PDF Oxu

Əsas

  • 21

Həmsədrlər yenə gəlir...

Həmsədrlər yenə gəlir...

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin oktyabrın 4-də regiona səfəri gözlənilir. Budəfəki səfərin də bir o qədər münaqişənin həlli üçün ciddi xarakter daşımayacağı şübhəsizdir. Ən azı ona görə ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu vaxta qədər Ermənistanın işğalçılıq siyasətinə sərt mövqe nümayiş etdirməyiblər. Bununla yanaşı, problemin həlli üçün ciddi ideya da irəli sürə bilməyiblər. Söhbət etdiyimiz millət vəkili və politoloq bunun səbəbini həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standart nümayiş etdirdikləri ilə əlaqələndirirlər.

Zahid Oruc,
millət vəkili:

- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona gəlişi daimi bir xarakter alıb və artıq 10 ildən çoxdur ki, həmsədrləri görməkdəyik. Bir çoxlarında elə təsəvvür yaranır ki, həmsədrlər konkret sənədlər üzərində ciddi iş aparmırlar. İndiki gerçəklikdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin daşıdığı qovluqlarda mühüm sənədlər var. O sənədlər əsasında hər hansı detallar üzərində müzakirələr, çox sərt diskussiyalar aparılır və hər bir tərəfin özünün ciddi arqumentləri yenidən qeyd olunur. Ona görə də həmsədrlərin gəlişini bir turist səfəri kimi də qiymətləndirmək olmaz. ATƏT-in Minsk Qrupu çalışır ki, Dağlıq Qarabağ münaqişəsinə yenidən aktivlik gətirsin. Bundan öncə E. Məmmədyarov və E. Nalbandyan görüşü baş tutdu və Ermənistan 4-5 aylıq sükutun onun ziyanına baş verdiyini görməkdədir. Yəni ermənilərin "cavab verməmək" taktikası əlverişli olmadı. ATƏT Minsk Qrupunun həmsədrlərinin indiki səfəri yeniləşmiş Madrid prinsiplərinə Ermənistanın tam cavab reaksiyasını bilmək üzərində olacaqdır və bundan sonra da münaqişənin həllinin böyük sülh sazişinə gedib çıxması üçün çalışacaqlar. ATƏT-in Minsk Qrupunun Ermənistana çox böyük təzyiq imkanları var. Hər üç ölkə belə bir imkanlara malikdir. Hətta təzyiq imkanları az olan Fransanın belə Ermənistanın siyasi hakimiyyətinə çox ciddi siyasi təsir imkanları mövcuddur. Əslində, danışıqlar dayanan kimi, müharibənin alovu da hiss olunacaqdır. Ermənistan isə bunun fərqindədir. Düşünürəm ki, danışıqlar hələ ki, ən optimal yoldur və Ermənistan tərəfi konstruktiv mövqe göstərərsə, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunacaqdır.

Elman Nəsirov,
politoloq:

- Həmsədrlərin Bakıya budəfəki səfəri bir qədər fərqli bir xüsusiyyətə malikdir. Çünki oktyabrın 4-dən 14-nə kimi ATƏT-in qiymətləndirmə missiyası da Bakıya gələcək və işğal zonasında olacaqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 65-ci sessiyasında bir daha bəyan etdi ki, ermənilər işğal altında olan Azərbaycan torpaqlarında tarixi və mədəni abidələri dağıdır, onlara qarşı vandalizm siyasəti həyata keçirir. Bu nöqteyi-nəzərdən ATƏT-in qiymətləndirmə missiyası eyni zamanda, Azərbaycan dövlətinin qaldırdığı bu məsələləri nəzərdən keçirəcək. 2005-ci ildə həyata keçirilən oxşar missiya Ermənistanda çox ciddi bir gərginlik yaratmışdı və bir çox təşkilatlar Ermənistanın işğalçı dövlət olmasını bəyan etmişdilər. ATƏT-in qiymətləndirmə missiyası erməni vandalizmi ilə bağlı çox mühüm və vacib faktları üzə çıxarmalıdır və əminəm ki, çıxaracaqdır. Azərbaycan dövləti isə, həmişə olduğu kimi, bu məsələni ən yüksək kürsülərdən qaldıracaqdır.

Digər xəbərlər