Məktəblilərin yay istirahəti başa çatdı
Böyüməkdə olan gənc nəslin yay istirahətlərinin mənalı və səmərəli təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi istiqamətində Səbail rayon icra hakimiyyəti, DİN Daxili Qoşunları və Quba rayon icra hakimiyyətinin birgə layihəsinə yekun vuruldu. Layihə əsasında təşkil olunan "Şahinlər" hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin yay istirahəti başa çatdı. Dünən Səbail rayonunda yeniyetmələrin yay istirahətinin səmərəli və yaddaqalan təşkili istiqamətində keçirilən növbəti tədbirin təntənli bağlanış mərasimi keçirildi.
Düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunan tədbirdə iştirak edən layihə təşkilatçıları Səbail rayon icra hakimiyyəti başçısı Asif Əsgərov və Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov, həmçinin, DİN Daxili Qoşunlarının nümayəndələri və digər qonaqlar uşaqların istirahəti, onlar üçün yaradılan şəraitlə yaxından tanış oldular. Sonra rayon rəhbərləri idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları, dəstə rəhbərlərinə və hərbçilərə qiymətli hədiyyələr təqdim etdilər.
Sonra yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdirdilər. Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin çıxışları tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılandı.
Tədbirin sonunda respublikamızın tanınmış incəsənət ustalarının və Daxili Qoşunların hərbi orkestrinin çıxışı oldu.