"Azerbaijan-Georgia-Romania İnterconnection" marşrutu da realığa çevrilir
Azərbaycanın sıxılmış qazının Gürcüstana, buradan isə Rumıniyaya və daha sonra digər Avropa ölkələrinə nəqlinə dair cari ilin 13 aprel tarixində "Maye qazın nəqli sahəsində əməkdaşlıq haqqında" Buxarestdə imzalanan memorandum çərçivəsində tərəflər arasında iqtisadi münasibətləri daha dərinləşdirib.
Azərbaycan qazının Rumıniyaya və oradan da Avropa ölkələrinə nəqli imkanları gələcəkdə çox sərmayə gətirən bir layihə kimi dəyərləndirilir. 12 may 2010-ci ildə Tbilisidə Azərbaycan, Gürcüstan və Rumıniyanın hökumət rəsmilərinin iştirakı ilə görüş çərçivəsində ölkələr arasında bir protokol imzalanıb. Protokolda qeyd olunur ki, Azərbaycan, Gürcüstan və Rumıniya yeni bir şirkət yaradacaq. Rumıniya prezidenti tərəfindən irəli sürülən bu ideyanı Azərbaycan Prezidenti İlham Əliyev də dəstəkləyir. Buxarest şəhərində imzalanan anlaşmada qeyd olunur ki, Rumıniya və Gürcüstanda Qara dəniz sahilində yeni terminallar tikilsin, eyni zamanda, boru kəməri sahillə birləşdirilsin. Üç elementdən ibarət olan layihə Azərbaycan üçün yeni bir dəhliz rolunu oynamaqla, "Azerbaijan-Georgia-Romania İnterconnection" marşrutu üzrə sıxılmış Azərbaycan qazının Rumıniyaya çatdırılmasını nəzərdə tutur.
Dünən beynəlxalq layihə çərçivəsində Bakıda AGRİ (Azerbaijan, Georgia, Romania İnterconnector) qaz kəməri layihəsi çərçivəsində nazirlərin görüşü baş tutub. Görüşdə Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev, Rumıniya iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton və Gürcüstan energetika naziri Aleksandr Hetaquri iştirak ediblər. Görüşdə rumıniyalı nazir İ. Ariton bildirib ki, Azərbaycan maye qazının Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya nəqli enerji ehtiyatlarının Avropa Birliyinə nəqlini şaxələndirmək və enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək. Nazir Natiq Əliyev isə bildirib ki, bir neçə ay ərzində tərəflər layihənin inkişafı üzrə öz təkliflərini irəli sürüblər və müntəzəm olaraq müzakirələr aparıblar, yekunda isə bəyannamə imzalanacaq. Layihə bilavasitə layihə və investisiya axtarışları ilə məşğul olacaq birgə üçtərəfli müəssisənin yaradılmasını nəzərdə tutur. Gürcüstanlı nazir isə Aleksandr Hetaquri layihənin inkişafını iki mərhələyə ayırıb: "Birinci - texniki-iqtisadi əsasların hazırlığı, ikinci - maliyyələşdirmə. Görüş zamanı tərəflər AB-nin bu layihəni maliyyələşdirməsinə ümid bəslədiklərini bildiriblər".
Bu gün isə layihənin həyata keçirilməsi istiqamətində Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri İlham Əliyev, Mixail Saakaşvili və Trayan Besesku arasında "Azerbaijan-Georgia-Romania İnterconnection" marşrutu üzrə görüşünün keçirilməsi gözlənilir ki, bu görüşün yekunlarına əsasən, AGRİ layihəsi üzrə Bakı bəyannaməsi imzalanması nəzərdə tutulur. Ölkə rəhbərlərinin görüşünə üçün bütün lazımi sənədlərin razılaşdırılması üçün sentyabrın 6-da Bakıda işçi qrupunun, dünən isə üç ölkənin energetika nazirlərinin görüşündə müzakirə olunub.
Qarşıdakı aylarda Rumıniyada birgə müəssisənin yaradılması prosesinin başa çatacağı gözlənilir. Onun tərkibinə layihənin iştirakçısı olan hər üç ölkənin nümayəndələri daxildir. Birinci mərhələdə BM texniki-iqtisadi əsaslandırmanı hazırlayacaq və artıq bundan sonra şirkət investisiyaların axtarışı, Gürcüstanda və Rumıniyada terminalların, eləcə də, layihə iştirakçısı olan hər üç ölkənin ərazisində müvafiq infrastrukturların tikintisi ilə məşğul olacaq.
Qeyd edək ki, marşrut üzrə sıxılmış Azərbaycanın qazı nəinki Rumıniyaya, həm də Qara dəniz ölkələrinə - Ukrayna və Bolqarıstana çatdırmaq iqtidarındadır. Bu kəmərin Bosfor boğazından Aralıq dənizinə qədər perspektiv imkanlara malik olduğunu nəzərə alan Azərbaycan yaranmış yeni imkandan istifadə edəcək. Layihəsin icrası istiqamətində Azərbaycan qazının sıxılması üçün dəyəri 4-6 mlrd. avro təşkil edən Kulevi neft terminalında tikintisi nəzərdə tutulub. Digər terminalın isə Rumıniyada tikilməsi planlaşdırılır. Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahillərindən qaz kəmərləri vasitəsilə nəqlini, orada xüsusi terminalda mayeləşdirilməsini və bundan sonra tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılmasını nəzərdə tutur. Sonra maye qaz təbii qaz halına gətiriləcək, ölkə ərazisində mövcud olan qaz infrastrukturlarından istifadə etməklə, Rumıniya və digər Avropa ölkələrinin qaz təchizatının təmin edilməsinə yönəldiləcək.