdırmasında namizədə bu işdə 10 nəfərin kömək etdiyini vurğulayıb: "Namizədlərimizə imza toplamaq üçün 10 nəfər kömək edib. Hər birinə isə yalnız 50 imza düşür. 50 imzanı bir kənddə nə vaxta toplamaq olar, əlbəttə ki, bir neçə saata. Müxalifət namizədi isə imzaları özü toplayıb. Başa düşmürəm, AXCP-Müsavatı nə narahat edir? Üzvlərimizin sayının 500 mindən artıq olmasınımı, YAP-ın öz işini yaxşı təşkil etməsinimi, yaxud ad üzvlərinin həvəslə imtoplama kampaniyasında iştirak etməsimi? Bundan əvvəl də müxalifət bizə qarşı qarayaxma kampaniyası aparıb. Amma hədəf biz olmamalıyıq. hədəf vətəndaşlar olmalıdır. Vətəndaşların rəğbətini qazanmalıdırlar. YAP-a qarşı necə mübarizə apara bilərlər ki, üzvlərimizin sayı bütün müxalifətin üzvlərinin sayından 10 dəfə çoxdur".