PDF Oxu

Əsas

  • 19

Qarabağ danışıqlarında "Sankt-Peterburq" müəmması

Qarabağ danışıqlarında "Sankt-Peterburq" müəmması
Cənubi Qafqaz regionu ilə bağlı geosiyasi proseslərdəki dinamika artmağa başlayıb. Regional münaqişələrin həlli istiqamətində gedən proseslərdə, hələlik, ciddi dəyişikliklər baş verməsə də, görünən odur ki, Qərbin regionla bağlı məsələləri bir qədər arxa plana keçirməsi, Rusiyanın bölgə ilə bağlı maraqlarını daha aktiv şəkildə gündəmə gətirməsinə səbəb olub.
Məsələ ondadır ki, regionla bağlı maraqlarını təmin etmək üçün Ermənistandan oyuncaq kimi istifadə edən rəsmi Moskvanın Gürcüstanla münasibətlərindəki problemlər olduğu kimi qalsa da, münasibətlər əvvəlki kimi gərgin həddə deyil. Bununla belə Rusiyanın işğal etdiyi Gürcüstan ərazisində - Abxaziyada S-300 hərbi raket kompleks sistemini yerləşdirməsi məsələsinin gündəmə gəlməsi, nəinki Gürcüstan, ümumilikdə, region üçün təhlükəsizlik risqlərini artırır.
Son vaxtlar Rusiyanın regionla bağlı yürütdüyü siyasətdən aydın görünən məqamlardan biri isə rəsmi Moskvanın Azərbaycanla münasibətlərini daha da yaxınlaşdırmaq istiqamətində səylər göstərməsidir. Doğrudur, Rusiyanın bu səyləri daha çox özünün Azərbaycanda olan maraqlarına hesablanıb və bir çox hallarda iqtisadi xarakter daşıyır. Bununla belə siyasi müstəvidə də Rusiya Azərbaycanla hər hansı problem yaratmağa maraqlı görünmür. Baxmayaraq ki, Moskvanın Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yanaşması dəyişməyib. Eyni zamanda, ATƏT - in Minsk Qrupuna həmsədrlik edən digər iki ölkə ABŞ və Fransadan fərqli olaraq, problemin həllini tapmasına daha çox təsir etmək imkanı olan rəsmi Moskvanın proseslərlə bağlı ikibaşlı oyun aparması Azərbaycanda bu ölkəyə qarşı formalaşan rəylərdən təsirsiz ötüşmür. Xüsusilə də DQ münaqişəsinin nizamlanmasına dair aparılan son danışıqlar prosesində Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt - Peterburqda keçirilən görüşündən sonra Ermənistanın yenilənmiş Madrid təkliflərinin Rusiya prezidenti tərəfindən səsləndirilən "Sankt-Peterburq" təklifləri ilə əvəzlənməsi iddiası ilə çıxış etməsi siyasi analitiklər tərəfindən Ermənistanın əli ilə Rusiyanın danışıqlar prosesini pozmağa çalışması kimi şərh edildi. Buna əsas səbəb kimi isə, yenə də DQ münaqişəsi də daxil olmaqla, Rusiyanın MDB məkanındakı münaqişələri öz istədiyi şəkildə həll etmək istəyi göstərilir.
Regionla bağlı kifayət qədər məsələlərin ortaya çıxdığı və bölgədə təhlükəsizliyin təmin edilməsi ilə bağlı həssas məqamın yarandığı bir vaxtda Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana və Azərbaycana səfərlərinin planlaşdırılması diqqət çəkən məqamlardandır. Qeyd edək ki, Rusiya prezidentinin nə Ermənistana, nə də Azərbaycana gözlənilən səfəri protokol xarakterli səfər hesab oluna bilməz. Çünki indiki mərhələdə Rusiya prezidentinin region səfərinə Ermənistandan başlaması Ermənistanla Rusiya arasında son günlər hərbi əməkdaşlıq sazişinin uzadılması ilə bağlı müzakirələrin aktuallaşması ilə bağlı olsa da, Medvedevin gələn ay Bakıya gözlənilən səfəri bölgədəki proseslərin gələcək inkişafı baxımından daha böyük maraq kəsb edir. Çünki Ermənistandan fərqli olaraq xarici siyasətində balansı qoruyub saxlamağa maraqlı olan rəsmi Bakının Rusiyanın Azərbaycandan olan gözləntiləri müqabilində bu ölkədən DQ münaqişəsinin nizamlanmasına dəstək istəyi var. Onu da nəzərə alsaq ki, prezidentlərin Sankt-Peterburq görüşü Ermənistanın danışıqları pozmaq üçün bəhanə kimi istifadə etməsində müstəsna rol oynadı, bu baxımdan Bakıda Rusiya prezidentini bununla bağlı kifayət qədər ciddi suallar gözləyir. Artıq Azərbaycan rəsmiləri də öz bəyanatlarında yaranmış vəziyyətə ATƏT-in Minsk Qrupu həmsədrlərinin və həmsədr dövlətlərin rəhbərlərinin aydınlıq gətirməsinin vacibliyini önə çəkirlər. Bu baxımdan da Dmitri Medvedevin Bakı səfəri zamanı bu məsələyə hansı şəkildə yanaşma nümayiş etdirəcəyi də maraq doğurmaya bilməz.
Siyasi analitiklər isə DQ münaqişəsinin nizamlanması ətrafında hazırkı vəziyyətin olduğu kimi saxlanılması imkanlarının olmadığını bildirirlər. Ekspertlərin qənaətincə, Ermənistanın yenilənmiş Madrid təklifləri üzrə danışıqlardan yayınması bir tərəfdən Azərbaycanın məsələni yenidən beynəlxalq təşkilatlarda qaldırmaq yönündə diplomatik səylərini artırmağa, digər tərəfdən isə hər zaman gündəmdə saxladığı hərb variantını gündəmə gətirmək istiqamətində addımlar atması ilə müşayiət oluna bilər ki, regiondakı "forpostu" üçün belə bir təhlükənin yaranması Moskva üçün arzu olunan hal sayıla bilməz. Bu baxımdan da ekspertlər artıq Rusiyada da vəziyyətin olduğu kimi saxlanmasının mümkünsüzlüyünü anladıqlarını qeyd edirlər. Hesab olunur ki, istənilən halda rəsmi Moskva prosesin irəli aparılması üçün müəyyən addımların atılması ilə razılaşmalı olacaq. Bu baxımdan da Rusiya prezidentinin Bakı səfəri zamanı yenidən münaqişənin "2+5" formatında həllinə dair bəyanatların səsləndirilməsi də gözlənilə bilər.
Xatırladaq ki, yenilənmiş Madrid təkliflərində münaqişənin nizamlanması ilə bağlı birinci mərhələdə Azərbaycanın işğal olunmuş beş rayonunun azad olunması, daha sonra isə Laçın və Kəlbəcərin boşaldılması, məcburi köçkünlərin öz yerlərinə qayıdışını təmin edildikdən sonrakı 5-10 il müddətində DQ-in statusu məsələsinə baxılmasını nəzərdə tutur. Rusiya tərəfi isə birinci mərhələdə iki rayonun azad olunması təklifindən çıxış edir. Moskvada hesab edilir ki, işğal olunmuş ərazilərin boşaldılması tədricən baş verməlidir.

Digər xəbərlər