Dünən Milli Məclisin payız sessiyasının ilk iclası Azərbaycan Respublikasının dövlət himni ilə açıldı. Sonra parlamentin sədri Oqtay Əsədov üçüncü çağırış parlamentin fəaliyyəti dövründə Milli Məclisdə 1058 qanun və sənədin qəbul edildiyini, parlament nümayəndə heyətinin bu müddətdə 70-dən çox ölkəyə, 820-dən çox səfər etdiyini bildirdi. Onun sözlərinə görə, dünyanın 60 ölkəsindən 600 nəfərə yaxın rəsmi nümayəndə heyəti dəvət edilib.
İclasda öncə, Milli Məclisin 2010-cu il payız sessiyasının qanunvericilik işləri planı haqqında məlumat verildi. Bildirildi ki, sentyabrın 30-u və oktyabrın 8-də keçiriləcək iclaslarda 34 məsələ müzakirə ediləcək. Keçiriləcək iclaslarda 34 sənəd, hökumətlərarası sazişin ratifikasiyasına dair qanun layihəsi, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirə ediləcək. Bunlar, əsasən, dövlət başçısının, Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və digər qurumların qanunvericilik təşəbbüsü ilə daxil olan sənədlərdir. Payız sessiyasında "Azərbaycan Respublikasının 2011-ci il üçün dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi də gözlənilir. Lakin hələlik, layihə parlamentə təqdim olunmayıb.
Milli Məclisin spikeri O.Əsədov parlamentin payız sessiyasının açılışında bütün deputatları Azərbaycanda parlament seçkilərinin demokratik keçirilməsinin təmin olunması üçün fəallıq göstərməyə çağırdı. Millət vəkillərinin səs çoxluğu ilə iş planı səsverməyə çıxarılaraq, qəbul olundu.
Sonra cari məsələlərin müzakirəsi ilə bağlı fikirlər səsləndi. Millət vəkili Əli Məsimli "Təhsil kreditləri haqqında" qanun layihəsinin payız sessiyasının qanunvericilik işləri planına daxil edilməsini təklif etdi. Bu təklif Xanhüseyn Kazımlı və Vahid Əhmədov tərəfindən dəstəkləndi. Deputatlardan Musa Quliyev, Eldar İbrahimov, Qənirə Paşayeva və başqaları bəzi qanun layihələrinə əlavə və dəyişikliklər edilməsi təklifini irəli sürdülər.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə parlamentin 5 il ərzində məhsuldar işlədiyini, dövlətçiliyin formalaşmasına öz töhfəsini verdiyini bildirdi. A.Mirzəzadə Dağlıq Qarabağ məsələsinə toxunaraq, söylədi ki, 5 il ərzində parlamentdə daima müzakirə və diqqət yetirilən ən vacib məsələ olub: "Ümumilikdə, götürəndə qəbul etdiyimiz hər qərar, hər bir qanun Azərbaycanın Dağlıq Qarabağ probleminin həllini daha da möhkəmləndirir".
A.Mirzəzadə Azərbaycanının bütün məsələlərdə mövqeyinin birmənalı olduğunu söylədi: "Ermənistan həmişə qeyri-konstuktiv mövqe nümayiş etdirməklə, ağ yalanlar danışıb. Bu isə, Ermənistanın dünya dövlətlər tərəfindən işğalçı dövlət kimi tanınmasına səbəb olub. Ancaq Azərbaycan ilbəil həm iqtisadi, həm siyasi cəhətdən möhkəmlənir, dünyada inkişaf etmiş dövlətlər sırasına çıxaraq, regionun lider dövlətinə çevrilir.
YAP İcra katibi, millət vəkili Əli Əhmədov Milli Məclisin 5 il ərzində fəaliyyətinin kifayət qədər səmərəli olduğunu vurğuladı: "Bu 5 il ərzində Azərbaycan parlamenti çox böyük işlər gördü. Azərbaycan çox ciddi və siyasi kampaniya dörünün yaşayır. Noyabrın 7-də növbəti parlament seçkiləri keçiriləcək. Azərbaycan parlamentinin çoxluğunu təşkil edən Yeni Azərbaycan Partiyasının deputat korpusu və mütləq əkəsəriyyəti qarşıdan gələn parlament seçkilərinə qoşulub. İnanıram ki, partiyamızın irəli sürdüyü siyahıya əsasən, onlar növbəti parlament seçkilərində xalqın güclü dəstəyi ilə seçiləcək və yenidən Milli Məclisdə təmsil olunacaqlar".
Ə.Əhmədov, həmçinin, bəzi müxalifət millət vəkillərinin ziddiyyətli fikirlərinə də münasibət bildirdi: "Azərbaycan xalqı çox gözəl xatırlayır ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, ölkəmizin rəsmi nümayəndələri dəfələrlə qeyd etmişdi ki, əvvəlki hakimiyyətin yaratmaz fəaliyyəti nəticəsində Azərbaycan dövlətinin xəzinəsi tamamilə boş qalabdır. O zaman bu sözləri eşidən əvvəlki hakimiyyəti təmsil edənlər nədənsə səslərini çıxarmırdılar. Üstündən 17 il keçəndən sonra yoxlama tələb edirlər. Mən də bunun tərfədarıyam".
