PDF Oxu

Əsas

  • 18

Naxçıvan Ali Məclisində parlament seçkilərinə dair müşavirə keçirilib

Naxçıvan Ali Məclisində parlament seçkilərinə dair müşavirə keçirilib
Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının Milli Məclisi və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi seçkilərinə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov müzakirə olunan məsələ ilə əlaqədar çıxış edib, nazirlik, komitə və baş idarələrin rəhbərləri seçkilərə hazırlığın mövcud vəziyyəti barədə məlumat veriblər. Ali Məclisin sədri Vasif Talıbov aidiyyəti orqanlara tapşırıqlar verib və bildirib ki, seçkilər Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələblərinə uyğun təşkil edilməli, Seçki Məcəlləsinin Milli Məclisə seçkilərlə bağlı tələbləri və "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Qanun qəzet və televiziyada ətraflı işıqlandırılmalı, maarifləndirmə işləri aparılmalıdır.
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri vətəndaşların öz iradələrini azad şəkildə, heç bir maneə olmadan ifadə etmələrinə tam şərait yaratmalı, Ali Məclisə seçkilər üzrə yaradılmış seçki dairələri və seçki məntəqələri lazım olan inventar və avadanlıqla təmin olunmalıdır. Səsvermə günü yerli icra hakimiyyəti orqanları seçki komissiyalarını nəqliyyat vasitələri ilə təmin etməli, bir inzibati binada yerləşən seçki məntəqələrində fəaliyyət göstərən hər iki komissiyanın üzvləri ilə yanaşı, müşahidəçilərin, səlahiyyətli nümayəndələrin, vəkillərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də eyni zamanda işləmələri üçün lazımi şərait yaradılmalı, seçicilərin seçkidə iştiraklarını maksimum təmin etmək üçün bütün tədbirlər görülməlidir.
MSK məntəqələrin komissiya üzvləri ilə maarifləndirici seminarlar keçirməli, müvafiq seçki komissiyaları ilə razılaşdırmaqla şəhər və rayon mərkəzlərində, seçki dairələrinin və seçki məntəqələrinin ətrafında namizədlərin təbliğat materialları üçün stendlər hazırlamalı, şəhər və rayon icra hakimiyyəti başçıları qeydə alınmış namizədlər üçün Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq təbliğat və təşviqat aparılması üçün müvafiq yerlər ayırmalıdırlar. Ali Məclisin sədri hüquq mühafizə orqanları qarşısında duran vəzifələrdən də danışıb. O bildirib ki, məhkəmə və ədliyyə orqanlarının əməkdaşları seçkilərin keçirilməsi üçün qəbul olunmuş təlimatlar, izahatlar və qaydalar, komissiya üzvlərinin vəzifələri, görəcəyi işlər, xarici və yerli müşahidəçilərin vəzifə və səlahiyyətləri barədə kütləvi informasiya vasitələrində təbliğat və maarifləndirmə işlərinə cəlb olunmalı, seçki qanunvericiliyinin pozulması ilə bağlı daxil olmuş şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmalıdır. Bir sıra dövlət strukturlarının rəhbərləri görüləcək işlər haqqında məlumat verdikdən sonra müşavirə başa çatıb.

Digər xəbərlər