Azərbaycan turizmi beynəlxalq səviyyədə rəqabətə davamlı ölkədir
Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir. Məlumdur ki Azərbaycan da mövcud olan potensial əsasında turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindən birinə çevrilib. Dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür ki, göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir.
Statistika göstərir ki, dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.
Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin - kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s. inkişafı üçün geniş imkanlar mövcuddur.
Məhz belə bir mövcud vəziyyət ölkədə turizmin inkişafına geniş meydan açır. Prezident İlham Əliyevin cari ilin aprel ayında"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı imzaladığı Sərəncam da Azərbaycanda turizmin yüksək səviyyədə inkişafına yönəlmişdir. 2010-2014-cü illər üçün təsdiq olunmuş Dövlət Proqramının imzalanması Azərbaycan turizm sənayesinin qarşısında ciddi tələblər irəli sürdü, eyni zamanda, məsuliyyəti artırdı. Azərbaycan turizminin iqtisadiyyatın ən dayanaqlı, inkişafda olan sahəsinə çevrilməsi qarşıya məqsəd olaraq qoyuldu. Proqramda dövlət tərəfindən qanunvericilik baxımından tənzimlənən sənədlərin hazırlanması, qanunlarda müvafiq dəyişikliklərin olması, yeni turizm zonalarının, onların əsasnamə və nizamnamələrinin yaradılması, beynəlxalq səviyyədə turizm sənayesinə investisiyaların yatırılması və Azərbaycan turizm potensialının geniş təbliğinə xüsusi önəm verilir. Eyni zamanda, zəngin mədəni irsimizin, mədəniyyətimizin imkanlarının turizm məqsədləri üçün geniş istifadə olunması, infrastrukturun yaradılması və bunun üçün peşəkar kadr potensialının hazırlanmasına dair tapşırıqlar verilib. Qeyd olunduğu kimi, Proqramın 4 il müddətinə icrası nəzərdə tutulub. Bundan sonra Azərbaycan turizm sənayesinin tamamilə yeni mərhələyə və səviyyəyə çıxarılmasına şübhə qalmayacaq.
Azərbaycanın istirahətə, turizmə münasib olan yerlərində obyektlərin tikilməsi və istifadəyə verilməsi dövlət büdcəsinə gəlirin daxil olması ilə nəticələnir. Ölkə ərazisində münbit şəraiti olan yerlərdə obyektlərin inşası və istifadəyə verilməsi Azərbaycana turist axınını xeyli artırmışdır. Quba-Xaçmazda 56, Xızıda 3, Qubada 17, Qusarda 4 və s. otel və istirahət mərkəzlərini fəaliyyəti, əlbəttə ki, Azərbaycanda artıq turizm sektorunun inkişafda olduğunu göstərən faktordur. Artıq bu obyekt və turizm müəssisələrinin özünəməxsus nişanları, imicləri var. "İstisu", "Ceyran bulaq", "Xal-xal bulaq", "Karvan", "Xan bağı","Udman qalası", "Təbəssüm", "Göyçə", "Narzan" və s. ailəvi istirahət və turizm mərkəzləri yüksək ximətinə, əlverişli şəraitinə görə diqqətdədir. Təbii ki, bu nailiyyətlər yaxın bir dövrdə həyata keçirilən tədbirlərin nəticəsində baş tutmuşdur. Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Odur ki, Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. Görülən kompleks işlərin nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir. Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir. Bununla yanaşı, turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaradır.
"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün zəruri bazadır.
Bütün bu görülən işlərin nəticəsi olaraq, ötən il Azərbaycana gələn turistlərin sayı 1,5 faiz artmışdırsa, bu il bu rəqəm dəyişmişdir. 2008-ci ildə bu sahədə 40 faizə qədər artım olub. Son 2 ildə isə bu rəqəm 41 faizə qədər yüksəlib. Bu, dünya Turizm Təşkilatı tərəfindən də ən yaxşı rəqəmlər kimi qəbul olunub. Bu gün Azərbaycan turizmi beynəlxalq səviyyədə rəqabətə davamlı ölkə kimi tanınır. Ölkəmizin turizm sektoru ildən-ilə inkişaf edir. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ötən il ölkəyə gələn 1 milyon 830 min xarici vətəndaşdan 1 milyon 430 mini turist olmuşdur. Hazırda Azərbaycanda turistlər üçün nəzərdə tutulmuş yataq yerlərinin sayı 30 mindən çoxdur. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində 137 turizm şirkəti, 57 mehmanxana və 48 restoran fəaliyyət göstərir.
