Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda Azərbaycanın 2011-ci il dövlət büdcəsinin layihəsi müzakirə edildi. Müzakirələr zamanı parlamentin spikeri Oqtay Əsədov bildirdi ki, büdcə və büdcə zərfində olan sənədlər səngiməkdə olan dünya iqtisadi böhranı nəzərə alınaraq, hazırlanıb və dünya iqtisadiyyatında baş verən dəyişmələr də nəzərə alınıb. O.Əsədovun sözlərinə görə, dövlət büdcəsinin gəlir və xərclər hissəsində 4-5 faizlik, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində isə 12 faizlik artımın nəzərdə tutulduğunu söylədi.
Spiker onu da vurğuladı ki, dövlət büdcəsi parlamentin komitələrində müzakirə olunaraq müsbət rəy alıb: "Ölkənin müdafiə qüdrətinin yüksəlməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə gələn ilin dövlət büdcəsində xərclər artırılmaqla lazımi qədər maliyyə vəsaiti ayrılması nəzərdə tutulur. Bu məsələ daim dövlətin diqqət mərkəzində olduğu üçün büdcənin tərtib praktikası ildən-ilə təkmilləşdirilir. Əminliklə vurğulamaq istərdim ki, 2011-ci ilin dövlət büdcəsi Azərbaycan iqtisadiyyatının tərəqqisinə və xalqın rifah halının yaxşılaşdırılmasına yönəldiləcəkdir."
Ölkə iqtisadiyyatı dinamik və dayanaqlı inkişaf yolundadır
İclasda İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək, büdcə haqqında məlumat verdi. Z.Səmədzadə Azərbaycanın iqtisadiyyatının XXI əsrdə dinamik və dayanaqlı inkişaf etdiyini bildirdi: "Bu il XXI əsrin on illiyinə yekun vururuq. Bu on il ərzində Azərbaycan dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilərək, iqtisadi cəhətdən möhkəmlənmişdir".
Z.Səmədzadə onu da vurğuladı ki, bu sənəd ölkə iqtisadiyyatını, milli müdafiə və təhlükəsizliyi təmin edən bir qanun layihəsidir. Ölkədə qeyri-neft sektoruna olan qayğıya toxunan komitə sədri söylədi ki, ölkəmizdə bu sektora dövlət qayğısının artırılması prioritet istiqamətlərdəndir: "2011-ci ilin dövlət büdcəsinin 33 faizi sosial xərclərə yönəlib. Bu da, o deməkdir ki, 2011-ciin dövlət büdcəsində sosial sahənin çəkisi artıb. Azərbaycanın büdcə kəsrləri 1,7 faizdir. 2003-cü ildə adambaşına düşən büdcə gəlirləri 150 manat, adambaşına düşən xarici borclar 190 manat ididisə, 2011-ci ildə adambaşına düşən büdcə gəlirləri 1630 manat, xarici borcları isə 250 manatdır. Bu da, o deməkdir ki, adambaşına düşən büdcə gəlirləri 6 dəfədən çox artıb. Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib".
