MSK-nın növbəti iclası keçirildi
Dünən MSK-nın növbəti iclası keçirildi. İclasda çıxış edən MSK sədri Məzahir Pənahov Azərbaycan Prezidenti İlham Əliyevin dördüncü çağırış Azərbaycan Milli Məclisinə seçkilərin bu ilin noyabrın 7-də keçirilməsinə dair Sərəncam imzaladığını söylədi. O, bununla əlaqədar MSK üzvləri tərəfindən "Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nın hazırladığını vurğuladı.
Daha sonra iclasın gündəliyində duran məsələlərin müzakirəsinə başlanıldı. "Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" ilə bağlı MSK katibi Natiq Məmmədov məlumat verdi. Planın 61 bənddən ibarət olduğunu deyən MSK katibi bildirdi ki, plan 4 hissədən ibarətdir: "Birinci hissədə əsas hərəkət və tədbirlərin siyahısı hazırlanıb. İkinci hissədə icraçılar göstərilir. Daha sonrakı hissələrdə isə Seçki Məcəlləsində əksini tapan müddətlər yer alıb. Namizədliklərin təsdiq edilib-edilməməsi ilə bağlı qərar 5 gün müddətində dairə seçki komissiyaları tərəfindən veriləcək. Əgər namizədlik təsdiq edilərsə, onların imzatoplama kampaniyası başlanacaq. Azərbaycan Respublikasının ərazisində və dairə seçki komissiyalarında müşahidə aparmaq istəyən şəxslər üçün bu il də eyni müddət müəyyənləşib. Azərbaycan Respublikasının ərazisində müşahidə aparmaq istəyənlər seçki gününə 10 gün, dairə seçki komissiyalarında müşahidə aparmaq istəyənlər isə 5 gün qalana kimi ərizə ilə müraciət edə bilərlər. Müşahidələrin MSK tərəfindən qeydə alınması üçün 3 gün, dairə seçki komissiyaları üçün isə 2 gün müəyyən edilib".
N.Məmmədov Təqvim Planına əsasən treninqlərin, kursların keçirilməsinin nəzərdə tutulduğunu söylədi. O, qeyd edərək vurğuladı ki, sənədlərin və ilkin maliyyə hesabatlarının seçki gününə ən çoxu 50, ən azı 30 gün qalmış verilməsi mümkün olacaq. N.Məmmədov seçki siyahıları ilə bağlı da mühüm işlərin aparıldığını da bildirdi: "Seçki gününə 35 gün qalmış siyahıların bir daha dəqiqləşdirilməsi aparılacaq və seçicilərin ixtiyarına veriləcək. Bu isə oktyabrın 3-nə təsadüf edir".
MSK katibi seçki qabağı təşviqatın aparılma vaxtının oktyabrın 15-dən başlayacağını və noyabr ayının 6-da səhər saat 8:00-da başa çatacağını diqqətə çatdırdı.
N.Məmmədov "Exit-pol" keçirmək istəyən təşkilatların sənədlərinin seçki gününə 20 gün qalana kimi qəbul ediləcəyini bildirdi. Seçki bülletenlərinin hazırlanmasının seçki gününə 10 gün qalana kimi başa çatdırılmalı olduğunu deyən MSK katibi ən azı noyabrın 4-nə kimi bülletenlərin məntəqə seçki komissiyalarına çatdırılmalı olduğunu qeyd etdi.
MSK katibi, həmçinin, dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqadar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması haqqında məlumat verdi. N.Məmmədov bu məqsədlə komissiya tərkibində 9, dairə seçki komissiyalarının tərkibində isə 3 nəfərlik qrupların yaradılmasının nəzərdə tutulduğunu vurğuladı.