Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük əzmlə həyata keçirdiyi strateji inkişaf kursu sərbəst bazar iqtisadiyyatı mühitində ölkəmiz üçün ən düzgün istiqamətdir.
Əldə edilən nailiyyətlərə, bu gün cəmiyyət həyatında özünü göstərən yeni meyillərə əsasən tam qətiyyətlə söyləmək olar ki, artıq Azərbaycan demokratik inkişaf yolunun çətin məqamlarını arxada qoyub. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü dayanıqlı, sabit, tarazlı yüksəliş modeli Azərbaycan təcrübəsində özünü tam doğrultmuşdur.
Bu gün Azərbaycanın ən yüksək inkişaf göstəricilərinə malik ölkələrdən birinə çevrilməsi, sənaye potensialının artımına, iqtisadi inkişaf tempinə görə bütün dünyada önə keçməsi faktı mötəbər beynəlxalq təşkilatların hesabatlarında da öz təsdiqini tapır. Ən vacib məqamlardan biri də bundan ibarətidir ki, iqtisadiyyatın lokomotivi sayılan neft-qaz sektorundakı yüksəliş, bu sferada həyata keçirilən layihələrdən qazanılmış mənfəət digər istehsal sahələrinə də öz müsbət təsirini göstərməkdədir. Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının aradan qaldırılmasını ən başlıca vəzifələrdən biri kimi müəyyənləşdirən cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, neft Azərbaycan üçün son məqsəd deyil, sadəcə, milli iqtisadiyyatımızın inkişafı üçün əhəmiyyətli bir vasitədir. Dövlət rəhbəri iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymır. Tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsini önə çəkir.
Azərbaycan Prezidentinin bu məqsədlə imzaladığı 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Resrublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" və 2009-cu il fevralında imzalanan və 2009-2010-cu illəri əhatə edən ikinci dövlət proqramlarına dair fərmanlarında da neftdən əldə olunan gəlirlərdən milli iqtisadiyyatın çoxqütblü inkişafı naminə səmərəli istifadə məsələsinə xüsusi diqqət yetirilmişdir. Dövlət başçısının imzaladığı bu fərmanlarda Azərbaycanda sahibkarlığın inkişafını sürətləndirməklə, əmək potensialından, təbii resurslardan səmərəli istifadə etməklə yeni iş yerlərinin açılması, yoxsulluğun səviyyəsinin azaldılması əsas məqsəd kimi müəyyənləşmişdir.
Son dövrlər qeyri-neft sektoruna yönəldilən investisiyaların faiz dərəcəsinin artımı son dərəcə mühüm bir fakt kimi xüsusi vurğulanmalıdır. Təkcə bir məqamı diqqətə çatdıraq ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sahələrinə investisiya qoyuluşunun həcmi 36 faiz, o cümlədən, daxili investisiyaların həcmi 42 faiz artmışdır. Azərbaycan Prezidentinin Sərəncamı əsasında Dövlət İnvestisiya Şirkətinin təşkili də ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə axınının sürətləndirilməsi, bu prosesin səmərəli qaydada tənzimlənməsi baxımından mühüm önəm daşıyır. Mütəxəssislərin qənaətincə, dövlət başçısının bu addımı qeyri-neft sektorunda mövcud olan müəssisələrin fəaliyyətinin canlanmasına, Azərbaycanda dünya bazarında rəqabət qabiliyyətinə davamlı məhsul istehsalının artımına, ölkəmizdə yeni iş yerlərinin yaradılmasına güclü təkan verəcəkdir.
Ölkəmizdə işsizlik, yoxsulluq probleminin həlli, mövcud infrastrukturun yeniləşdirilməsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca prioritetləridir.
