"İnsan alverinə qarşı maarifləndirmənin rolu" adlı dəyirmi masa keçirilib
Dünən "Exelsior" otelində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, "YES" Qlobal Şəbəkəsinin Azərbaycan Nümayəndəliyi və "Azercell Telekom" MMC-nin dəstəyi ilə "İnsan alverinə qarşı maarifləndirmənin rolu" mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdən öncə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Latviyanın sabiq prezidenti, BMT Baş Katibinin İslahatlar üzrə xüsusi elçisi, Avropa Birliyinin uzunmüddətli İnkişaf Proqramının həmsədri Vayra Vike- Freybereq ilə görüşü keçirildi. H.Hüseynova komitə haqqında məlumat verərək bildirdi ki, 1998-ci ildə MDB ölkələri arasında sırf qadınlarla bağlı komitə Azərbaycanda yaradılıb. Onun sözlərinə görə, zaman keçdikcə yeni modellər, məsələlər ortaya çıxdığına görə, bir müddətdən sonra komitənin fəaliyyəti genişlənməyə, beləliklə də qurum uşaq problemləri ilə də məşğul olmağa başlayıb.
Qonaq yüksək səviyyəli qarşılanmaya görə komitə sədrinə təşəkkürünü bildirdi. Daha sonra ailə problemlərinə toxunan Latviyanın sabiq prezidenti bildirdi ki, qadın, uşaq problemi ümumbəşəri problemdir və böyükdən kiçiyə hər kəs bu problemlə qarşılaşır.
Daha sonra Vayra Vike-Freybereq "Exelsior" otelində keçirilən "İnsan alverinə qarşı maarifləndirmənin rolu" adlı dəyirmi masada iştirak etdi. Dəyirmi masada çıxış edən AQUPDK sədri H.Hüseynova insan alveri dünyada ən çox müzakirə olunan məsələ olduğunu vurğuladı. Bu məsələnin beynəlxalq təşkilatlar tərəfindən daim diqqət mərkəzində saxlandığını dilə gətirən komitə sədri bildirdi ki, bu mövzu ilə bağlı layihələr, konfranslar, tədbirlər həyata keçirilir, qanun və tövsiyələr hazırlanır. İnsan alveri, zorakılıq və digər bu kimi mövzuların ölkəmizdə diqqət mərkəzində saxlandığını söyləyən H.Hüseynova bu problemlərin həlli ilə əlaqədar Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi vurğuladı: "Bu gün bu sahədə maarifləndirmə işləri aparılır. Komitə tərəfindən geniş tədbirlər həyata keçirilir. Belə ki komitə hər il 25 noyabr tarixində qadın zorakılığının qarşısının alınması istiqamətində "Qadın əleyhinə zorakılığın dayandırılması" devizi altında layihə həyata keçirir. Bu layihə regionlarda da reallaşır".
Tədbirdə çıxış edən Latviyanın sabiq prezidenti Vayra Vike- Freybereq insan alverinin qarşısının alınması üçün, ilk növbədə, qanunvericilik bazası möhkəmləndirilməsini diqqətə çatdırdı: "Bu işlə məşğul olanlar üçün cinayət nəzərdə tutulmalıdır. İnsan alverinin qurbanlarının qorunması üçün xüsusi reabilitasiya mərkəzləri yaradılmalıdır. Bu problemdə sərhəd nəzərdə tutulmamalıdır. Ona görə də, onun qarşısının alınması istiqamətində ciddi işlərin görülməsi vacibdir".
Dəyirmi masada DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev nazirliyin bu istiqmətdə apardığı işlərdən danışdı. C.Şıxəliyev onu da vurğuladı ki, nazirlik insan alveri ilə mübarizədə Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi və digər qurumlarla sıx əməkdaşlıq edir: "2007-ci ildən nazirlikdə "Qaynar xətt" fəaliyyətə başlayıb. Bundan əlavə, idarəmizin rəsmi saytı fəaliyyət göstərir ki, həmin sayt vasitəsi ilə məlumatlar insanlara çatdırılır. 2009-cu ildən insan alverinin qurbanı olan uşaqlar üçün sığınacaq istifadəyə verilib. Həmin sığınacaq hər bir ləvazimatla təchiz olunub. İnsan alveri ilə mübarizə üzrə birinci Milli Fəaliyyət Planı uğurla başa çatıb. 2009-2013-cü illər üçün ikinci Milli Fəaliyyət Planı hazırlanıb. 144 nəfər insan alverinin qurbanına tibbi xidmət göstərilib".
Millət vəkili Qənirə Paşayeva tədbirdə çıxış edərək bildirdi ki, bu mövzu ilə əlaqədar maarifləndirmə işlərinin həyata keçirilməsi vacib məsələdir. Onun sözlərinə görə, hər kəs özünü müdafiə etmək üçün insan alveri ilə əlaqədar müəyyən biliklərə malik olmalıdır.
Tədbirin sonunda iştirakçılar mövzu ətrafında fikir və təkliflərini bildirdilər.