PDF Oxu

Əsas

  • 14

Azərbaycan Prezidenti Barak Obama ilə görüşəcək

Azərbaycan Prezidenti Barak Obama ilə görüşəcək
Xəbər verdiyimiz kimi, Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyası öz işinə davam etdirir. Sessiyada dünyada həllini gözləyən münaqişələr də geniş müzakirə olunacaq. Sessiyada Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. Dövlət başçısı Nyu-Yorkda ABŞ prezidenti Barak Obama ilə də görüşəcək.
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-da işgüzar səfərə gedib. Səfərin məqsədi BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 65-ci sessiyasında iştirak etməkdir. Səfər çərçivəsində Azərbaycan dövlət başçısı sentyabrın 22-də ABŞ dövlət katibinin Avrasiya energetika məsələləri üzrə nümayəndəsi Riçard Morninqstarla görüşüb. Görüşdə Azərbaycanla ABŞ arasında energetika sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə olunub.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon da görüşdə iştirak edib. Səfər çərçivəsində Azərbaycan Prezidentinin ABŞ prezidenti Barak Obama ilə sentyabrın 24-də görüşü də nəzərdə tutulur. Məlumatı Ağ Ev rəsmiləri yayıb.
BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində ABŞ dövlət başçısının iş cədvəli barədə mətbuata məlumat verən milli təhlükəsizlik müşavirinin müavini Ben Roudz Azərbaycanın bir sıra məsələlərdə, o cümlədən, Birləşmiş Ştatların Əfqanıstanda səyləri üzrə mühüm tərəfdaş olduğunu vurğulayıb.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı "Media forum" saytına açıqlamasında vurğulayıb ki, ABŞ Azərbaycanla strateji tərəfdaşlıq səviyyəsində münasibətlərə malikdir. ABŞ-ın bir sıra şirkətlərinin Cənubi Qafqaz və Mərkəzi Asiyaya çox böyük miqdarda iqtisadi sərmayə yatırdığını deyən deputat bildirib ki, Vaşinqtonun bu bölgədə strateji, iqtisadi və siyasi maraqları mövcuddur: "Bu bölgədə ABŞ-ın maraqlarının təmin olunması isə yalnız və yalnız Azərbaycan-ABŞ münasibətlərinin səviyyəsindən asılıdır. Cənubi Qafqaz bölgəsində hər hansı bir layihənin həyata keçirilməsi yalnız Azərbaycanın razılığı ilə mümkündür. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət, hücumçu diplomatiya xətti və digər addımlar Azərbaycanın mövqeyini daha da möhkəmləndirib".
Mübariz Qurbanlı düşünür ki, indiki şəraitdə ABŞ administrasiyası Azərbaycanla ciddi iqtisadi-siyasi münasibətlər yaratmağa tərəfdardır. YAP rəsmisi bildirib ki, Azərbaycan və ABŞ prezidentlərinin görüşü ikitərəfli əlaqələrin yüksələn xətlə inkişafına növbəti dəfə öz töhfəsini verəcək.
Mən bu görüşü çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana əsaslı yardım göstərə bilər. Prezident İlham Əliyevin siyasəti bir daha sübut edir ki, Azərbaycan uğurlu və çevik siyasət həyata keçirir. Böyük bir dövlətin başçısının Prezident İlham Əliyevlə görüşü Azərbaycanın bu bölgədə, bütövlükdə, dünya siyasətində böyüklüyünü nümayiş etdirir"- politoloq bildirib.
Deputat hesab edir ki, Azərbaycan-ABŞ münasibətləri müəyyən bir xətt üzrə inkişaf edir. Onun sözlərinə görə, ABŞ-da demokratlar hakimiyyətə gələndən sonra ABŞ-Azərbaycan münasibətlərində bəzi gərginliklər müşahidə olunub.
Mübariz Qurbanlının sözlərinə görə, bu, ABŞ-ın Cənubi Qafqaz bölgəsi ilə bağlı siyasətində yol verdiyi nöqsanlarla əlaqədar olub: "Demokratlar hakimiyyətə gələndən sonra ABŞ-ın xarici siyasətində elə addımlar atılıb ki, bu, bütövlükdə, respublikaçılar dövründə həyata keçirilən siyasətlə üst-üstə düşməyib. Demokratlar nə vaxt hakimiyyətdə olublarsa, daha çox daxili siyasətə üstünlük veriblər. Onların hakimiyyətdə olduqları dövrdə ABŞ-ın xarici siyasətində, müəyyən mənada, geri çəkilmələri müşahidə edilib. Amma bütövlükdə ABŞ-Azərbaycan münasibətləri normal məcrada inkişaf edib.
ABŞ-ın Cənubi Qafqaz bölgəsində həyata keçirdiyi siyasətdə hansısa geri çəkilmə varsa, prezidentlərin görüşü bunu aradan qaldıracaq. Prezidentlərin görüşü, xüsusilə, ABŞ-Azərbaycan münasibətlərində hansısa çətinliklər varsa, onun həllində önəmli rol oynayacaq. Mən bütövlükdə Prezident İlham Əliyevin siyasətinin qələbəsini görürəm".
Xatırladaq ki, Barak Obama və İlham Əliyev əvvəllər iki dəfə bir araya gəliblər. İlk görüş Bakıda, ikinci Vaşinqtonda baş tutub. 2005-ci ilin avqustunda Azərbaycana səfər etmiş ABŞ Senatının nümayəndə heyətinin tərkibində yer alan senator Barak Obama o zaman Prezident İlham Əliyevin qəbulunda olub. İkinci görüş 2006-cı ilin aprelinə təsadüf edib. Vaşinqtona səfər edən Azərbaycan Prezidenti Konqresin binasında Senatın xarici münasibətlər komitəsinin sədri Riçard Luqarla və senator Barak Obama ilə görüşüb.

Digər xəbərlər