Azərbaycanda normal biznes mühiti yaradılıb
Dünyada yoxsulluğun səviyyəsinin artdığı, ərzaq təhlükəsizliyinin təmin edilmədiyi bir vaxtda Azərbaycanda yüksək iqtisadi uğurlara imza atılır. Son illər ölkəmizdə 25-35% civarında sürətli iqtisadi artıma nail olunub.
Bu, dünyanın əksər ölkələrinin orta inkişaf göstəricilərindən qat-qat yüksəkdir. "Səs" qəzetinə açıqlama verən iqtisadçı, millət vəkili Əli Məsimli bildirdi ki, neft kontraktlarının imzalanması ilə neft gəlirlərinin sürətlə artmasına imkanlar yarandı. Neft gəlirləri infrastrukturun inkişafına, sosial proseslərin tənzimlənməsinə, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş həmvətənlərimizin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirilməyə başladı.
Millət vəkili onu da qeyd etdi ki, Azərbaycanın bir çox regionlarında sosial xarakterli tədbirlər həyata keçirilib. Nəticədə, yoxsulluğun səviyyəsi azalmağa başladı. Bu, əlbəttə ki, irəliyə doğru atılmış müsbət addımdır.
Ə. Məsimli vurğuladı ki, Azərbaycanda keçid dövrü başa çatıb. Ölkənin sosial-iqtisadi həyatının, xüsusən, regionların inkişafının, insanların həyat səviyyəsinin, gündəlik qayğılarının yaxşılaşdırılması istiqamətində böyük əmək sərf olunub və xeyli işlər görülüb.
Azad iqtisadi zonaların yaradılmasına gəlincə isə, millət vəkili bildirdi ki, Azərbaycan üçün iqtisadi zonaların çox böyük əhəmiyyəti var və bu iqtisadi zonaların yaradılması ilə bağlı Azərbaycanda uzun illər geniş müzakirələr aparılıb. Amma indi Milli Məclis tərəfindən çox mükəmməl qanun qəbul olunub. Həmin qanunun əsasında azad və xüsusi iqtisadi zonaların konseptual əsaslarını işləyib hazırlamaq lazımdır və məqbul hesab olunan sahələrdə bu addımları atmaq vacibdir.
Ə. Məsimli qeyd etdi ki, hələlik, azad iqtisadi zonaların yaradılması Abşeronda həyata keçirilməsi daha məqsədəuyğun olardı. Sonra isə, Azərbaycanın digər regionlarında da xüsusi iqtisadi zonaların yaradılması istiqamətində işlər görmək vacibdir.
"Ölkə iqtisadiyyatına qoyulan investisiyalar ölkədə normal biznes mühiti yaradırmı" sualını cavablandıran millət vəkili vurğuladı ki, Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın 80%-i yerli sahibkarların payına düşür. Bu isə, ölkədə normal biznes mühitinin bir daha ortaya qoyulduğunu sübut edir. Ümumilikdə, Azərbaycanda biznes-investisiya mühiti kifayət qədər əlverişli və cəlbedicidir. Həmişə xarici investisiyalar daxili investisiyalardan çoxluq təşkil edib. Azərbaycanda iri layihələrin həyata keçirilməsinə görünməmiş miqdarda investisiya qoyuldu. İndi isə Azərbaycanda daxili investisiya 80%-ə gəlib çatıb.
Millət vəkili onu da qeyd etdi ki, son illər Azərbaycanda daxili investisiyaların payının artması qlobal maliyyə iqtisadi böhranı zamanı ölkəmizə dəyəcək zərbənin tamamilə qarşısını aldı. Daxili investisiyanın xeyli hissəsi dövlət vəsaitidir. Dövlət bir növ xüsusi sektora sifarişlər verdi və layihələr həyata keçirildi. Bu isə, iqtisadi fəallığa təsir göstərməklə qlobal maliyyə iqtisadi böhranından Azərbaycanı xilas etdi. Azərbaycanda iqtisadi fəaliyyətin çoxşaxəli inkişafı üçün kifayət qədər geniş potensial və zəngin ehtiyatlar mövcuddur.