Dağlıq Qarabağ problemi ilə bağlı BMT-nin xüsusi nümayəndəsinin təyin olunması haqda irəli sürülən təşəbbüslər alqışlanmalıdır
"Dağlıq Qarabağ problemi ilə bağlı BMT-nin xüsusi nümayəndəsinin təyin olunması haqda irəli sürülən təşəbbüslər alqışlanmalıdır.
Bu, ATƏT-in Minsk Qrupunu əvəz edəcək təşəbbüs olmasa belə, ən azı qrupun fəaliyyətinə təsir göstərə bilər". Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqin təklifinə münasibət bildirərkən deyib.
B.Muradova xatırladıb ki, ATƏT-in Minsk Qrupu da BMT tərəfindən yaradılaraq ona Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik etmək mandatı verilib.
"Məsuliyyətin Minsk Qrupunun üzərində olmasına baxmayaraq, başqa beynəlxalq təşkilatlar da problemin həlli ilə bağlı mövqe bildirir, müvafiq sənədlər qəbul edirlər. Bir çox maraqlı tərəflərin missiyanın yalnız Minsk Qrupu tərəfindən aparılmasının sülh prosesinə müsbət təsir göstərəcəyini söyləmələrinə rəğmən, biz heç zaman digər müstəvilərdə məsələnin həllinə təsir göstərə biləcək işlərin aparılmasının vacib olduğuna şübhə ilə yanaşmamışıq. Ardıcıl olaraq da mövqeyimiz də bundan ibarət olub" - deyə vitse-spiker vurğulayıb.
B.Muradova qeyd edib ki, Azərbaycan digər beynəlxalq təşkilatların Parlament Assambleyalarında, o cümlədən BMT-nin Baş Assambleyası çərçivəsində ən müxtəlif sənədlərin qəbul olunmasına səylər göstərib və buna nail olub. Bu səylər ölkəmizin mövqeyinin nədən ibarət olduğunu nümayiş etdirir.
"Ona görə də, Latviyanın keçmiş prezidentinin, BMT-də müəyyən vəzifə daşıyan bir şəxsin fikrini müsbət qəbul edirəm. Nə qədər beynəlxalq səylər problemin həllinə yönəlsə, nə qədər çoxsaylı xoşməramlı təşəbbüslər olsa, bu, özlüyündə məsələni ayrılıqda həll etməsə də, ümumilikdə Minsk Qrupunun öz vəzifəsinə daha məsuliyyətlə yanaşmasına və prosesi irəliyə aparmaq üçün daha çox səylər göstərməsinə gətirib çıxara bilər. Biz bunu Azərbaycanın irəli sürdüyü son qətnamə layihəsinin müzakirəsi prosesində də gördük ki, bu məsələnin gündəmə çıxması erməni tərəfinin nə qədər təşvişinə və narahatlığına səbəb oldu. Eləcə də, sülh danışıqları prosesini irəli aparmaq üçün missiya daşıyan qurumun özündə bir operativlik, məsələyə diqqətin artması faktları ortaya qoyuldu" - deyə vitse-spiker bildirib.