Türkdilli dövlət başçıları İstanbulda bir araya gələcək
Türkdilli dövlətlər arasında siyasi-iqtisadi əlaqələrin daha da yaxınlaşması üçün Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Sammitləri artıq ənənəyə çevrilməyə başlayıb. Qeyd edək ki, ötən ildə Türkdilli Dövlət Başçılarının Zirvə Sammiti Azərbaycanda keçirildi.
Naxçıvanda baş tutan Zirvə Sammitində altı türkdilli dövlətdən dördünün dövlət başçısı iştirakı edirdi. Naxçıvanda keçirilən sammitin gündəliyinə 30-a yaxın məsələ daxil edilmişdi ki, bunlar əsasən türkdilli ölkələr arasında siyasi - iqtisadi əlaqələrin inkişaf etdirilməsi, türk dövlətləri arasında inteqrasiyanın daha da sürətləndirilməsi ilə bağlı olan məsələlər idi. Onu da deyək ki, Azərbaycan və Türkiyənin Türkdilli Dövlətlər Birliyinin yaradılması istiqamətində apardığı birgə səylərin nəticəsi olaraq Qazaxıstan və Qırğızıstan ötənilki sammitdə dövlət başçıları səviyyəsində təmsil olunurdu. Bu il isə Türkdilli Dövlət Başçılarının Zirvə Sammiti İstanbulda keçiriləcək. Sentyabrın 15-16-da keçiriləcək Zirvə Sammiti ilə bağlı artıq Türkiyədə hazırlıq işlərinə başlanılsa da, hələlik, Zirvə Sammitinə neçə türkdilli dövlətin qatılacağı məlum deyil. Bununla belə artıq Azərbaycan və Qazaxıstanın sammitdə prezidentlər səviyyəsində iştirak edəcəyi bildirilir. Qırğızıstanda baş verən son olaylardan sonra hakimiyyətə gələn yeni prezidentin Türkdilli Dövlət Başçılarının Zirvə Sammitinə qatılıb-qatılmayacağı ilə bağlı, hələlik, mövqeyi aydın deyil.
Ötən il Naxçıvanda keçirilən Türkdilli Dövlət Başçılarının Zirvə Sammitinin olduqca məhsuldar keçdiyini deyən MM-in Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbəri, millət vəkili Nizami Cəfərov "Səs"ə açıqlamasında bildirib ki, ötən il həm Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması, eləcə də, Türkdilli Dövlətlərin Başçılarının Zirvə Sammitinin mütəmadi keçirilməsi ilə bağlı bir sıra vacib qərarlar verilib. "Ən əsası odur ki, artıq katiblik yaranıb. Bu istiqamətdə prosesin başlanılmasının özündə də böyük çətinliklər var idi. Amma artıq proses başlayıb. Düzdü, ötən il müzakirə olunan məsələlərin hamısını birdən-birə həll etmək mümkün deyil. Bəzi məsələlər artıq həll olunub. Elə məsələlər də var ki, hələ qalır. Amma artıq proses başladığına görə bu məsələlər də tədricən həllini tapacaq". N.Cəfərov bildirib ki, türkdilli dövlət başçılarının bir araya gələrək siyasi-iqtisadi əlaqələrin gücləndirilməsini dünya ölkələri də maraqla izləyir. "Doğrudur, buna qısqanc yanaşanlar da var. Amma çoxları üçün türk dövlətlərinin bir-birinə siyasi və iqtisadi baxımdan daha yaxından inteqrasiya etmək üçün başladığı proses maraqlıdır. Çünki dünyada ərəb ölkələrinin də Cənubi Amerika ölkələrinin də, öz birlikləri var. Bu baxımdan da türkdilli dövlətlərin bir araya gələrək birlik yaratmasında qeyri-adi heç nə yoxdu deyə millət vəkili bildirdi".
Millət vəkili birliyin tam tərkibdə formalaşmasını ləngidən əsas səbəbin Azərbaycan və Türkiyədən fərqli olaraq, Mərkəzi Asiyadakı türkdilli dövlətlərin məsələyə tərəddüdlə yanaşmaları olduğunu deyib: "Türkmənistanın ötən ilki sammitdə iştirakı gözlənilsə də, Türkmənistan sammitə qatılmadı. Özbəkistan, hələlik, bu proseslərə qatılmaq istəmir. Ötən il Qırğızıstan sammitdə iştirak etdi.Amma orada vəziyyət dəyişdiyinə görə builki sammitə Qırğızıstanın qatılması da sual altındadı. Hələlik, birliyin yaradılması istiqamətində üç ölkə-Azərbaycan, Türkiyə və Qazaxıstan aktivlik göstərir. Amma düşünürəm ki, bu prosesin inkişafı təbii şəkildə getməlidi. Necə ki, bu ölkələrdə yaşayan türkdilli xalqlar təbii olaraq bir-birinə bağlıdırlar, ölkələr arasında siyasi-iqtisadi əlaqələr də o cür inteqrasiya etməlidi". Bununla belə N.Cəfərov türkdilli dövlətlərin birlik yaratmaq siyasətinin özünün böyük əhəmiyyət daşıdığını deyir: "Ola bilər ki, hansısa ölkələr və dairələr buna "türklərin bir araya gələrək imperiya yaratmaq" düşüncəsindən yanaşıb narahat olsunlar. Elə bizim düşmənlərimizdə bundan çox narahat olurlar. Hətta bu birliyin kimlərəsə mesaj olduğunu iddia edirlər. Əslində, bu, belə deyil. Türk dövlətləri mədəni və sivil şəkildə bir araya gəlməklə sadəcə öz aralarında inteqrasiyanın dərinləşdirməkdə maraqlı olduqlarını nümayiş etdirirlər. Ona görə də İstanbul sammitininin də, yəqin ki, prosesdə böyük rolu olacaq".