Məktəblilərin Avropa ölkələrinə səfərləri təşkil olunub
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsində qalib gəlmiş 20 şagirdin Fransa, Almaniya, Niderland və Belçika krallıqlarına səfərləri təşkil edilib.
Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil edilən səfər Fransanın paytaxtı Parisdən başlayıb.
Bundan sonra, məktəblilər Almaniyanın Köln şəhəri ilə tanış olub, Belçikanın Brüssel, Brüqqe, Namur və Dinant şəhərlərinə səfər ediblər. Onlar həmçinin Niderlandın paytaxtı Amsterdamın tarixi yerlərini, muzeylərini, Brüssel yaxınlığındakı Vaterloo şəhərini gəzib, tarixi keçmişi yaşadan muzeyləri ziyarət edərək maraqlı məlumatlar əldə ediblər. Qeyd edək ki, "Heydər Əliyev uşaqların gözü ilə" inşa müsabiqəsində 600 mindən artıq şagird iştirak edib və münsiflər heyətinin qərarına əsasən 21 şagird müsabiqənin qalibi olub. Onlardan beşi 1-ci yerə, daha beş nəfəri 2-ci yerə, on biri isə 3-cü yerə layiq görülüb. Fərqlənən 56 şagird Fəxri fərmanla mükafatlandırılıb, 87 məktəblinin inşa yazısı kitab halında nəşr olunub.