PDF Oxu

Əsas

  • 24

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirildi

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirildi

Dünən Milli Məclisin keçirdiyi payız sessiyasının növbəti plenar iclasının gündəliyinə 5 məsələ daxil edilmişdi: "İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı", "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi", "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası qanununlarında dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası orqanının layihəsi barədə", "Məhkəmələr və hakimlər haqqında" qanununa əlavə və dəyişikliklər edilməsi barədə, "İnvestisiya fondları haqqında qanun layihəsi" (ikinci oxunuş) müzakirə olundu.
İclası giriş sözü ilə açan spiker Oqtay Əsədov gündəliyə daxil olan layihələr haqqında məlumat verdi. O bildirdi ki, gündəliyə daxil olan 2 qanun Milli Məclisə ölkə Prezidenti tərəfindən daxil olub.
Sonra Milli Məclisin iclasında MSK-da boş qalmış yerlərə nümayəndələrin təsdiq edilməsi məsələsinə baxıldı. Milli Məclisdə azlıqda təmsil olunan partiyaların nümayəndələrindən Gülağa Aslanlı (Müsavat partiyası) və Mikayıl Rəhimli (BAXCP), bitərəflərin nümayəndəsi olaraq isə ixtisasca hüquqşünas olan Arifə Ağaverdi qızı Muxtarova MSK-ya üzv təsdiqləndi. Deputatlardan 93-ü lehinə səs verdi, 1 nəfər bitərəf qaldı.

Müxalifət parlament tribunasından özünü reklam üçün istifadə edir
Bəzi müxalifət deputatlarlarının qeyri-obyektiv fikirlərinə münasibət bildirən YAP İcra katibanin müavini, millət vəkili Mübariz Qurbanlı bu məsələnin təsdiq olunduqdan sonra müzakirə edilməsinin heç birnin qanunauyğun olmadığını söylədi: "Əgər bu məsələ sizlərin müzakirəsinə verilirsə və müzakirə olunduqdan sonra təsdiqlənirsə, yenidən bir də müzakirə etməyə ehtiyac var? Çox təəssüf edirəm ki, burada bəziləri, xüsusilə də, müxalifətdən olan deputatları ancaq hay-küy salmaqla, mənasız müzakirələr açırlar. Bir an dünya parlament təcrübəsinə baxın. Elə məsələlər var ki bəllidir, bunu bir də müzakirə etməyin bir mənası var? Hər məsələdən ötrü tribuna, mikrofon əldə etmək, danışmağa cəhd göstərmək, mənim düşüncəmə görə, bunun özü reklam xarekterli bir məsələdir. Bilsinlər ki, bu, onlara heç vaxt xeyir gətirməyəcək. Müxalifət qəzetlərində də kim bundan istifadə edirsə, onların bu niyyəti xeyirli deyil. Çünki hər şey qanun çərçivəsində qəbul olunur. İstər komissiyaların formalaşması, istərsə də digər məsələlər qanuna əsasən həyata keçirilir. Seçki Məcəlləsinə uyğun namizədlər verilib. Kimsə, vaxtında namizədliyini verməyibsə, məntəqədə, dairədə təmsil olunubsa, bu, onun öz işidir. İkinci bir tərəfdən, həmin məntəqə və dairələrdə təmsil olunan müxtəlif partiyaların nümayəndələrinə böhtan atmaq, həmin partiyaları aşağılamaq, hesab edirəm ki, bunun özü siyasi etika baxımından düzgün deyil".

Pənah Hüseynov dezinformasiya ilə məşğuldur
YAP İcra katibinin müavini, millət vəkili M.Qurbanlı müxalifətin millət vəkili Pənah Hüseynovun dezinformasiya ilə məşğul olduğunu söylədi: "Həmin məntəqələrdə, dairələrdə heç kəs Müsavat və yaxud da digər partiyalardan gizli qalmayan və müxalifətdə olan partiyaların nümayəndələri var. Hansı haqla P.Hüseynov hansı haqla və nəyə əsaslanaraq bir partiyanın digər partiyalardan üstün oldduğunu söyləyir? Hansısa seçkidə kimsə üstün səs ala bilər, o birisi seçkidə də digər partiyalar üstünlük əldə edə bilər. Ona görə də, hesab edirəm ki, Milli Məclisin iclasında MSK-da boş qalmış yerlərə nümayəndələrin təsdiq edilməsi məsələsi düzgündür".

