"Vətən sərhədlərinin keşiyində"
Dünən Dövlət Sərhəd Xidmətinin Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində sərhəd qoşunlarınını yaradılmasının 91 illiyi münasibətilə keçirilən "Vətən sərhədlərinin keşiyində" adlı müsabiqənin qalibləri mükafatlandırıldı.
Dövlət Sərhəd Xidmətinin çoxşaxəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi, Vətənə, o cümlədən, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi prioritet istiqamətlərdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər xüsusi yer tutur. Hər il olduğu kimi, bu il də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının yaradılmasının ildönümü münasibəti ilə "Vətən sərhədlərinin keşiyində" mövzusunda bədii ədəbiyyat, tammetrajlı bədii filmin ssenarisi, təsviri sənət üzrə 3 nominasiyada və sərhədyanı kəndlərin orta məktəb şagirdləri arasında inşa yazıları elan etmişdi.
Müsabiqədə ölkəmizin professional həvəskar yazıçı və şairləri, rəssamları sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər sərhədyanı rayonların ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişlər. Müsabiqəyə təqdim olunan əsərlərin ən yaxşıları münsiflər heyəti tərəfindən seçilmiş və müxtəlif mükafatlara layiq görülmüşlər.
Tədbiri giriş sözü ilə açan Sərhəd Qoşunları Xidmətinin idarə rəisi Cəbrayıl Əliyev çıxış edərək, bildirdi ki, sərhəd qoşunlarının yaradılmasınını 91 illiyi böyük ruh yüksəkliyi ilə qarşılanır. Dövlət sərhədlərinin mühafizəsinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Bu münasibətlə hər il yaradıcılıq müsabiqələri keçirilir, o cümlədən, bədii filmlər, bədii ədəbiyyat üzrə, orta məktəb şagirdlərinin sərhəd xidmətləri ilə bağlı yazdıqları inşa yazıları, peşəkar rəssamların əl işləri, müxtəlif peşə sahiblərinin əsərləri yüksək qiymətləndirilərək, xüsusi mükafatlara layiq görülüb. İdarə rəisi müsabiqə qaliblərini təbrik edərək, onları yaradıcılıqlarında müvəffəqiyyələr arzuladı.
Sonra isə qaliblər müxtəlif nominasiyalar üzrə, o cümlədən, təsviri sənət üzrə Asif Rzayev, Cəmil Quliyev, bədii ədəbiyyat üzrə Ramiq Muxtar, Rza Əliyev, Südabə Əhmədov, Elşən Məmmədov və başqalarına pul mükafatları təqdim olundu.
Qeyd edim ki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin məsul katibi Fikrət Qoca, Azərbaycan Kinematoqrafçılır İttifaqının katibi Rasim Balayev və başqaları bildirdilər ki, müsabiqələr Dövlət Sərhəd Xidmətinin inkifaşının. Sərhədlərimizin qorunmasında göstərilən fədakar xidmətlərin tərənnüm edilməsində xüsusi rol oynayır, sərhədçi peşəsinə olan xüsusi rəğbət marağı artırır, Vətən sərhədlərinə böyük məhəbbət hissi aşılayır. Qeyd olunmuşdu ki, ölkəmizin çoxsaylı vətəndaşlarının öz yaradıcılıq duyğularını sərhədlərimizə, sərhəd mövzusuna yönəltməsinə, sərhəd və sərhədçilər haqqında fikir ifadə etməyə çalışması böyük bir uğurdur. Sonra isə müsabiqə qaliblərini təbrik edərək, onlara sənət uğurları arzuladılar.
Tədbirin sonunda müsabiqənin qalibləri xatirə şəkilləri çəkdirdilər.