2011-ci il üçün büdcənin gəlirləri 12061 mln. manat olacaq
İclas çıxış edən maliyyə naziri Samir Şərifov 2011-ci ilin dövlət büdcəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Prezident tərəfindən Milli Məclisə daxil olduğunu bildirdi. Samir Şərifov 2011-ci ilin dövlət büdcəsinin parametrləri haqqında məlumat verərək, bildirdi ki, layihə Milli Məclisin bütün komitələrində müzakirə edilib və müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub. Onun sözlərinə görə, sözügedən sənəd son illər ərzində gedən sosial-iqtisadi inkişaf, ötən 8 ay ərzində ölkəmizdə gedən iqtisadi inkişaf nəzərə alınaraq, cari ilin 8 ayında makroiqtisadi göstəricilər əsasında hazırlanıb: "Gələn ilin dövlət büdcəsində gəlirlər 12 milyard 61 milyon manat həcmində nəzərdə tutulur. Bunun cari illə müqayisədə 4,8 faiz çoxdur. Xərclər isə 12 milyard 748 milyon manat olması planlaşdırılır ki, bu da 2010-cu illə müqayisədə 3,9 faiz artıqdır. Büdcə layihəsində sosial yönümlülük prioritet istiqamət kimi saxlanılacaq. Belə ki, gələn il üçün sosial xərclər ümumi xərclərin 33,3 faizini təşkil edəcək. Layihədə 2011-ci ilin dövlət büdcəsinin gəlirlərini 12061000 min manat, xərclərini 12748000 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 11613958,2 min manat, yerli gəlirləri 447041,8 min manat və mərkəzləşdirilmiş xərcləri 11440460 min manat, yerli xərcləri 1307540,0 min manat) məbləğində təsdiq etmək nəzərdə tutulur. Dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi 690000 hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 210000 əlavə dəyər vergisi 2121600 Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 818000 aksiz vergisi 495 000 min manat həcmində göstərilib".
S.Şərifov vurğuladı ki, dövlət büdcəsində bir barrel neftin qiyməti 60 dollar məbləğində müəyyən edilib. Büdcənin gəlirlərinin ÜDM 30 faizi həcmində 2010-cu illə müqayisədə 4.8 faiz çox planlaşdırıldığını deyən nazir qeyd edib ki, məqsədli dövlət proqramlarının və tədbirlər üçün xərclərin 42,3 faiz məbləğində və ya 5 milyard 390 milyon manat ayrılıb.
Onun sözlərinə görə, bu cari xərclərin tərkibində sosial müdafiə və ya sosial təminatlı xərclərin xüsusi çəkisi 10,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq xərcləri 3,5, səhiyyə 4,3, kommunal təsərrüfat xərcləri 1,8, mədəniyyət, incəsənət, KİV xərcləri 1,6 faiz, elm xərcləri 0,9 faiz, təhsil xərcləri 10,5 faiz, əsas bölmədə aid edilməyən xərclər 6,3 faiz, dövlət əsaslı vəsait xərcləri isə 26,5 faiz təşkil edib: "Sosialyönümlü xərclərin büdcədəki çəkisi 33,3 faiz nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 8,8 faiz artıq planlaşdırılıb. Ölkə əhalisinin rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 500 milyon manatadək məbləğ nəzərdə tutulub. Elm, təhsil, səhiyyə, gənclər, bədən tərbiyəsi və digər sahələr üçün 3 milyon 518 milyon nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 7,5 faiz çoxdur. Məqsədli dövlət tədbirləri və proqramların maliyyə təminatı üçün 320 milyon vəsait nəzərdə tutulub. Ayrı-ayrı uşaq, qadın hüquqları, gender siyasəti həyata keçirilməsi istiqamətində və digər bu kimi məsələlərin həlli üçün büdcədə 2 milyon manat vəsait planlaşdırılıb. Bu da cari illə müqayisədə 18,48 faiz çoxdur. Ombudsmana dövlət büdcəsindən 1,4 milyon vəsait ayrılıb. Qaçqın və məcburi köçkünlər üçün büdcədə 196,3 milyon vəsait nəzərdə tutulub. Dövlət müdafiə sahəsinə, sosial layihələrin həyata keçirilməsi üçün planlaşdırılan layihələrin həyata keçirilməsi ilə birgə müdafiə xərcləri 2011-ci ilin büdcəsində 18,9 faiz həcmində və ya bu illə müqayisədə 9,1 faiz çox maliyyə ayrılması nəzərdə tutulub. Məhkəmə sistemləri, hakim korpuslarının yeniləşdirilməsi üçün büdcədə 43 milyon nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 3,8 faiz artıb. Xarici dövlət borcu 2010-cu il üçün gözlənilən ÜDM-nın 7,1 faizini təşkil edilib ki, bu da normal hesab edilir. Büdcə hazırlanarkən ölkənin xarici borcu əvvəlki illə müqayisədə 700 milyon manat azalıb. Yeni büdcədə ölkənin daxili və xarici borclarının silinməsi üçün 347 milyon vəsait proqnozlaşdırılıb".
