PDF Oxu

Əsas

  • 14

Türkdilli dövlət başçılarının İstanbul sammiti keçirilib

Türkdilli dövlət başçılarının İstanbul sammiti keçirilib

Ötən dövr ərzində türk dünyasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində çox mühüm addımlar atılıb. Türkdilli dövlətlərin İstanbul şəhərində zirvə sammitinin keçiriməsi və burada ən geniş ideyaların irəli sürülməsində Azərbaycan prinsipallıq nümayiş etdirib.
Bu barədə "Səs"ə açıqlamasında millət vəkili Zahid Oruc bildirdi ki, türk soyunun tədbirlərinin keçirilməsindən tutmuş Türk-Azərbaycan arasında xarici siyasət məsələlərində koordinasiyalı fəaliyyətin reallaşdırılması, daha sonra türk dövlət başçılarının zirvə toplantılarının mütəmadi xarakter alması və bunun Naxçıvanda keçirilməsi bir sübutdur ki, Azərbaycan həqiqətən də bu inteqrasiyaya son dərəcə maraqlı olubdur. Bunun davamı olaraq Türk Ölkələri Parlamentləri Assambleyasının icra qurumlarının formalaşdırılmasına və daha real mexanizmlər vasitəsilə bu prosesin sürətləndirilməsi də mühüm addımlardan sayıla bilər. Türkdilli ölkələrin sammitlərinin keçirilməsi yaxın münasibətlərinin formalaşmasında, müxtəlif iqtisadi layihələrə siyasi çevrədə dəstək verilməsində, xarici siyasədə ortaq mövqedən çıxış etməsində, həmçinin, mədəni və s. kimi məsələlərdə daha artıq yaxından əməkdaşlığa səbəb ola bilər.
Z.Oruc vurğuladı ki, ən başlıca məsələ siyasi problemlər müstəvisində anlaşmalara gəlinməsi, güclü bir faktor kimi çıxış etməsi və türk dünyasının siyasi güc kimi meydana çıxmasıdır. Xüsusilə də, sərhəd diplomatiyası adı altında türk dünyasının birliyinə zərbə vuracaq layihədə Azərbaycanın və türk cəmiyyətinin göstərdiyi mövqelər həmən o birliyə töhfə oldu. Hər hansı bir sarsıntılara, problemlərə, soyuq münasibətlərə yol açmadı. Ermənilər və digər müxtəlif beynəlxalq dairələrin nüvə mərkəzini dağıtmaq üçün hazırlıqları ssenarilərin reallaşmaması bir daha bu sınaqdan da uğurla çıxmasına yol açdı. Düşünürəm ki, bu toplantıda gələcək əməkdaşlığın daha real müstəvidə cərəyan etməsinə addımlamaq daha ciddi qərarlara səbəb olacaqdır.

"Sammitdə Əlaqələndirmə Şurasının yaradılacağı bildirilir. Bu şuranın fəaliyyəti hansı məsələləri həyata keçirəcək" sualını cavablandıran millət vəkili qeyd etdi ki, regional və beynəlxalq qurumlar konkret sənədlər əsasında fəaliyyətlərini həyata keçirirlər. Onlar ya nizamnamə, yaxud da əsasnamə üzərində, həmçinin də, işçi qurumların vasitəsilə fəalliyyətlərini koordinasiya edir və ciddi təşkilati tədbirlər həyata keçirirlər. Ən yaxşı ideyalar belə təşkilati tədbirlər həyata keçirilməsə, sadəcə, məram olaraq qalacaqdır. Ona görə də, ehtiyatlı tədbirləri alqışlamaq lazımdır. Lakin indiki gerçəklikdə dediyimiz səviyyədə siyasət yürütmək lazımdır. Bu isə, Əlaqələndirmə Şurası Assamleyasında işçi qurumlarının yaradılması, mənzil-qərargahlarının formalaşdırılması və özünü daha geniş parametrdə göstərilən məsələlərin həllindən ibarətdir. Əlaqələndirmə Şurası həmin ölkələrin məsul nümayəndələrindən ibarət formalaşacaq və gələcək fəaliyyətin yol xəritəsini müəyyənləşdiriləcək.
"Builki zirvə görüşü əvvəlkilərdən hansı xüsusiyyətlərinə görə fərqlənəcək" sualını cavablandıran Z.Oruc vurğuladı ki, əvvəlki dövrlərdə Türkiyənin Cənubi Qafqazda və Orta Asiyada iqtisadi sistemə, iqtisadi münasibətlərə, müxtəlf siyasi layihələrə, geosiyasi proseslərə müdaxiləsindən narahat olan dairələr, yəqin ki, bu gün də var. Lakin hesab edirəm ki, Türkiyənin rolunu, artıq nəinki inkar etmək, hətta Türkiyəsiz keçinmək də qeyri-mümkündür.
Millət vəkili bildirdi ki, Rusiyanın, konkret olaraq, həm Orta Asiyada, həm də Qafqazda Türkiyəyə ehtiyacı var. Əks halda, Türkiyənin yerini tutacaq başqa bir dövlət, yaxud Qərb oyunçuları Rusiya üçün çox ciddi problemlərə yol aça bilər. Onsuz da Şimali Qafqazda hər gün böyük kriminal hərəkətlər, ciddi terror təhlükələri ilə üz-üzə olan Rusiyanın Türkiyə ilə əməkdaşlıqdan başqa bir yolu yoxdur. Bu isə, bölgədə yaxşı bir format formalaşdırmağa, geosiyasi düzəndə Türkiyənin rolunu nəzərə almağa məcbur edir. Hesab edirəm ki, bu tədbirin ən böyük əhəmiyyəti həmin qurumun daha işlək mexanizmlərinin yaradılması ilə əlamətdar olacaqdır. Artıq regional güc mərkəzi kimi beynəlxalq proseslərə də daha fəal təsir etmək imkanı yaranmış olacaqdır və bununla da Rusiya, İran digər dairələr də hesablaşacaq və gələcəkdə onların daxil olduğu mərkəzlərlə əməkdaşlıq üçün yollar açılacaqdır. Çünki GUAM mərkəzinin fəaliyyətinin xeyli arxa plana keçməsi fonunda türk dilli dövlətlər yaxşı bir əməkdaşlıq formatıdır.

Digər xəbərlər