Mətbuatda "qəzet reket"çiliyi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində Mətbuat Şurasının gördüyü tədbirləri necə qiymətləndirirsiniz? Ümumiyyətlə, jurnalistikada "reket"çiliyin tam aradan qaldırılması üçün daha hansı tədbirləri həyata keçirilməsi məqsədəuyğundur? Bu suallara aydınlıq gətirmək üçün mətbuat nümayəndələrinə müraciət etdik.
Aydın Quliyev,
"Bakı-Xəbər" qəzetinin baş redaktoru:
- Mətbuat Şurasının "reket jurnalistika"ya qarşı apardığı mübarizəni çox yüksək qiymətləndirirəm. "Reket jurnalistika"nın mövcudluğu və fəaliyyət dairəsinin məhdudlaşdırılmasında Mətbuat Şurasının İdarə Heyətinin böyük rolu olub. 2 il bundan əvvəl Mətbuat Şurasının İdarə Heyətində bu məsələ müzakirə olundu, "reket jurnalistikası"nın Azərbaycanda nə qədər böyük bir bəla olduğu ortaya qoyuldu və ona qarşı sistemli mübarizə başladı. Fikrimcə, bu gün də onun çox böyük nəticəsi var. Əgər "reket jurnalistika"ya qarşı belə bir mübarizə aparılmasaydı, onun bugünkü fəsadları daha böyük ola bilərdi. Bu proses elə bir şəkil alıb ki, "reket jurnalistikası"nın fəaliyyəti sürətlə minimuma yaxınlaşmaqdadır.
Fikrimcə, burada üç amil həlledici rol oynayacaq. Birincisi, reket jurnalistlərin özlərinin artıq əndazəni aşması və açıq-aşkar qanunsuzluq hərəkətlərinə yol verməsinə görə, inzibati orqanların gördüyü tədbirlərdir. Bildiyiniz kimi, son bir neçə həftə ərzində bir neçə reket jurnalist iş başında - yəni, pul alarkən yaxalanıb. Belələrinin hərəkətləri artıq hüquq-mühafizə orqanlarını sərt qərarlar qəbul etməyə məcbur edir. Bu, "reket jurnalistikası"nın kökünün kəsilməsində böyük rol oynayacaq. İkincisi, Mətbuat Şurasının apardığı tədbirlər və mübarizələr öz effektlərini verəcək. Üçüncü amil KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuatın inkişafının möhkəmlənməsi üçün həyata keçirdiyi qrant layihələri ilə bağlıdır. Bu layihələrin gerçəkləşdirilməsi sonda elə bir mənzərənin yaranmasına gətirib çıxaracaq ki, ciddi və sivil mətbuatın mövqeləri daha da möhkəm olacaq. "Reket mətbuatı" isə yavaş-yavaş sıradan çıxacaq. Çünki birmənalı olaraq, belə bir şərt qoyulub ki, fondun heç bir tədbirində adı "reket qəzetlər"in siyahısında olan qəzetlər, orqanlar iştirak edə bilməz. Fikrimcə, bu üç istiqamətdə iş davam etsə, nəticələr indikindən qat-qat yaxşı olacaq.
Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru:
- Mətbuat Şurasının "reket jurnalistlər"ə qarşı apardığı mübarizəni və bununla bağlı həyata keçirilən tədbirləri yaxşı qiymətləndirirəm. Burada "reket"çiliyin aradan qaldırılması ilə bağlı kompleks işlərin görülməsindən söhbət gedir. Yəni, burada "reket"çiliklə məşğul olan qəzetlərin adlarının "qara siyahı"ya salınması və s. bu kimi məsələlər var. Dövlətin müstəqil qəzetlərə obyektiv münasibəti də bu prosesdə mühüm rol oynayır. Eyni zamanda, ictimai səviyyədə də "reket qəzetlər"ə qarşı, təbii olaraq, mənfi münasibət formalaşıb. Bütün bunların fonunda həmin qəzetlərin yavaş-yavaş ələnib sıradan çıxarılması prosesi gedir. Ümumiyyətlə, bununla bağlı kompleks planlar həyata keçiriləndən sonra jurnalistlər artıq "reket"çiliklə məşğul qəzetlərdə işləməməyi qərara alacaqlar. Ciddi mətbuat işi ilə məşğul olan jurnalistlər dövlət tərəfindən mənzillə təmin olunanda, təbii ki, "reket"çiliklə məşğul olanlar kənarda qalacaq. Bir sözlə, onlar o zaman hər şeyi çox gözəl dərk edəcəklər ki, bizim seçdiyimiz yaxşı yol deyil. Ümid edirəm ki, "reket"çiliklə məşğul olan qəzetlər 2-3 ilə tamamilə sıradan çıxacaq.