"Azərbaycan hökuməti "Cinah sazişi" əsasında müəyyənləşən kvotaların pozulub-pozulmadığına münasibət bildirəcək"
"Rusiya ilə Ermənistan arasında hər hansı bir sazişin, müqavilənin imzalanması iki dövlətin işidir. Lakin Cənubi Qafqazın təhlükəsizliyi və bütövlükdə bölgədə adi və strateji silahların miqdarı məsələsi təkcə iki dövlət arasında olan məsələlər deyil, bu, eyni zamanda, ATƏT-in Avropada Təhlükəsizlik Konsepsiyasına müvafiq olaraq "Cinah sazişi" ilə nizamlanır".
SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, 1992-ci ildə ATƏT-in "Cinah sazişi"nə Cənubi Qafqaz üzrə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya qoşulub və sənəddə Cənubi Qafqazda yerləşdirilə biləcək adi silahlar, o cümlədən hərbi texnika - təyyarələr, tanklar və digər maşınların miqdarı - hər ölkə üçün kvota müəyyən olunub.
"Bu kvotaların kənarında neçə illərdir ki, Dağlıq Qarabağda ATƏT-in nəzarətindən kənar silahlar və silahlı qüvvələr cəmlənib. Bunların heç bir nəzarəti, hesabatı aparılmır. Ermənistanın özünün silahlı qüvvələrinin kvotasına eyni zamanda, Rusiyanın orada yerləşdirdiyi baza daxildir, yəni Rusiyanın Ermənistanda yerləşdirdiyi silahlar o kvotadan çox ola bilməz. Hazırda bizim hərbi mütəxəssisləri, ATƏT-in rəsmiləri bu kvotaların pozulub-pozulmadığını hesablayır. Bunlar öyrəniləndən sonra Azərbaycan hökuməti buna münasibət bildirəcək", - deyə o əlavə edib. D.Medvedevin Bakıya səfəri zamanı analoji sənəd imzalana bilərmi? sualını cavablandıran şöbə müdiri vurğulayıb ki, 1992-ci ildən bugünədək Azərbaycan dəfələrlə Ermənistanda Rusiya hərbi bazasının yerləşdirilməsi, Ermənistan ordusununu qeyri-qanuni və təmənnasız silahlanması ilə bağlı etirazları bildirərək Rusiya tərəfi eyni müqavilələri Azərbaycanla da imzalamağa hazır olduğunu və Azərbaycanı da Kollektiv Təhlükəsizlik Təşkilatına (KTT) yolunun açıq olduğunu bəyan etmişdi: "Lakin Azərbaycan Kollektiv Təhlükəsizlik Təşkilatına qoşulmağa Ermənistan kimi işğalçı bir dövlətlə bir arada olmaq mənasında imtina edib. KTT-də bu işğalçı siyasət ifşa olunmadığından Azərbaycan bu təşkilatda iştirak etməyin mənasını görmür. Əgər Azərbaycan bu təşkilata üzv olmaqla Ermənistanın işğalçı qüvvələrinə qarşı o təşkilatın köməyindən istifadə etməyəcəksə, hansı təhlükədən müdafiə olunmalıdır? Nə qədər ki, Azərbaycanın maraqlarına cavab verməyib nə KTT-yə, nə NATO-ya qoşulmaq fikrində deyilik. Azərbaycan bütün təşkilatlara qoşulmasının mənasını təhlükəsizlik prinsipləri ilə əsaslandırır, əgər onun təhlükəsizliyinə xidmət edirsə və sözün həqiqi mənasında səmərəli qoşulma olacaqsa, onda biz buna hazırıq".