Metyu Brayzanın səfir təyinatı reallaşdı
Xeyli vaxtdan bəri ABŞ - ın Azərbaycandakı səfiri postuna namizəd olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayzanın səfir təyinatı, nəhayət ki, baş tutdu. Qeyd edək ki, ABŞ Senatında təmsil olunan bəzi ermənipərəst senatorların Metyu Brayzanın təyinatını əngəlləmək üçün bütün vasitələrə əl atmasına baxmayaraq, onların bu cəhdləri Senatın Xarici Əlaqələr Komitəsinin son iclasında baş tutmadı.
Komitənin sədri Con Kerrinin sədrliyi ilə keçirilən işgüzar müzakirələrin nəticəsi olaraq, M.Brayzaya Azərbaycana səfir göndərilmək üçün prezident Barak Obama tərəfindən göstərilən etimad dəstəklənib. Brayzanın namizədliyi ilə bağlı, bundan əvvəl keçirilən müzakirələrdə olduğu kimi, Senatın Xarici Əlaqələr Komitəsinin son iclasında ermənipərəst senator kimi tanınan Kaliforniyadan olan senator Barbara Bokser və ona yaxın olan bir neçə senator müzakirələrin yenə də nəticəsiz yekunlaşdırılmasına cəhdlər etsələr də, komitə rəhbərliyinin məsələ ilə bağlı qəti mövqe nümayiş etdirməsi və səsvermədə iştirak edən senatorların Brayzanı dəstəkləməsi bir neçə aydan bəri ABŞ - dakı erməni diasporasının Azərbaycana qarşı apardığı "diplomatik müharibəni" uduzması ilə nəticələndi.
Onu da qeyd edək ki, Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasının əngəllənməsini istəyən erməni lobbisi və lobbinin maraqlarını ABŞ Senatında təmsil edən senatorların onu ATƏT-in amerikalı həmsədri kimi fəaliyyət göstərən zaman Azərbaycanın mövqeyini müdafiə etməsi və Azərbaycanın rəsmi dairələri ilə əlaqədə ittiham etsə də, bu iddiaların heç bir əsası yoxdur. Çünki Brayzanı "Azərbaycanın tərəfinə çıxmaqda" ittiham edən ermənipərəst senatorların iddiaları kifayət qədər absurd fikirlər üzərində qurulub. Məsələn, Kaliforniyadan olan senator Barbara Bokser Metyu Brayzanı ATƏT-in Minsk Qrupunda amerikalı həmsədr kimi fəaliyyəti zamanı "Azərbaycanın Dağlıq Qarabağa təcavüzünü pisləməməkdə" ittiham edib. Digər senator Robert Menendez isə sabiq həmsədri qondarma "erməni soyqırımı"nı tanımamaqda ittiham edib. Başqa sözlə desək, Brayzaya qarşı yönəlmiş bu səpkili ittihamlar kifayət qədər çox olsa da Senatın Xarici Əlaqələr Komitəsinin yekun qərarı bu vaxta qədər ABŞ-dakı erməni lobbisinin kifayət qədər güclü olması barədə olan mifləri darmadağın etdi.
Amma bu, ABŞ-dakı erməni diasporası və erməniləri himayə edən siyasi dairələrin birinci uğursuzluğu deyildi. Xatırlatmaq yerinə düşər ki, elə bu ilin əvvəlindən ABŞ -dakı erməni diasporası və ermənipərəst konqresmenlər ABŞ Konqresində qondarma "erməni soyqırımı"nın tanıdılması istiqamətində fəaliyyətlərini daha da aktivləşdirərək, hətta məsələnin Konqresin Xarici Əlaqələr Komitəsinin gündəliyinə salınmasına qədər gətirib çıxarmışdılar. Lakin Türkiyəyə qarşı belə bir addımın atılması ABŞ - ın dövlət maraqları ilə uzlaşmadığından, son anda bu məsələyə ABŞ prezidenti Barak Obama özü birdəfəlik və qəti şəkildə veto qoymaqla, bir daha Amerikanın öz maraqlarını hansısa kiçik toplumların maraqlarına görə qurban vermək niyyətində olmadığını ortaya qoydu.
ABŞ Senatında sabiq amerikalı həmsədr Metyu Brayzanın Azərbaycana səfir göndərilməsi ilə bağlı erməni lobbisinin və ermənipərəst senatorların göstərdiyi cəhdlərin də sonda uğursuzluğa düçar olacağı ilə bağlı gözləntilər, əslində, əvvəlcədən var idi. Birincisi, artıq ABŞ-ın siyasi dairələrində Azərbaycanın ABŞ üçün önəmli ölkə olduğunu etiraf edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur və hətta ABŞ-ın aparıcı politoloqları və məşhur siyasətçilər Azərbaycana diqqətin artırılması ilə bağlı dəfələrlə prezident Barak Obamaya dəfələrlə açıq şəkildə müraciətlər ediblər. Digər tərəfdən isə, artıq ABŞ Konqresində Azərbaycan işçi qrupunu təmsil edən konqresmenlərin sayı da gündən - günə artır. Son bir neçə ildə ölkəmizi dəstəkləyən konqresmenlərin sayının 28 nəfərdən 47 nəfərə qədər artması da bunu deməyə əsas verir. Bu baxımdan da, Brayzanın təyinatı ilə bağlı müzakirələrin sonunda ermənilərin istədikləri nəticəni əldə edə biləcəyi əvvəlcədən inandırıcı görünmürdü.
Siyasi ekspertlər isə Azərbaycan və ABŞ prezidentləri İlham Əliyev və Barak Obamanın sentyabrın 24-də keçiriləcək görüşü ərəfəsində ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin bir neçə aydan bəri ABŞ-ın Azərbaycandakı səfirinin təyinatı ilə bağlı müzakirələrə nöqtə qoyulmasını təbii sayırlar. Prezidentlərin görüşü ərəfəsində bu qərarı Vaşinqton tərəfindən Azərbaycana qarşı xoşməramlı jest olduğunu bildirən siyasi ekspertlərə görə Brayzanın təyinatının rəsmiləşdirilməsi də bir daha ABŞ hökumətinin həlledici və həssas məqamlarda öz siyasətinə və maraqlarına uyğun qərarlar qəbul etdiyini göstərdi. Onu da qeyd edək ki, son vaxtlar ABŞ-Azərbaycan münasibətləri ilə bağlı məsələlər gündəmə gələrkən rəsmi Vaşinqtonun iki ilə yaxındır Azərbaycana səfir göndərməməsi münasibətlərin guya soyuqlaşması kimi şərhlərə yol açmışdır. Amma prezidentlərin Nyu-York görüşü öncəsi Senatda qəbul edilən qərar Birləşmiş Ştatların bu regionda özünə ən yaxın partnyor saydığı Azərbaycanla münasibətlərdə hər hansı problemlərin ortaya çıxmasına maraqlı olmadığını bir daha ortaya qoydu. Bu baxımdan da, demək olar ki, Azərbaycan və ABŞ prezidentlərinin Nyu-Yorkda keçiriləcək görüşünün ikitərəfli əlaqələrdə dinamikanı daha da artıracaq.