Kaspi Təhsil Mərkəzi 2009-2010 tədris ili üzrə yekun hesabatını açıqladı
Sentyabrın 18-də "Xan bağı" restoranında Kaspi Təhsil Mərkəzi 2009-2010-cu il tədris ili üzrə yekun hesabat tədbirini keçirdi. Kaspi Təhsil Şurasının sədri Sona Vəliyeva əlamətdar gündə tədbirin keçirildiyini bildirdi: "Yeni dərs ilinin ilk ayında görüşürük. Eyni zamanda, bu gün ona görə əlamətdardır ki, Kaspi Təhsil Mərkəzinin uğurlu yekun hesabatı dinləniləcək və onların sevincinə şərik olacağıq."
Kaspi Təhsil Mərkəzinin fəaliyyətindən danışan S.Vəliyeva ötən illər barədə məlumat verdi: "İki il öncə - 2008-ci il mayın 5-də Beynəlxalq Mətbuat Mərkəzində Kaspi Təhsil Mərkəzi ictimaiyyət və media qarşısında təsis yığıncağını keçirdi. Bu təsis yığıncağında fəaliyyətinin müstəqil təhsil məkanında fərqli olacağını qeyd etdi. Öhdəliklərini, fəaliyyət istiqamətlərini, məqsəd və məramını açıqlayan mərkəz əmin etdi ki, hər il qazandığı nailiyyətləri ictimaiyyətlə bölüşəcəkdir. Bu ənənəyə sadiq olaraq artıq iki ildir ki, Kaspi Təhsil Mərkəzi özünün yekun hesabatını açıqlayır."
S.Vəliyeva onu da söylədi ki, təhsil, tədris, maarifçilik elə bir sahədir ki, bununla hər kəs məşğul ola bilməz. Yəni burda dərin bilik-bacarıq, illərlə toplanmış təcrübədən əlavə maarifçilik də önəmlidir. Bu keyfiyyətlərin vəhdəti yüksək nəticələrə yol açır. Kaspi Təhsil Mərkəzinin ötən ildə qazandığı uğurlar ondan ibarət oldu ki, mərkəzdən Azərbaycan dövlət təhsil müəssisələrinə 84 faiz tələbə qəbul olunub: "2009-2010 tədris ili üçün isə Azərbaycan dövlət təhsil sistemində mərkəzin abituriyent bölməsini bitirən uşaqların 93 faizi təmsil olunur. Ən sevindirici hal ondan ibarətdir ki, bu gənclərin, demək olar ki, 10 faizi 600-675, 40 faizi 500-590 bal toplayıb. Kaspi Təhsil Mərkəzinin nailiyyətlərinə inanırıq. Bu tədris ilində xarici dil kursunu bitirən 32 nəfər Avropa ölkələrinin ali məktəblərində təhsil alacaqlar."
S.Vəliyeva Kaspi Təhsil Mərkəzinin digər təhsil mərkəzlərindən fərqini də açıqladı: "Daim aktual və novator layihələri ilə müstəqil təhsil məkanında fərqlənir. Məsələn, yay aylarında mühüm bir layihə həyata keçirdik. Bu layihə ondan ibarət idi ki, artıq gənclər təhsil almaq üçün xarici ölkələrə getmir, həmin ölkələrdən bura müəllimlər gəlir. Həftənin 5 günü dərs günüdür. Həftənin sonu isə Azərbaycanın görməli yerlərinə səyahət təşkil olunur və onların müzakirəsi ingilis dilində aparılır. İkinci bir məsələ isə Kaspi Təhsil Mərkəzində abituriyent kurslarının təşkilidir. Abituriyent kursları digər müstəqil təhsil mərkəzlərində yoxdur. Bu təhsil mərkəzinin fəaliyyəti onunla fərqlənir ki, burda ən peşəkar müəllim kollektivi toplanıb. Onlar Tələbə Qəbulu Komissiyasının ekspertlər qrupunda çalışıblar. Burada münbit dərs şəraiti, zəngin kitabxana var. Bütün tələbələrin təhsil alması üçün fərdi kompyuterə malikdirlər. Bu şərait, sözsüz ki, keyfiyyətə öz müsbət təsirini göstərir."
Mərkəzin rəhbəri bildirdi ki, ötən il 180 nəfər abituriyent mərkəzdə hazırlıq kursları keçib. Bu il isə 187 nəfər fəaliyyət göstərəcək. Onları bura cəlb edən əsas amil sistemli dərs mühitinin olmasıdır. Fərqliliyi əldə etmək üçün gərgin iş rejimi, səbir, təmkin, bunlardan da vacibi peşəkar kollektiv gərəkdir. O da bildirildi ki, abituriyentlər iki mərhələli test sınağından keçirlər. May ayından başlayaraq növbəti il üçün abituriyent hazırlıq kurslarına gənclərin seçimi başlanır.
