21 avqust Bəkir Nəbiyevin doğum günüdür
Müasir həyatımızda Azərbaycan elminin inkişaf etdirilməsi istiqamətində ölkə rəhbərinin mütəmadi olaraq imzaladığı sərəncam və fərmanlar elmin müxtəlif sahələrini əhatə edir. Azərbaycan elminin tanınmış nümayəndələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da məhz Azərbaycan elminin inkişafında əhəmiyyətli məsələlərdəndir. Ötən gün Prezident İlham Əliyev cənabları tərəfindən Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə Bəkir Əhməd oğlu Nəbiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi tanınmış elm xadiminə doğum günündə ən əhəmiyyətli, dəyərli hədiyyə olmaqla yanaşı, həm də Azərbaycan elminə verilən yüksək qiymətdir.
Bütün həyatını Azərbaycan elminin tanınmasına və yüksəlməsinə həsr edən Bəkir Nəbiyev 80 illik yubileyində bir daha dövlətin ona qarşı olan diqqət və münasibətini üzərində hiss etdi. Bu günə qədər fəaliyyəti müxtəlif mükafatlarla qiymətləndirilib. Belə ki, o, Azərbaycan Dövlət Mükafatı laureatı, "Qızıl qələm" mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Azərbaycan EA həqiqi üzvü, əməkdar elm xadimi kimi fəxri ad və elm dərəcələrə layiq görülmüşdür. Təbii ki, bu mükafatların əsasında B.Nəbiyevin yaradıcılıq yolundakı istedadı və əməyi olmuşdur.
Hazırda B.Nəbiyev AMEA Rəyasət Heyətinin üzvü və Nizami adına Ədəbiyyat İnstitutunun direktorudur. "Çoxmillətli Sovet ədəbiyyatı tarixi"nin, ikicildlik "Azərbaycan Sovet ədəbiyyatı tarixi"nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin baş redaktorudur. 30 cildlik "Türk dünyası ədəbiyyatı" ensiklopediyasının respublika üzrə məsul əlaqələndiricisidir.
B.Nəbiyev Bakıda bədii ədəbiyyatda realizm, romantizm məsələlərinə, Moskvada, Kiyevdə, Tbilisidə, Alma-atıda, Düşənbədə qarşılıqlı ədəbi əlaqələr problemlərinə həsr edilmiş simpoziumlarda məruzəçi olmuşdur. Birinci Millətlərarası Azərbaycan Konqresində "Azərbaycan ədəbiyyatı tarixinin yazılması prinsipləri", Azərbaycan Mühacirət Ədəbiyyatı Simpoziumunda "Azərbaycan ədəbiyyatında qürbət lirikası", Üçüncü Uluslararası türk kültürü konqresində "Əhməd Cavadın yaradıcılığında türkçülük idealları", Beynəlxalq Nizami Konqresində "Nizami və Gəncə", Beynəlxalq Füzuli konqreslərində "Həqiqətüs-süəda"nın fikri-bədii vüsəti", "Aşiqanə sözün bənzərsiz ustadı", Dördüncü Uluslararası Türk Kültürü Konqresində "Azərbaycan dilinin terminoloji lüğətləri" mövzularında məruzələr etmişdir. Çexiya, Slovakiya, Yuqoslaviya, Yunanıstan, Danimarka, İran, İraq, Səudiyyə Ərəbistanı, ABŞ, Çin və Yaponiyada beynəlxalq ədəbi-elmi və siyasi məclislərdə məruzə ilə çıxış etmişdir. Ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərinə görə "Hacı Zeynalabdin Tağıyev", "Məmməd Araz" mükafatlarına, "Ustad" Ali mükafatına, Beynəlxalq TİKA mükafatına, "Xalqlar dostluğu" və "Şöhrət" ordenlərinə layiq görülmüşdür.
Bir alim kimi fəaliyyətə başladığı illər ərzində B.Nəbiyev "Görkəmli tənqidçi və ədəbiyyatşünas", "Müasirlik və sənətkarlıq uğrunda", "Süngüyə çevrilmiş qələm", "Ədəbi düşüncələr", "Nizami adına Azərbaycan ədəbiyyatı muzeyi", "Müxtəsər bələdçi", "Tənqid və ədəbi proses", "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı", "Təzə izlər sorağında", "Kamalın təntənəsi", "Müasirlərimiz bədii ədəbiyyatda", "Söz ürəkdən gələndə", "Mənalı ömürdən səhifələr. Firidun bəy Köçərli", "Roman və müasir qəhrəman", "Özümüzdən başlayaq", "Almaz İldırım", "Ölümsüzlüyün sirri" və s. kitabların müəllifidir.