PDF Oxu

Əsas

  • 16

MSK daha üç seçki blokunu qeydə aldı

MSK daha üç seçki blokunu qeydə aldı
Dünən Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda bu il noyabrın 7-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar "Demokratiya" siyasi partiyalar blokunun qeydə alınmasına dair müraciətinə baxılıb. Gündəlikdə duran məsələ ilə bağlı məlumat verən MSK katibi Natiq Məmmədov bildirib ki, VHP və DİP birgə seçki bloku yaradaraq MSK-ya müraciət edib: "Həmin seçki blokunun qeydə alınmasında problem yoxdur".
Beləliklə də, "Demokratiya" siyasi partiyalar bloku MSK üzvlərinin səs çoxluğu ilə qeydə alınıb.
Daha sonra gündəlikdə duran və noyabrın 7-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar "İslahat" siyasi partiyalar blokunun qeydə alınmasına dair müraciətə də baxılıb. BAXCP, BQP, Ədalət və "Təkamül" partiyalarının yaratdığı bu seçki bloku da MSK tərəfindən qeydə alınıb.
Həmçinin, "AXCP-Müsavat" siyasi partiyalar blokunun qeydə alınması məsələsinə də baxılıb. MSK katibi N.Məmmədov məsələ ilə bağlı məlumat verərək bildirib ki, AXCP və Müsavat Partiyasını özündə birləşdirən siyasi blok da noyabrın 7-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar yaranıb. Bu blok da MSK tərəfindən qeydiyyata alınıb.
Eyni zamanda, MSK-nın iclasında "AXCP-Müsavat" seçki blokunun 2 səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə 2 nümayəndəsi qeydiyyata alınıb. İclasda, KXCP-nin, Azərbaycan Milli Demokrat Partiyasının və Demokratik Azərbaycan Dünyası Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə nümayəndələri də qeydə alınıb. İclasın sonunda 36 saylı Xətai IV Seçki Dairəsinin Dairə Seçki Komissiyasının tərkibinə dəyişiklik edilib.

Digər xəbərlər