Bakıda Sosialist İnternasionalının MDB, Qafqaz və Qara dəniz hövzəsi üzrə regional toplantısı keçirilib
Dünən Bakıda Sosialist İnternasionalının MDB, Qafqaz və Qara dəniz hövzəsi üzrə regional toplantısı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iki gün davam edəcək tədbirdə Sosinternin baş katibi Luis Ayala, Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Gürcüstan, Belorus, Ukrayna və digər ölkələrinin nümayəndələri, hətta Erməni İnqilabi Federasiyası Daşnaksutyunun Büro üzvü Mario Nalbandyan və Daşnaksutyunun siyasi məsələlər üzrə ofisinin, eləcə də "Ay-Dat"ın (Erməni məsələsi) mərkəzi ofisinin rəhbəri Kiro Manoyan iştirak edib.
Toplantını giriş sözü ilə açan Sosinternin baş katibi Luis Ayala bildirib ki, bu tədbir iyun ayında İrəvanda keçirilən dialoqun davamıdır. O vurğulayıb ki, iclasda əsasən regiondakı münaqişələr və MDB ölkələrində keçiriləcək seçkilərlə əlaqədar müzakirə aparılacaq. L.Ayalanın sözlərinə görə, bu dialoqlar, görüşlər vasitəsilə problemlərin həllinə kömək etməyə çalışırıq: "Tədbirin təşkil edilməsində məqsəd Qafqazdakı münaqişələrlə bağlı öz mövqeyimizi bildirmək və bu mövzuda fikir mübadiləsi aparmaqdır. Qeyd edim ki, münaqişənin həlli istiqamətində Azərbaycan və Ermənistan hökumətləri danışıqlar prosesini davam etdirir. Bu problemin həllində siyasətçilərin mühüm rolu var. İnanıram ki, belə tədbirlər dialoqun aktivləşməsinə daha yaxından kömək edəcək".
Toplantının davamında çıxış edən Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, son illər Azərbaycanda iqtisadiyyat, mədəniyyət, idman və digər sahələr üzrə mühüm beynəlxalq tədbirlər keçirilir. Onun sözlərinə görə, bu kimi beynəlxalq tədbirlərin təşkili Azərbaycanla beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirir: "Tədbirlərdə qəbul olunmuş qərarlar həmin sahələrin inkişafına öz töhfələrini verməkdədir. Ümidvaram ki, bu gün keçirilən toplantı ölkəmizlə bu təşkilat arasındakı əməkdaşlığın güclənməsinə öz töhfələrini verəcək".
1991-ci ildən Azərbaycanın böyük inkişaf yolunun keçdiyini deyən V.Əliyev vurğulayıb ki, demokratik prinsiplərin bərqərar olunması, vətəndaş quruculuğu prosesi dövlət siyasətinin əsas prioritetlərindəndir. Sektor müdiri bu gün ölkədə müxtəlif təmayüllü 54 siyasi partiya qeydiyyatdan keçdiyini və tam sərbəst mühitdə fəaliyyət göstərdiklərini deyib.
Daha sonra tədbir çıxış edən Ermənistanın "Daşnaksutyun" Partiyasının üzvü Kiro Manoyan vurğulayıb ki, belə görüşlər tərəflər arasında inam yaratmağa xidmət edir. Münaqişənin həlli üçün belə görüşlərə ehtiyac olduğunu deyən K.Manoyan bildirib ki, danışıqlar ölkə liderləri tərəfindən aparılır. Onun sözlərinə göər, belə tədbirlər bir növ dialoqdur və Dağlıq Qarabağ probleminin həlli yolunda çox vacib addımdır.
Tədbirin davamında digər ölkələrin nümayəndələri məsələyə öz münasibətlərini bildiriblər.