Sözügedən qurumun məlumatında göstərilir ki, dörd bir tərəfdən dağlarla əhatələnmiş Qəbələ şəhərinin yerləşdiyi ərazi, xüsusilə, onun nadir təbiəti burada turizmin sürətli inkişafına real imkanlar yaradır. Bölgənin əlverişli potensialından daha səmərəli istifadə etmək məqsədi ilə son üç ildə Qəbələdə yeni turizm obyektləri tikilmişdir. Bu siyahıya iki 5 ulduzlu, iki 4 ulduzlu, yeddi 3 ulduzlu otellər, 2 sanatoriya və s. daxildir.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin rayona səfəri zamanı açılışı olmuş "Qafqaz Riversayd" oteli isə bütövlükdə regionun dünya standartlarına cavab verən ən möhtəşəm mehmanxanası hesab olunur. Oteldə 150 nəfərədək yerli sakin işlə təmin olunmuşdur. Ümumiyyətlə, son illər bölgədə turizmin inkişafı nəticəsində 2 mindən çox yeni iş yerləri açılmışdır. Rayonun füsunkar təbiəti, burada müasir dünya standartlarına tamamilə cavab verən turizm infrastrukturunun yaradılması son vaxtlar Qəbələyə turist axınının sürətlənməsinə səbəb olmuşdur. Bir faktı qeyd etmək kifayətdir ki, Qəbələyə keçən il cəmi 20 min turist gəldiyi halda, artıq cari ilin 6 ayında rayona bütövlükdə 2009-cu ildəki qədər turist axını müşahidə edilmişdir. İlin sonunadək bu rəqəmin iki qat artacağı gözlənilir.
Hər bir turizm məkanında xarici turistlər üçün milli mətbəx, incəsənət, sənətkarlıq və Azərbaycanın tarixi-mədəni abidələri haqqında məlumatın çatdırılması işində də bir sıra işlər icra olunmuşdur.
Bir faktı da diqqətə çatdıraq ki, Mədəniyyət və Turizm Nazirliyinin apardığı araşdırmalarına və statistikaya görə, isə ölkəmizə gələn turistlərin sayı Azərbaycandan xaricə dincəlmək üçün gedənlərin sayından azdır. Maraqlıdır ki, 2009-cu ildə Azərbaycandan xaricə 2 milyon 300 min nəfər getmişdir. Onların əksəriyyətinin turist olduğu bildirilir.
Bütün bunları nəzərə alan Mədəniyyət və Turizm Nazirliyi xaricə turist axınının qarşısını almaq üçün cari ildə turizm mərkəzlərində qiymətlərin aşağı salınması ilə bağlı göstərişlər vermişdir. Bu tədbirlərin nəticəsi ilin sonunda təqdim ediləcək statistik məlumatlarda əksini tapacaqdır.
Artıq deyə bilərik ki, Dövlət Proqramına əsasən, Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsi formalaşır və ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilir. Bu baxımdan ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində işlər görülməkdədir. Daxili və xarici investisiyaların turizm sahəsinə cəlb edilməsi məqsədi ilə bu sahədə təşviqləndirici investisiya və biznes mühitinin formalaşdırılması, turizm sahəsində qabaqcıl beynəlxalq təcrübədən istifadə edilməklə səmərəli dövlət tənzimlənməsi və idarə edilməsi mexanizmlərinin yaradılması, ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması diqqətidə duran məsələrdəndir. Ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması istiqamətində həyata keçirilən işlər bəhrəsini verməkdədir. Turizm xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə mütərəqqi üsulların və standartların hazırlanması və tətbiq edilməsi iş, mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi, turizm sahəsi üçün kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsil üzrə layihələrin həyata keçirilməsi qısa bir zaman məsafəsində görülən işlərin məntiqi göstəricisidir.
Beynəlxalq turizm bazarında Azərbaycan Respublikası üçün prioritet hesab olunan ölkələrlə əməkdaşlığın genişləndirilməsi də diqqətdə olan məsələlərdəndir.