Son zamanlar işğalçı erməni silahlı birləşmələri cəbhə xəttində davamlı şəkildə atəşkəs rejimini pozmaqda davam edir.
Dövlət səviyyəsində terrora və təxribatlara dəstək verən Ermənistan hakimiyyəti nəinki atəşkəs sazişinə, həmçinin, beynəlxalq təşkilatların tələblərinə əməl etməməsi də təəccüb və təəssüflə qarşılanır. Bizimlə həmsöhbət olan ölkəmizin tanınmış siyasətçiləri, politoloqlar və ictimaiyyət nümayəndələri Azərbaycanla Ermənistan arasında 1994-cü ilin mayında imzalanmış atəşkəs haqqında sazişin prinsiplərinin ermənilər tərəfindən kobudcasına davamlı şəkildə pozulduğunu bildirdilər.
"AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ARASINDA İMZALANMIŞ ATƏŞKƏS SAZİŞİ DÜŞMƏN DÖVLƏT TƏRƏFİNDƏN DAVAMLI ŞƏKİLDƏ POZULMAQDADIR"
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov:
- 1994-cü ildə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs haqqında sazişin bütün tələbləri düşmən dövlət tərəfindən davamlı şəkildə pozulmaqdadır. Onu da qeyd etməliyik ki, bu sazişə elə imzalandığı vaxtdan indiyə qədər Ermənistan tərəfindən əməl edilmir. Burada bir təəssüf və təəccüb doğuran məqam da ondan ibarətdir ki, dəfələrlə Ermənistan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı beynəlxalq təşkilatlara məlumatlar verilsə də, onlar bu fakta göz yummaqla reaksiya veriblər. Ona görə də, Ermənistan tərəfi bu cür yanaşmaları görərək, daha da öz çirkin niyyətini büruzə verməyə çalışır. Digər bir tərəfdən isə dünyanın aparıcı qurumlarının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çıxarmış olduqları qətnamələrə də, Ermənistan tərəfindən əməl edilmir. Əgər belə olmasaydı, BMT-nin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşun birləşmələrini çıxarmaq barəsində göstərişinə də əməl olunardı. Görünür ki, bütün sivil və beynəlxalq dəyərlərə hörmətsizlik edən Ermənistan özünün riyakarlığını bu və ya digər formada davam edir. Amma bütün bunların müqabilində erməni işğalçılarının hər dəfə cəbhə xəttində atəşkəs rejimini kobudcasına pozması Azərbaycan ordusunun layiqli cavabı ilə qarşılanır. İnanırıq ki, yaxın zamanlarda Azərbaycan Silahlı Qüvvələri tamamilə gücünü və qüvvəsini itirmiş Ermənistanın və erməni ordusunun layiqli cavabını verəcək. Çünki bu gün Azərbaycan özünün malik olduğu bütün üstünlüklərlə buna tam hazırdır.
"SON GÜNLƏR CƏBHƏ XƏTTİNDƏ ERMƏNİSTAN TƏRƏFİNDƏN ATƏŞKƏS REJİMİNİN POZULMASI AZƏRBAYCANI GENİŞMİQYASLI MÜHARİBƏYƏ CƏLB ETMƏK XARAKTERİ DAŞIYIR"
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə:
- Ermənistan hər bir məsələdə, sivil qaydaları pozduğu kimi, müharibə aparmaq qaydalarını da kobud şəkildə pozur. Ermənistan tərəfi belə hesab edir ki, onun Azərbaycanla istədiyi kimi hərəkət etmək hüququ var. Amma Azərbaycan zaman-zaman Ermənistana işğalçı kimi ağır zərbələr endirərək, onu yerində oturtmağı bacarır. Son günlər cəbhə xəttində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması Azərbaycanı genişmiqyaslı müharibəyə cəlb etmək xarakteri daşıyır. Rusiya ilə Ermənistan arasında bir müddət əvvəl rus hərbi bazalarının düşmən dövlətin ərazisində yerləşdirilməsi ilə bağlı müqavilə imzalandıqdan sonra, onlarda belə bir əhval-ruhiyyə yaranıb ki, Rusiya onun Azərbaycan ərazilərindəki provakasiyalarına həmmüəlliflik edəcək. Eyni zamanda, Rusiya prezidenti Dmitri Medvedevin Yerevandakı ehtiyatsız cavabından istifadə edərək, Ermənistan tərəf Azərbaycanı genişmiqyaslı əməliyyatlara cəlb etmək niyyəti güdür. Amma Rusiya prezidenti D.Medvedev Azərbaycana səfəri zamanı Ermənistandakı baza ilə bağlı Azərbaycanın narahat olmaması barəsində öhdəlik vermiş oldu. D.Medvedev onu da bildirdi ki, Dağlıq Qarabağ probleminin həllində, Rusiya bir vasitəçi rolunu davam etdirmək fikrindədir. Ona görə də, Ermənistan Rusiyanın neytral mövqe tutmasından narahatdır. Eyni zamanda, Ermənistan tərəfi Rusiyanın Azərbaycanla da, xoş münasibət yaratmaq siyasətinin əleyhinədir. Yəni, bu gün bu siyasəti pozmaq Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaq üçün cəbhə xəttində tez-tez insidentlər baş verir. Güman etmək olar ki, Ermənistanın bu cür hərəkətləri hələ bundan sonra da davam edəcəkdir. Amma Ermənistan bir məsələni unudur ki, onun silahlı qüvvələrinin hazırlığı Azərbaycan Silahlı Qüvvələrinin hazırlığından qat-qat aşağı səviyyədədir. Bundan əlavə, Ermənistan dövləti bilməlidir ki, onun əsgəri işğal olunmuş Azərbaycan torpaqlarındadır. Ona görə də, erməni əsgəri bu torpaqları ana vətən torpağı kimi müdafiə edə bilməyəcək. Bütün bunlara baxmayaraq Azərbaycan tərəf Ermənistan tərəfindən yaradılan provakasiyaların layiqli cavabını verir. Bir faktı da unutmaq olmaz ki, Ermənistan tərəf bundan sonra da Azərbaycan tərəfindən layiqli cavablar alacaqdır.