PDF Oxu

Əsas

  • 18

Tələbə-gənclər Azərbaycanı xaricdə layiqincə təmsil edirlər

Tələbə-gənclər Azərbaycanı xaricdə layiqincə təmsil edirlər
Dünən Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2010/2011-ci tədris ili üçün dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş gənclərlə görüş keçirildi. Tədbirdə dövlət qurumlarının nümayəndələri, təhsil işçiləri, ictimaiyyətin təmsilçiləri iştirak etdilər.
Görüşdə çıxış edən təhsil naziri Misir Mərdanov müvafiq Dövlət Proqramının əhəmiyyətindən danışaraq, proqram çərçivəsində indiyədək 512 nəfər gəncin təhsil almaq üçün xarici ölkələrə göndərildiyini diqqətə çatdırdı: "Proqram çərçivəsində bu il 200-dək tələbənin xaricdə təhsil almaq üçün göndərilməsi nəzərdə tutulur.
Nazir avqust ayının 20-dən Azərbaycanda müəllimlərin vakant iş yerlərinə qəbulunun başlanıldığını söylədi: "Qəbul həftə ərzində avqustun 27-dək davam edəcək. Müəllimlərin işə qəbul proseduru sentyabrın əvvəlində keçiriləcək".
M.Mərdanov onu da bildirdi ki, həm Bakı şəhəri, həm də ölkənin bölgələrindəki təhsil müəssisələrinə bu il işə qəbul zamanı insan amili olmayacaq: "Həm sənədlərin qəbulu, həm də test imtahanlarının keçirilməsi elektron vasitələrlə həyata keçiriləcək. Bu, bizim fəaliyyətimizdə ən uğurlu addımlardan biridir. Qeyd edim ki, orta məktəblərin təqdim etdikləri vakant yerlərə, əsasən, Bakının təhsil müəssisələrində ən çox idman, ibtidai-hərbi hazırlıq, informatika müəllimlərinə ehtiyac var. Ötən il Təhsil Nazirliyi 2009/2010-cu tədris ili üçün ümumtəhsil məktəblərində 365 vakant yerinin tutulması üzrə müsabiqə keçirmişdir. 1044 nəfərdən yalnız 284 nəfər müəllim vəzifəsinə qəbul edilib, 81 yer isə vakant qalıb. Azərbaycanda fəaliyyət göstərən 4552 dövlət ümumtəhsil məktəblərində 170 minə yaxın müəllim və 1420 mindən çox məktəbli oxuyur. 17 özəl ümumtəhsil məktəblərində 1005 müəllim çalışır".
M.Mərdanov ölkədə yeni tədris ilinə hazırlıqla da bağlı məsələlərə aydınlıq gətirərək bildirdi ki, sentyabrın 10-dək bütün məsələlər öz həllini tapacaq. Yeni tikilən, əsaslı və ya cari təmir olunan, avadanlıqlarla təmin edilən, İKT avadanlıqları ilə təmin edilməsi nəzərdə tutulan bütün təhsil müəssisələrində işlər sentyabrın 15-dək yekunlaşacaq: "Su basmış ərazilərdə uçmuş, dağılmış və yararsız vəziyyətə düşmüş orta məktəblərin taleyi ilə digər əlaqədar qurumlar məşğul olur. Yeni tədris ilinin başlanğıcına qədər həmin məktəblərin şagirdlərinin harada təhsil alacaqları dəqiqləşdiriləcək".
M.Mərdanov uşaqların 5 yaşından bağçaya göndərilməsi barədə qanunda dəyişikliklərlə bağlı məsələyə də toxundu: "Təhsil haqqında" qanuna görə məktəbə gedəcək uşaqların 5 yaşından bağçalara göndərilməsi məsələsi ilə uşaq bağçalarında sıxlıq yaranacaq. Ancaq bir şey də var ki, qanunda yazılmasına baxmayaraq, biz həmin məsələni nə bir, nə də beş ilə həyata keçirmək iqtidarında deyilik. Bütün uşaqların 5 yaşından məktəbəqədər tərbiyə müəssisələrinə getməsi üçün çoxlu sayda yeni uşaq bağçaları tikilməli, məcburi köçkünlər mövcud bağçalardan çıxarılmalı, həmin binalar əsaslı təmir olunmalıdır. Bunun üçün ümumilikdə xeyli iş görülməlidir".
Tədbirdə On Doqquz May Universitetinin dekanı Əli Heydər Şahinoğlu çıxış edərək bildirdi ki, Azərbaycan Tibb Universitetinin 16 tələbəsi Türkiyənin Samsun şəhərindəki On Doqquz May Universitetində təcrübə keçibdir. Ə.Heydərov azərbaycanlı tələbələrin dörd həftəlik yay təcrübəsini uğurla başa vurduğunu bildirdi. Onun sözlərinə görə, tibbi cərrahiyə, daxili xəstəliklər və pediatriya bölmələri üzrə təcrübə keçmiş tələbələrə sertifikatlar təqdim olunubdur. Ə.Heydər onu da əlavə edərək söylədi ki, universitet rəhbərliyi 2011-ci ildə Türk Dünyası Tələbə Şurası yaradılmasını da planlaşdırır. Bu şura çərçivəsində Türkiyə ilə Azərbaycan universitetləri daha fəal şəkildə təcrübə mübadiləsi aparacaqlar.
Görüşdə tələbələrdən Ayla Hüseynova və Elvina Nəsirova təcrübə keçdikləri müddətdə özlərini Vətəndəki kimi hiss etdiklərini, bu stajın onlar üçün faydalı olduğunu söylədilər və universitet rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Tələbələr universitetin dekanına Bakının mənzərəsini əks etdirən tablo və hədiyyə etdilər.

Digər xəbərlər