Müxalifət seçicilərlə iş aparmaq əvəzinə, dairə-məntəqə üzvləri uğrunda mübarizə aparır
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov iclasda müxalifətdən olan millət vəkillərinin səsləndirdiyi fikirlərə münasibət bildirdi: "Burada MSK-nı tərəfsiz adlandırırlar. Hesab edirəm ki, MSK tərəfsiz olmalıdır. Əslində, ora elə bitərəflilər təyin edilməlidir. Ora təyin olunanlar qanunun aliliyini gözləməlidirlər. İkincisi, qanunvericiliklə bağlı fikirlər səsləndi. Keçən dəfə də MSK-nın təşkil olunması ilə bağlı bildirmişdim ki, burada azlıqda nəzərdə tutulan ən azı bir parlament seçkilərindən sonra, məsələn, Ana Vətən Partiyası yenə də daha çox səsə toplasın. O demək deyil ki, orada yenə dəyişiklik olacaq və yaxud da onlar yerini dəyişməlidir. Azlıq ümumilikdə azlıqdır və ora daxil olan partiyaların hamısı azlıqda gedir. Onların hər birinə də müvafiq yer ayrılır. Ancaq qanunun aliliyi hamı üçün eynidir".
S.Novruzov müxalifətin seçicilərlə iş aparmaq əvəzinə, dairə- məntəqə, MSK üzvlərinin seçilməsi uğrunda mübarizə apardığını söylədi: "Seçici səs verir və hər bir məntəqə, dairədə də hər bir insanını müşahidəçisi var. Ona görə də, seçkidə əsas məsələ sosial bazanın olmasıdır. Əgər kiminsə elektroratı yoxdursa, istər MSK-da həmin adamın lap 20 nəfər nümayəndəsi olsun, heç bir nəticə əldə edə bilməyəcək. Ona görə də, imza toplaya bilməyənlər artıq indidən böhtanatma kampaniyasına başlayıblar. Bir aydır ki, imzatoplama kampaniyası başlayıbdır, ancaq bu partiyanın liderləri Dairə-Seçki Komissiyalarına dünən imza vərəqələrini təqdim ediblər. Budur, onların göstəricisi. Belə olan halda, görəsən, sabah təbliğat kampaniyasının necə aparacaqlar? Ona görə də, daxilində heç bir iş görə bilməyib, onun-bunun üstünə böhtan atıb, komitələri şərləməklə hes kəs Milli Məclisin deputatı seçilməyəcək. Görünür, başqa bir yerə seçiləcək. Ona görə də, hamı qanunun aliliyinə tabe olmalıdır.
Qeyd edək ki, bu gün yeni üzvlərin təsdiq olunması ilə MSK üzvlərinin sayı 18-ə çatıb. Beləliklə, MSK tam tərkibdə formalaşıb.

