PDF Oxu

Əsas

  • 18

Vasif Talıbov Dünya Bankının nümayəndəsi ilə görüşüb

Vasif Talıbov Dünya Bankının nümayəndəsi ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dünən Dünya Bankının Azərbaycan Respublikası üzrə nümayəndəsi Jozef Ouenlə görüşüb. Ali Məclisin sədri qonağa yeni vəzifəsində uğurlar arzulayaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası ilə Dünya Bankı arasındakı əlaqələr Azərbaycan-Dünya Bankı çərçivəsində uzun müddətdir ki, davam edir. Bu əlaqələr muxtar respublikada içməli su xətlərinin çəkilişi, kənd təsərrüfatında suvarma-drenaj şəbəkələrinin təmir-bərpa, kiçik miqyaslı irriqasiya işlərinin aparılmasında və digər sosial sahələrin yaxşılaşdırılmasında öz bəhrəsini verir. Hazırda muxtar respublikada Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri" layihəsi həyata keçirilir. Ali Məclisin sədri Dünya Bankı nümayəndəsinin Azərbaycandakı fəaliyyəti dövründə qarşılıqlı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir. Jozef Ouen Dünya Bankının muxtar respublikada kifayət qədər geniş fəaliyyət sahəsi olduğunu, kənd investisiya layihəsi çərçivəsində 130 kiçik layihənin həyata keçirildiyini bildirmişdir. İçməli su təminatı və suvarma şəbəkələri yaradılmış, elektrik təchizatı yaxşılaşdırılmış, kiçik tibb məntəqələri təmir olunmuşdur. Suvarma sahəsində su istifadəçiləri ilə birgə işlər aparılmış və bu layihələr çox uğurla həyata keçirilmişdir. Biz bu sahədə növbəti layihəni də reallaşdırmaq niyyətindəyik.

Digər xəbərlər