Son 7 ildə regionların inkişafı sürətlənir
İclasda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edərək, bildirdi ki, konsepsiya və proqnozların hazırlanması prosesində ötən ilin yekunları və dövrün sosial-iqtisadi nəticələri, aidiyyatı dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də, ölkə iqtisadiyyatının gələcək inkişafına təsir edə biləcək bir sıra xüsusiyyətlər, o cümlədən, inflyasiya meyillərinin artması ehtimalı, neftin qiymətinin kəskin şəkildə artıb-azalması və digər amillər nəzərə alınıb.
Nazir onu da bildirdi ki, 2010-2013-cü illər üçün əsas makroiqtisadi göstəricilərin proqnozları hazırlanan zaman beynəlxalq təşkilatların, o cümlədən, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının proqnozları və həmin proqnozlara təsir edən bütün amillər təhlil edilmişdir. Bu qurumların və digər beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı proqnozları müsbətdir. Məsələn, 2010-cu il üçün Azərbaycanda ümumi daxili məhsulun artım sürətini Beynəlxalq Valyuta Fondu 12,5 faiz, Dünya Bankı 7,8 faiz, Avropa Yenidənqurma və İnkişaf Bankı 6 faiz, Asiya İnkişaf Bankı 6,7 faiz proqnozlaşdırırlar.
İqtisadi inkişaf naziri Ş.Mustafayev 2011-ci ildə iqtisadi artımın 2,8 faiz təşkil etdiyini, ümumdaxili məhsulun nominal dəyəri 40,2 milyard manat və yaxud 50 milyard dollar olacağını vurğuladı: "2014-cü ilədək ölkə iqtisadiyyatı orta illik iqtisadiyyatı 7 faiz proqnozlaşdırılır. 2011-ci ildə adambaşına düşən ümumdaxili məhsul 5540 dollardan çox olaraq 2014-cü ildə 7100 dollara çatacağı proqnozlaşdırılır. Növbəti il üçün manatın məzənnəsi 80,4 qəpik müəyyənləşdirilib. Eyni zamanda, bu gün müzakirə edilən əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması məqsədi ilə neftin bir barrelinin dünya bazar qiyməti 2010-cu il üçün 45 dollar qəbul edilmişdir. Eləcə də, neftin bir barrelinin dünya bazar qiymətini 50 dollar, 55 dollar, 60 dollar və 70 dollar qəbul etməklə proqnozların müxtəlif variantları da hazırlanmışdır. Bununla yanaşı, növbəti il üçün inflyasiya 3 faiz səviyyəsində proqnozlaşdırılmışdır".
İqtisadi inkişaf naziri bildirdi ki, ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar son 7 ildə daha da möhkəmlənib, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib və əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb.
Şahin Mustafayevin bildirdiyinə görə, yaradılmış münbit şərait, davamlı və sürətli iqtisadi inkişaf nəticəsində 2004-2009-ci illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artıb. Qeyd olunan müddətdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş büdcə xərcləri 4,8 dəfə, orta aylıq əməkhaqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əməkhaqqı 6,3 dəfə çoxalıb. Yoxsulluq səviyyəsi 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizə düşüb. Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılıb və onun həcmi 26 milyard dolları ötüb. İndiyədək 900 mindən çox yeni iş yeri yaradılıb. Əlverişli biznes mühitinin təmin edilməsi nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 80 milyard dollardan artıqdır.
Ş.Mustafayev neft hasilatının da artacağını bildirdi: "Neft hasilatı növbəti dörd ildə 223 milyon tona, o cümlədən, 2011-ci ildəki 51,16 milyon tondan 2014-cü ildə 62,2 milyon tona çatacaqdır".
Milli Məclisin 2011-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələr davam edir.
Qeyd edək ki, iclasda Azərbaycanın baş naziri Artur Rasizadə və hökumət nümayəndələri də iştirak edirlər.