Türkdilli ölkələrin dövlət başçıları İstanbulda toplaşacaq
Sentyabrın 15-də İstanbulda türkdilli ölkələrin dövlət başçılarının zirvə sammiti keçiriləcək. Özbəkistan istisna olmaqla, qalan türkdilli ölkələr sammitdə dövlət başçıları səviyyəsində təmsil olunacaqlar. Azərbaycan Prezidenti İlham Əliyevin də sammitə qatılacağı gözlənilir. Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Türkiyə prezidentlərinin iştirakı ilə keçiriləcək iclasda, ilk dəfə olaraq, qurumun baş katibi seçiləcək.
Məlumat üçün deyək ki, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarının keçirilməsi və türkdilli ölkələrin parlamentləri arasında inteqrasiyanın yaradılması ideyası, ilk dəfə olaraq, Azərbaycan və Türkiyə tərəfindən irəli sürülərək dəstəklənib. On ildən bəri bu istiqamətdə aparılan işlər nəticəsində artıq Mərkəzi Asiyanın iki ölkəsi - Qazaxıstan və Qırğızıstan da bu toplantılarda aktiv şəkildə iştirak etməyə başlayıblar. Qırğızıstan və Qazaxıstandan fərqli olaraq, Türkmənistan və Özbəkistan bu toplantılara o qədər də yaxından maraq göstərməsə də, artıq Türkmənistan tərəfindən də "buzlar əriməyə" başlayıb. Türkiyə mətbuatında zirvə sammitinə Türkmənistan prezidentinin qatılacağı bildirilib. Eyni zamanda, Türkiyənin Azərbaycandakı səfiri Hülusu Kılıc da Özbəkistandan başqa, sammitdə bütün türkdilli ölkələrin dövlət başçıları səviyyəsində təmsil olunacağını deyib. Məlumat üçün deyək ki, hər il ənənəvi olaraq türkdilli ölkələrin birində keçirilən zirvə sammiti ötən il Azərbaycanın ev sahibliyi ilə Naxçıvan şəhərində keçirilmişdi. Bu il isə türkdilli ölkələrin dövlət başçıları İstanbulda bir araya gələcəklər.
Onu da qeyd edək ki, türkdilli ölkələrin dövlət başçılarının zirvə sammiti təkcə türkdilli ölkələr arasında mədəni və humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan işlərin sürətləndirilməsi baxımdan önəmli deyil. Bu sammitin keçirilməsi həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Bu baxımdan da türkdilli ölkələr arasında əlaqələrin yaxınlaşması bəzi siyasi dairələrdə və xarici ölkələrdə heç də birmənalı qarşılanmır.
Bununla belə bu gün dünyadakı reallıqlar və geosiyasi proseslərin özü də türkdilli ölkələrə bir araya gəlmək zərurəti yaradır. Dünyda baş verən siyasi proseslərin istiqamətinin bir çox hallarda xristian - islam müstəvisində götürülməsi, xristian dünyasından müsəlman aləminə olan ikili baxış, ərəb dünyasına daxil olan ölkələr kimi, türk dünyasına daxil olan ölkələrin də birliyini zəruri edir. Buna görə də Azərbaycan və Türkiyə rəhbərlərinin dəstəyi ilə başlayan və digər türkdilli ölkələrin iştirakı ilə davam etdirilən proses vaxtında verilən düzgün qərar və atılan addım kimi dəyərləndirilə bilər.
Onu da qeyd edək ki, türkdilli ölkələr arasında əlaqələrin inteqrasiyası xaricdə lobbiçilik fəaliyyətinin artmasına da müsbət təsir edə bilər. Bu baxımdan da, bir müddət öncə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda Azərbaycan və Türkiyənin dövlət rəhbərləri və xarici ölkələrdəki Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndlərinin iştirakı ilə keçirilən toplantının rolu olduqca böyükdür. Məhz həmin toplantıdan sonra Azərbaycan və türk diaspor təşkilatlarının öz işlərini koordinasiya etməsi nəticəsində erməni diasporunun Azərbaycan və Türkiyəyə qarşı, əvvəlki illərdə olduğu kimi, istədiyi qərarların qəbul edilməsi əngəllənir. Eyni zamanda, birgə fəaliyyətin DQ münaqişəsin ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xaricdə münaqişə ilə bağlı obyektiv mövqenin formalaşdırılması baxımından da əhəmiyyəti böyükdür. Bu baxımdan da türkdilli ölkələrin dövlət başçılarının keçirdikləri hər zirvə sammiti türk dünyasını hər il bir addım da bir-birinə yaxınlaşdırır.
Türkdilli ölkələr arasında inteqrasiyanın güclənməsi bu ölkələrin iqtisadi inkişafı və öz təbii ehtiyatlarının dünya bazarına çıxarılması baxımdan da vacibdir. Qeyd edək ki, BTC neft əsas ixrac boru kəmərinin reallaşdırılması zamanı bu layihənin əsas iştirakçıları Azərbaycan və Türkiyə idisə, bu gün artıq Qazaxıstan və Türkmənistan nefti də BTC vasitəsi ilə dünya bazarına ixrac olunmağa başlayıb. Gələcəkdə isə bu əməkdaşlıq daha da genişlənərək lTransxəzər" neft və lTransxəzərqaz" layihələrinin həyata keçirilməsinə şərait yarada bilər. Bu baxımdan da türkdilli ölkələrin birliyinin yaranması türk dünyasının gələcəyi üçün böyük perspektivlər vəd edir.