S.Vəliyeva onu da vurğuladı ki, Azərbaycanda ilk dəfə olaraq Kaspi Təhsil Mərkəzi müəyyən olunmuş sınaq həddini keçən gənclər üçün təqaüd təsis edib: "Bu, ölkəmizdə ilk dəfədir. Devizimiz budur ki, bu ilin Kaspi abituriyenti sabahın universitet tələbəsidir. Bu günün universitet tələbəsi, eyni zamanda, Prezident təqaüdçüsüdür."
"Aktuallıq, novator fikirlərdən bəhrələnmək və onu işə tətbiq etmək Kaspi Təhsil Mərkəzinin qarşıya qoyduğu əsas məqsəddir" fikrini söyləyən S.Vəliyeva mərkəzin devizi barədə də də açıqlama verdi: "Biz müasir təhsilin elçiləriyik. Müasir təhsilin elçisi olmaq üçün beynəlxalq təhsil sisteminin təcrübəsini öyrənmək və onu tətbiq etmək gərəkdir. Bunun üçün də səylə çalışmaq lazımdır. Qarşıda bizi daha böyük uğurlar gözləyir".
S.Vəliyeva çıxışında bu fikri də bildirdi ki, ilk olaraq yalnız xarici dil kursu ilə fəaliyyətə başlayan mərkəz indi xarici ölkələrin ali məktəblərinə yüksək səviyyəli tələbələr də hazırlayır. Hazırda mərkəzi bitirən tələbələrin əksəriyyəti ABŞ, Böyük Britaniya, İsveçrə, Rusiya kimi inkişaf etmiş ölkələrin müxtəlif ali məktəblərində təhsil alırlar. Mərkəz tərəfindən hazırlanan yeni layihələrə gəldikdə isə, o da bildirildi ki, bura 5-6 yaş arası uşaqlar üçün əyləncəli ingilis dili kurslarının açılması, yay ingilis dili kursları, magistr və bakalavr səviyyəsində xaricdən dəvət olunmuş müəllimlərin hazırlıq kursları aiddir. Kursları bitirən və hazırda burda təhsil alan tələbələr də bildirdilər ki, onların hədəfi xarici dilləri mükəmməl bilmək, kompyuter biliklərini genişləndirmək və beynəlxalq aləmə inteqrasiyadır.
Tədbirdə çıxış edən tələbələr xarici ölkələrin ali məktəblərində təhsil almağın Kaspi Təhsil Mərkəzi vasitəsilə asan olduğunu söylədilər. Bildirdilər ki, ali məktəblərdə təhsil almağı qarşılarına məqsəd qoyan, bu arzularını gerçəkləşdirmək istəyən abituriyentlər, yaxşı olar ki, Kaspi Təhsil Mərkəzinə gəlsinlər. Tədbirdə o da bildirdi ki, mərkəzdə kurslar bütün fənlər üzrə Azərbaycan və rus bölmələrində qrup şəklində aparılır.
Tədbirdə Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əliyev, kaspi - abituriyent şöbəsinin müdiri Aydın Əliyev çıxış edərək növbəti il üçün Kaspi Təhsil Mərkəzinin planlarından danışdılar. Bildirdilər ki, artıq bu ildən mərkəz fəaliyyətini 4 istiqamətdə genişləndirəcək.
Təhsil Problemləri İnstitutunun direktor müavini Yəhya Kərimov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, filologiya elmləri doktoru Muxtar Kazımlı, tarix elmləri doktoru Aslan Xəlilov çıxış edərək Kaspi Təhsil Mərkəzinin uğurlarını yüksək dəyərləndirdilər.
Abituriyent birincisi Məhəmməd Qəribli, Prezident, eyni zamanda, ARDNŞ təqaüdçüsü, Böyük Britaniyada təhsil alan Cavid Rüstəmovun valideyni mərkəzin üstünlüklərindən geniş bəhs edərək Kaspi Təhsil Şurasının sədri Sona Vəliyevaya minnətdarlıqlarını bildirdilər.
Sonda kursu ən yüksək göstəricilərlə bitirib ali məktəbə yüksək balla daxil olan tələbələrə hədiyyə təqdim olundu. Tədbir tanınmış müğənnilərin ifasında konsert proqramı ilə yekunlaşdı.