Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Ramazan bayramı münasibətilə iftar süfrəsi açıb
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın adından müqəddəs Ramazan bayramı münasibətilə Moskvada iftar süfrəsi açılıb. Tədbir Poklon dağında açılmış Ramazan çadırında təşkil olunub. Tədbirin təşkilində Rusiya Müftilər Şurası və "Nadejda" Mədəni-Maarif Fondu yaxından iştirak ediblər.
Azərbaycan diasporunun nümayəndələrinin, oruc tutanların, qonaqların dəvət olunduğu iftar süfrəsinin əvvəlində Quran oxunub, namaz qılınıb. Sonra qonaqlara Azərbaycan mətbəxinin təamları təklif olunub. İftar süfrəsi zamanı Azərbaycan haqqında videofilm nümayiş etdirilib, milli musiqimiz səslənib. Toplaşanlara "Baku", "İrs" jurnalları, Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən bukletlər, Azərbaycan haqqında multimedia diskləri, Azərbaycanın mənzərələri əks olunmuş açıqcalar paylanılıb. İftar süfrəsinə dəvət olunanlar Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevaya xüsusi minnətdarlıqlarını bildiriblər.