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da YAP İcra katibi, millət vəkili Ə.Əhmədovun fikirləri ilə razı olduğunu söylədi: "Siz o vaxt hakimiyyətdə olanlar 1993-cü ildə Azərbaycanın büdcəsinə, ləl-cəvahirat fonduna, zavodlarına, fabriklərinə süpürgə çəkdiniz. Nə var idisə, hamısını İrana göndərdiniz, qalanlarını da dağıdıb-talan etdiniz. Həqiqətən də, bu gün komissiyanın yaradılması düzgün olardı. Hesab edirəm ki, bu parlamentdə oturanlardan bir neçəsi deyilən məsələ ilə bağlı cinayət məsuliyyətinə cəlb oluna bilər. Bir də cinayət məsuliyyətinə nə müddət?! Hesab edirsiniz ki, həmin vaxtdan 10 il keçib, hər şey bağlanıb? Bu, heç də belə deyil. Hələ ondan sonra da həmin günahkarlar cinayət məsuliyyətinə cəlb oluna bilər".
450 imza toplaya bilməyən, necə mübarizə aparacaq?
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək, bildirdi ki, Azərbaycan hakimiyyəti parlament seçkilərinin azad və demokratik keçirilməsi üçün siyasi iradə nümayiş etdirdi: "Ölkədə seçki praktikasının təkmilləşdirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir. Qeyd edim ki, Seçki Məcəlləsi kifayət qədər mükəmməl sənəddir və bu sənəd əsasında tam demokratik seçkilər keçirmək mümkündür".
YAP İcra katibinin müavini bu sənədə beynəlxalq qurumların da müsbət rəy verdiyini xatırlatdı. S.Novruzov görülən işlərə baxmayaraq, bəzi müxalifət partiyalarının hakimiyyətə və Yeni Azərbaycan Partiyasına qarşı böhtanlar atdığını bildirdi. Onun sözlərinə görə, həmin partiyalar öz namizədlərinin qeydə alınması üçün tələb olunan 450 imzanı toplaya bilmirlər: "Müxalifət deyir ki, imza toplamağa problem yaradılır. Bu cür metodlarla, bu cür fikirlərlə, bu cür sözlərlə hara gedəcəksiniz? Lazımdır, imza toplamağa kömək edək. 450 imzadır, toplamağa nə var ki... İmza toplaya bilmirsinizsə, necə mübarizə aparacaqsınız? Bizim irəli sürdüyümüz namizədlərlə öz namizədinizi tərəzinin gözünə qoyun. Bu qədər zəif olan siyasi təşkilatların belə iddialarla çıxış etməsi yersizdir. Onlar böhtan atmaqla hara qədər gedə biləcək? Yaxşı bilirlər ki, öz namizədlərinin mütləq əksəriyyəti Azərbaycanda heç kim tanımır. Ona görə də, kimin, hansı siyasi qüvvənin seçkilərdə qalib gəlməsini etiraf etməlidirlər".
Milli Məclisin sədrinin müavini Bahar Muradova iclasda səslənən bir çox məsələlərə, o cümlədən, əmanətlərin qaytarılması məsələsinin vacib olduğunu söylədi: "Hər bir dövlət öz vətəndaşının qarşısında olan borcunu sona qədər yerinə yetirmək və o borcu qaytarmaq istiqamətində müəyyən addımlar atmalıdır. Amma bu, millət vəkillərinin işi deyil, dövlətin bütövlükdə, qarşısında duran vəzifədir. Hər halda, yaxın bir müddətdə bu məsələ də öz həllini tapacaq".
Mübahisələrə qoşulan vitse-spiker Ziyafət Əsgərov millət vəkili Pənah Hüseynovun bəzi fikirlərinə münasibətini bildirdi: "İyirmi ildir, müxalifətdəsiniz, amma heç 20 santimetr irəli getməmisiniz. Oxumaq, mütaliə etmək lazımdır".
Fazil Mustafa da Müsavat partiyasını və parlamentdəki "Müsavat deputat qrupu"nu tənqid etdi: "Bəlkə prezidentdən xahiş edək, sizi "Əməkdar müxalifətçi" adı ilə təltif etsin. Özləri inhisardan danışırlar, ən böyük inhisar elə müxalifətdədir".
Spiker Oqtay Əsədov da deyilənlərə münasibət bildirdi: "Müxalifətçilər çıxışlarında, qəzetlərində xalqın seçdiyi parlament üzvünün ünvanına nalayiq ifadələr işlədir, onları mənəviyyatsız adlandırırlar. Bunu deyənlərin özləri mənəviyyatsızdır. Hər kəs öz fikrini söyləsin, amma təhqir etməsinlər. Məlumdur ki, Azərbaycan MSK-da bu iki yer artıq üç il ildir boş qalır, nəyə görə müxalifət partiyası parlament seçkilərinə, təqribən, bir ay qalmış bu məsələni qaldırır?".
Cari məsələlərin müzakirəsindən sonra "Naxçıvan MR Konstitusiyasına əlavə və dəyişikliklər haqqında" Konstitusiya qanunu müzakirə olunaraq, qəbul edildi.