Bu prioritetlərin təminatına yönəlmiş dövlət proqramlarının icrası vəziyyəti ilə, onu deməyə əsas verir ki, bu iqtisadi uğurlar daha geniş xarakter daşıyacaq. Ümumi daxili məhsulun artımı ilə yanaşı, inflyasiyanın da birrəqəmli olacağı proqnozlaşdırılır. Bunu Azərbaycan Respublikası Mərkəzi Bankının gəldiyi qənaətdə təsdiqləyir. Bankın idarə heyətinin sədr Elman Rüstəmovun sözlərinə görə, hazırda inflyasiya 5 faiz təşkil edir. Bir qədər isə bu faiz ikirəqəmli civarında hesablanırdı.
İqtisadi uğurlar Azərbaycanda yeni iş yerlərini açılmasına imkanlar yaradır. Stastik məlumatlara görə, 2003-cü ildən bu günə qədər 840 minə qədər yeni iş yerləri açılıb. Bütün bunlar dövlət rəhbərinin bu sahəyə diqqətinin, ölkəmizdə işsizlik, yoxsulluq probleminin həlli məqsədilə atılan ardıcıl addımların real nəticəsidir. Azərbaycan regionlarının təbii resurslarından və bölgələrdə cəmləşmiş əmək ehtiyatlarından səmərəli istifadə, yeni yaradılan iş yerlərinin əsas hissəsinin məhz əyalətin payına düşməsi başqa bir məqamına görə də son dərəcə önəmlidir. Bölgələrdə sahibkarlığın sürətli inkişafı, mövcud infrastrukturun yenidən qurulması, yolların və kommunikasiyaların əsaslı şəkildə bərpası, elektrik enerjisi, qaz təminatı probleminin həlli yerlərdə istehsal rotensialını gücləndirməklə bərabər, əyalət sakinlərinin Bakıya, həmçinin, digər regional mərkəzlərə doğru axınının qarşısını almış, daxili miqrasiya prosesi xeyli dərəcədə səngimişdir.
Azərbaycan hökuməti respublikada azad sahibkarlıq fəaliyyəti üçün mövcud olan şəraitin daha da yaxşılaşdırılması, özəl sektorun inkişafı, cəmiyyətimizdə orta təbəqənin formalaşması üçün sahibkarlara maliyyə dəstəyi siyasətini də uğurla davam etdirməkdədir. Sahibkarlığın inkişafı istiqamətində atılmış addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. İnkişaf etmiş dövlətlərin mütərəqqi təcrübəsi belə bir həqiqəti çoxdan sübuta yetirib ki, bazar iqtisadiyyatına keçid dövründə özəl sektorun fəaliyyətinə normal şərait yaratmadan cəmiyyət qarşısında dayanmış bir sıra strateji vəzifələri həyata keçirmək, iqtisadi yüksəlişi təmin etmək, işsizliyin səviyyəsini aşağı salmaq, infrastrukturu yeniləşdirmək, eləcə də, sosial xarakterli digər problemlərin həllinə nail olmaq çətindir. Azərbaycan Prezidenti İlham Əliyev dövlətə rəhbərliyinin ilk günlərindən bu reallığı düzgün qiymətləndirmiş, respublikamızda azad sahibkarlığın inkişafına yönələn tədbirlər son illər daha intensiv şəkil almağa başlamışdır. Dövlət rəhbəri iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara, fermerlərə güzəştli kreditlərin verilməsi məsələsinə xüsusi diqqət yetirir.
Təkcə onu demək kifayətdir ki, son beş il ərzində Azərbaycanın ümumi daxili məhsulu 96 faiz, yəni, ölkə iqtisadiyyatı 2 dəfə artmışdır. Növbəti illərdə də iqtisadiyyatın yüksək sürətlə inkişaf etməsi gözlənilir. Son altı il ərzində Azərbaycanın dövlət büdcəsinin 10 dəfə artması bütövlükdə ölkə iqtisadiyyatının çox sürətlə inkişafını və bu inkişafın cəmiyyət həyatının bütün sahələrini əhatə etməsini göstərir.
Yazı Prezident yanında KİV-in İnkişafına Dövlət Dəsti Fondunun maliyyələşdirdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası çərçivəsində sahibkarlığın inkişafına informasiya dəstəyi" layihəsi çərçivəsində hazırlanıb.