Dünya birliyindən Azərbaycanın inkişafına dah bir qiymət
Gəlirlərə Nəzarət İnstitutu və Beynəlxalq Şəffaflıq Təşkilatı hökumətlərin neft, qaz və mədən sənayesində idarəetmənin şəffaflığının ilk qiymətləndirilməsinə dair hesabat hazırlayıb.
Təbii resursların əsas istehsalçısı olan ölkələr arasında əsaslı müqayisəyə imkan verən Gəlirlərə Nəzarət İndeksinə görə Azərbaycan Amerika Birləşmiş Ştatları, Cənubi Afrika Respublikası, Malayziya, Çin, Səudiyyə Ərəbistanı, Küveyt kimi ölkələri qabaqlayaraq 9-cu sırada yer tutub. Hesabatda 41 ölkənin hökumətinin neft, qaz və digər faydalı qazıntıların işlənilməsi üçün əldə etdiyi gəlirlərin, müqavilələrin və digər məlumatların ictimaiyyətə açıqlanması müqayisə olunub. Ölkələr gəlirlərin yüksək, orta və az şəffaflığı ilə fərqlənən kateqoriyalarına bölünüblər. Azərbaycan Braziliya, Norveç, ABŞ, Çili, Rusiya və digər bir neçə ölkə ilə birlikdə gəlirlərin yüksək şəffaflığı ilə fərqlənən dövlətlər sırasında olub. Hesabatın ölkəmizə aid hissəsində qeyd olunub ki, Azərbaycan 100 mümkün xaldan 75,5 xalla 41 ölkə arasında 9-cu sırada yer alıb. Hesabatın təbii ehtiyatlar fondu parametrinə görə Azərbaycana 100 xal verilib. Qiymətin maksimum olması onu göstərir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunda toplanan və idarə olunan gəlirlərlə bağlı verilən hesabatlar tam, şəffaf və dolğun şəkildə müntəzəm olaraq təqdim edilir. Azərbaycan sənədin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü parametrində də maksimum - 100 xal yığıb. Qeyd edilir ki, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə kimi ən yüksək balı almağa layiqdir. Azərbaycan bu təşəbbüsdə dünyada lider rolunu oynayır. Hesabatın gəlirlərin əldə edilməsi parametrinə görə Azərbaycana 76,3 xal verilib. Bu sahədə göstəricinin kifayət qədər yaxşı olması onu göstərir ki, neft və qaz sənayesindən əldə edilən gəlirlə bağlı məlumatlar ictimaiyyət üçün əlyetərlidir.