Azərbaycanda orta tikinti müəssisələrində aylıq nominal əməkhaqqı 529,9 manata yüksəlib
Azərbaycanda makroiqtisadi mühit - ümumi daxili məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin aşkar şəkildə güclənməsi, ölkənin iqtisadi inkişafına zəmin yaradıb. Ölkənin iqtisadi inkişafında neft strategiyasının səmərəli istifadə olunması, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilən dövlət proqramları dövlət siyasətinin əsasını təşkil etməkdədir. Bunun nəticəsidir ki, iqtisadi və sosial sahələrinin inkişafını şərtləndirən amillərdən biri olan ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrdən əsas kapitala 4567,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 11,2 faiz çox vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən verdiyi məlumata görə, tikinti-quraşdırma işlərində istifadə edilən vəsaitin həcmi ümumi tikinti işlərində istifadə olunan vəsaitin 66,8 faizini təşkil edərək 3048,5 milyon manat həddindədir. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar inşaat işlərinə 2692,9 milyon manat, qeyri-dövlət müəssisələri 1874,5 milyon manat vəsait sərf etmişdir. Məhsul istehsalı obyektlərinin inşasında 2313,8 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 2253,6 milyon manat vəsaitdən istifadə edilib.
Cari ilin göstəricilərinə görə, iqtisadi sektorda islahatların genişləndirilməsi, qeyri-neft sektorunun sürətli inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması nəticəsində əsas kapitala yönəldilmiş vəsaitin 78,6 faizini daxili, 21,4 faizini isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil edir. Daxili mənbələrdən yönəldilən vəsaitlərin 71,6 faizi dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 28,4 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşür. 2010-cu il dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulmuş inşaat işlərini həyata keçirmək üçün büdcədən 3549 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. İlin yeddi ayı ərzində bu vəsaitin 1450,8 milyon manatından istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 51,9, bank kreditləri 5,4, büdcə vəsaitləri 33,8, büdcədən kənar fondların vəsaitləri 5,3, əhalinin şəxsi vəsaitləri 3,3, digər vəsaitlər isə 0,3 faiz təşkil etmişdir. Cari ilin yeddi ayı ərzində xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 976 milyon manat təşkil edərək əvvəlki ilin müvafiq dövründəkindən 37,4 faiz çox olmuşdur.
Ölkəmizdə digər sahələrin inkişafı ilə yanaşı, son illər tikinti-quraşdırma işləri də geniş vüsət alıb. Bütövlükdə, respublikamız böyük tikinti meydançasını xatırlatmaqdadır. Azərbaycanın dinamik iqtisadi inkişafı digər sahələr kimi tikinti sektoruna da təsirsiz ötüşməyib. Bu ilin birinci yarısında ölkənin inşaat bölməsində çalışan 59,2 min nəfərin orta aylıq nominal əməkhaqqı 496,2 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artıb. Respublikamızda həm inzibati, həm də yaşayış binalarının inşasının kütləvi hal alması iri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı 529,9 manata qədər yüksəlmişdir. Əməkhaqqı binaların tikintisi fəaliyyəti sahəsində əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,9 faiz, ixtisaslaşmış tikinti işlərində isə bir faiz müşahidə olunub.