Ötən il insan alveri ilə mübarizəyə dair layihələrə 50 min manat qrant ayrılıb
Gündəliyin birinci məsələsi ilə bağlı Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatoru, daxili işlər nazirinin 1-ci müavini Vilayət Eyvazovun insan alverinə qarşı mübarizəyə dair hesabatı dinlənildi. V.Eyvazov bildirdi ki, antisosial mahiyyəti və ictimai təhlükəliliyi baxımından bu növ cinayətlərin vaxtında aşkarlanması və qarşısının alınmasına diqqət göstərilir. Ötən dövrdə görülən işlər barədə məlumat verən milli koordinator vurğuladı ki, 2009-cu ilin may ayından DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin internet saytı, cinayətlərin qurbanlarının və potensial qurbanların müvəqqəti yaşaması üçün sığınacaq və 24 saat ərzində pulsuz xidmət göstərən əlaqə telefonu, həmçinin, QHT-lərin əməkdaşları ilə komplektləşdirilmiş "Qaynar xətt" istifadəyə verilib: "Sığınacağın normal fəaliyyəti, orada çalışanların maaşlarının ödənilməsi, qurbanların ərzaq, tibbi və s. ləvazimatlarla təmin edilməsi məqsədilə DİN-in büdcəsindən hər il orta hesabla 52 min manat, qurbanlara birdəfəlik müavinətlərin verilməsinə 5 min manatadək vəsait xərclənib. Ötən il "Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq insan alveri ilə mübarizəyə dair layihələrə 50 min manat qrant ayrılıb. Nazirlər Kabinetinin qərarı ilə cari ilin may ayından insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləği 200 manata çatdırılıb. Ötən dövrdə, həmçinin, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq həyata keçirilib".
V.Eyvazov onu da söylədi ki, insan alverinə qarşı görülən işlər sırasında milli fəaliyyət planının icrasına uyğun olaraq QHT-lərlə əlaqədar maarifləndirmə tədbirlərinin icrası üzrə xüsusi proqram əsasında 15 şəhər və rayonda kütləvi tədbirlər təşkil edilərək 152 telefon zəng xidmətinin reklam çarxları, sənədli film nümayiş etdirilib, qaynar xəttin fəaliyyətləri QHT koalisiyası haqqında ətraflı məlumat verilib.
Milli koordinator bildirdi ki, ötən dövr ərzində Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də, AMEA-nın İnsan Hüquqları İnstitutunun əməkdaşları tərəfindən, bir sıra QHT nümayəndələri ilə birgə respublikanın 39 şəhər və rayonlarında müxtəlif sahələrdə çalışan insanlar üçün müxtəlif mövzularda seminarlar keçirilib. V.Eyvazov cari ilin ötən dövründə polis tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən, dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb edilən 611 azyaşlının müəyyən edildiyini qeyd etdi. Milli koordinatorun sözlərinə görə, müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməyib: "Övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, uşaqlarını hüquqa zidd əməllərə cəlb edən valideynlər barəsində qanunla müəyyən edilmiş tədbirlər görülüb, onların əksəriyyəti profilaktik uçota götürülüb. Beynəlxalq təşkilatların hesabatlarına görə, 2009-cu ildə dünyada 12,3 milyon insan bu cinayətlərin qurbanına çevrilmişdir ki, onlardan 56 faizini qadın və qızlar təşkil edir. Cinayətkarların insan alverindən əldə etdiyi gəlirlərin miqdarı 18 milyona bərabərdir. 2008-ci illə müqayisədə ötən ilə 56 faiz çox, yəni 49 min 105 insan alverinin qurbanı müəyyən edilib. 2010-cu ilin 9 ayında həyata keçirilən əməlii profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 63 fakt qeydə alınıb. 5 cinayət qrupu zərərsizləşdirilib, bütövlükdə, 29 cinayətkar ifşa edilib. Cari ilin qaynar xət, dövründə müxtəlif problemlərlə əlaqədar 11 min 994 zəng daxil olub".
Milli koordinator əlavə edərək, vurğuladı ki, cari ilin ötən dövründə polis tərəfindən, keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən, dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb edilən 611 azyaşlı müəyyən edilib. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənib. Övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, uşaqlarını hüquqa zidd əməllərə cəlb edən valideynlər barəsində qanunla müəyyən edilmiş tədbirlər görülüb, onların əksəriyyəti profilaktik uçota götürülüb.

"İnvestisiya fondları haqqında" Qanun layihəsi müasir tələblər nəzərə alınmaqla hazırlanıb
Gündəlikdə olan "İnvestisiya fondları haqqında" Qanun layihəsi də müzakirə olundu. Qanun layihəsi barədə məlumat verən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, layihədə investisiya fondlarının dövlət reyestri, səhmdar investisiya fondlarının təşkili və fəaliyyəti, fondu idarəetmə, səhmlərin emissiyası, səhmdar investisiya fondunun investisiya bəyannamələri, investisiya fondlarının payı, paylı investisiya fondlarının paylarının satışı və geri alınması, xarici investisiya fondları və ya nümayəndəliklərin fəaliyyətinə icazənin verilməsi, icazənin ləğvi və s. bu kimi məsələlər əksini tapıb: "Bundan əvvəl, 1999-cu ildə qəbul edilmiş qanun çox mürəkkəb idi. Bu layihədə də müəyyən mürəkkəbliklər var və ikinci oxunuşdan sonra sadələşdiriləcək. Ümumilikdə, qanun layihəsi müasir tələblər nəzərə alınmaqla hazırlanıb. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə olunub".
Qanun layihəsinə münasibət bildirən millət vəkili Vahid Əhmədov bu qanunun ölkədə səhmdar cəmiyyətlərin inkişafına təkan verəcəyini söylədi.
Sonda qanun layihəsinin üçüncü oxunuşda Milli Məclisin iclasına çıxarılması üçün deputatların təklifləri nəzərə alınmaqla işlənilməsi tövsiyə olundu.

Digər xəbərlər