PDF Oxu

Əsas

  • 27

ADA Əfqanıstan vətəndaşları üçün kurs təşkil edib

ADA Əfqanıstan vətəndaşları üçün kurs təşkil edib
Azərbaycan Diplomatik Akademiyası (ADA) və Cenevrənin Təhlükəsizlik Siyasəti üzrə Mərkəzi (CTSM) 19 Əfqanıstan vətəndaşına "Qanunun aliliyi və yaxşı idarəçilik" mövzusunda 10 günlük kurs keçmişlər. ADA-dan verilən məlumata görə, kursun yekununda sertifikatların təqdim edilməsi mərasimində təhsil ocağının akademik məsələlər üzrə dekanı Anar Vəliyev bildirmişdir ki, hazırda Əfqanıstan dövlət quruculuğu sahəsində vacib tarixi mərhələdən keçir. Məhz bu məqamda Azərbaycanın geniş tarixi və mədəni əlaqələrə malik olduğu əfqan xalqına yardım göstərməsi vacibdir. A.Vəliyev, həmçinin ADA-nın 4 nəfər Əfqanıstan vətəndaşına Diplomatik Akademiyada bakalavr və magistr pillələrində təhsil almaq üçün təqaüd ayıracağını diqqətə çatdırmışdır. Cenevrənin Təhlükəsizlik Siyasəti üzrə Mərkəzinin kurs direktoru Piter Fut isə Azərbaycan Diplomatik Akademiyasının belə bir kursu təşkil etməsindən razı qaldıqlarını bildirmiş və bu proqramın hər il keçiriləcəyini söyləmişdir. Kurslarda ADA-nın və CTSM-in müəllim heyəti dərs keçmişdir. Müdavimlərə sülh və dövlət quruculuğu, münaqişələrin təhlili və idarə olunması, kommunikasiya bilikləri və hökumətdə nəzarət mexanizimləri ilə bağlı mühazirələr oxunmuşdur. Əfqanlar Azərbaycanda olduqları müddətdə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna və digər görməli yerlərə səfər etmiş, ölkəmizin milli mədəniyyəti və tarixi barədə ətraflı məlumatlandırılmışlar.

Digər xəbərlər