MSK aşağı seçki komissiyalarının üzvləri üçün kurslara başlayıb
Mərkəzi Seçki Komissiyası Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb. MSK-nın mətbuat xidmətindən "Səs"ə verilən məlumata görə kursların açılış mərasimində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel və digər rəsmi şəxslər iştirak edib.
Açılış mərasimində M.Pənahov bildirib ki, kursların keçirilməsində məqsəd Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamına uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.
Avqustun 26-dək keçiriləcək kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, daxili işlər nazirinin müavini Oruc Zalov, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Ədliyyə Nazirliyi və Apelyasiya Məhkəməsinin məsul şəxsləri, MSK-nın üzvləri və şöbə müdirləri mühazirələr oxuyacaqlar. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək.