ATXƏM-in Özbəkistanda nümayəndəliyi açılacaq
"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin (ATXƏM) Özbəkistanın paytaxtı Daşkənd şəhərində nümayəndəliyi yaradılmışdır. Bu barədə dünən ATXƏM-in mərkəzi ofisində təşkil olunmuş mətbuat konfransında İctimai Birliyin sədri İlham İsmayılov məlumat vermişdir.
ATXƏM-in sədri İlham İsmayılov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, indiyə qədər gördüyü işlər barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, ATXƏM türkdilli xalqlar arasında elmi-mədəni inteqrasiyanı qarşıya məqsəd qoymuşdur. Bu məqsədlə İctimai Birlik türkdilli xalqlarla yaxından əməkdaşlıq edir, müxtəlif sahələrdə əlaqələr qurur. Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası (AMMA) ilə əməkdaşlığa gəlincə, İlham İsmayılov bildirmişdir ki, bundan sonra həmin qurumun sədri Akif Ağatalıbov həm də ATXƏM-in Özbəkistandakı təmsilçisi kimi fəaliyyət göstərəcəkdir. Həmçinin o, ATXƏM-in Orta Asiya respublikaları üzrə əlaqələndiricisi rolunu oynayacaqdır. Sentyabrın 26-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində ATXƏM-in ofisinin açılış mərasiminin keçiriləcəyi qeyd edilmişdir.
Mətbuat konfransında İctimai Birliyin sədri rəhbərlik etdiyi qurumun gələcək planları barədə də danışaraq bildirmişdir ki, yaxın aylarda həm Türkiyədə, həm də Avropa ölkələrində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra konfrans və toplantıların keçirilməsi nəzərdə tutulur.
Tədbirdə çıxış edən AMMA-nın sədri Akif Ağatalıbov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, mərkəzin əsas fəaliyyəti Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Bu məqsədlə mərkəzin Orta Asiyada yaşayan azərbaycanlıları bir yerə topladığını deyən Akif Ağatalıbov soydaşlarımızın da bu prosesdə fəal olduqlarını vurğulamışdır. Akif Ağatalıbov ATXƏM ilə əməkdaşlıqdan məmnunluğunu ifadə etmiş və bildirmişdir ki, hər iki təşkilatın səyi nəticəsində Azərbaycanın haqq səsi daha uzaqlara yayılacaqdır. Akif Ağatalıbov Özbəkistan və Qazaxıstandan fərqli olaraq digər Orta Asiya respublikalarında diasporumuzun o qədər də fəal olmadığını söyləmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Elnar Məmmədov həm Özbəkistandakı AMMA-nın, həm də ATXƏM-in fəaliyyətinin qənaətbəxş olduğunu bildirmiş və hər iki təşkilatın Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə layiqincə çatdırdığını demişdir. E.Məmmədov əmin olduğunu vurğulamışdır ki, bu iki təşkilat arasında qurulan əməkdaşlıq daha uğurlu nəticələrin əldə olunmasına gətirib çıxaracaqdır.